Cəmiyyət (16-06-2016, 14:17)
Komitə sədri həmməruzəçilərlə görüşüb
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.
Mediatv.az-a komitədən verilən məlumata görə, görüşdə Azərbaycandakı dini vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb və qonaqları maraqlandıran suallar cavablandırılıb.
Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" qanunla tənzimlənir və dini etiqad azadlığı təminat altındadır. O qeyd edib ki, Azərbaycanda dini durum sabitdir, müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərir. Azərbaycanda din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən insanların dini ibadətlərini sərbəst həyata keçirdiklərini nəzərə çatdıran komitə sədri ölkədə məscid, sinaqoq və kilsələrin insanların ixtiyarına verildiyini, ibadət evlərinin bir qisminin təmir və bərpasının hökumət tərəfindən həyata keçirildiyini deyib. M. Qurbanlının sözlərinə görə, bu gün Azərbaycanda 13 kilsə (pravoslav, Alban-Udi və katolik), 7 sinaqoq, 4 gürcü kilsəsi fəaliyyət göstərir, hətta Ermənistanın işğalçılığına baxmayaraq, Bakıda erməni kilsəsi qorunub saxlanılır.
Həmməruzəçi Sezar Florin Preda Komitə sədrinə qəbula görə təşəkkürünü bildirərək Azərbaycandakı dini vəziyyət, dövlət-din münasibətləri, konfessiyalararası münasibətlərin vəziyyəti, qeyri-hökumət təşkilatları ilə əlaqələr və digər maraq doğuran məsələlər barədə fikirlərini bildirib.
Yekunda M. Qurbanlı ingilis və Azərbaycan dillərində nəşr olunmuş “Azərbaycanın seçilmiş İslam abidələri” kitabını qonaqlara təqdim edib.
Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin katibi Delfin Freyman, Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi şəxsləri iştirak ediblər.