Siyasət / Slayd (6-05-2014, 19:56)
Vasif Talıbovdan ilginc kadr islahatı
“Axar.az”ın etibarlı mənbədən aldığı məlumata görə, Naxçıvan Muxtar Respublikasında Baş nazirin üçüncü müavini vəzifəsinə “Dizayn Holdinq”in hazırki rəhbəri İlqar Sadiqovun gətirilməsinə hazırlıq işləri gedir.
Mənbə bildirir ki, hələ bu bərədə rəsmi məlumat olmasa da, bir neçə gün ərzində Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayacaq.
İlqar Sadiqov 2006-cı ildən “Dizayn Holdinq”in rəhbəri vəzifəsini daşıyır. O, 2009 və 2014-cü illərdə prezident İlham Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. “Dizayn Holdinq” həm də Naxçıvanda məşhur Bayraq meydanının tikintisi ilə məşğul olan şirkətdir. Şirkət Naxçıvanda bundan başqa bir çox geniş lahiyələrə imza atıb.
Xatırladaq ki, Naxçıvanda Baş nazirin sabiq üçüncü müavini Məmməd Abbasov 2013-cü il fevralın 4-də gözlənilmədən tutduğu vəzifədən azad olunmuşdu. Bu günə qədər onun yerinə yeni şəxs təyin olunmayıb.