Siyasət / Slayd (6-05-2014, 14:37)
ANS niyə hədəfdə?
Aynur Elgünəş
Hacıbala müəllimin sözü olmasın, doğma Bakımızın gülə büründüyü günlərdə Gülər Əhmədova azadlığa çıxdı və ilk kəz ANS-də göründü. Allah heç kimi qəfəsə salmasın. Xüsusilə günahsızları. Və nə yazıq ki, həbsxana günahsızlarla doludur. Hətta son zamanlar barmaqlıqlar arasına necə axın başlayıbsa, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” sərəncam da imzalanıb.
Mövzuya qəfil keçid edib deyim ki, həbsxanalardan yox, ANS-dən danışmaq istəyirəm. Son zamanlar bu kanalın başı üzərindən qara buludlar əskik olmur. İctimai sektorun kanala hücumundan sonra indi də aparıcısı ilə avtoxuliqanlar arasında problem yaranıb. Gec də olsa olaya bir-iki kəlmə ilə müdaxilə edəcəm...
Çoxuna görə, indiyədək patriotluq edən kanalın birdən-birə erməni musiqisinə yer verməsi, “xalq diplomatiyası”ndan dəm vurması yolverilməzdir, mütləq arxasında məqsədlər var. “Başına gələn başmaqçı olar” deyimini əsas götürüb deyirəm ki, hər kəs dəyişə bilər. Məsələn, 2007-ci ildə çalışdığım qurum sülhpərvər layihələrdə iştirak edirdi deyə bir qrup gənc aksiya keçirib, ofisimizə sabunla kəndir gətirmişdi.
Hazırdasa həmin şəxslər aktiv sülhpərvərlərdi. Bu baxımdan ANS-in qəfil dönüşü məndə təəccüb yaratmadı. Sadəcə mən bu dönüşün səmimiliyinə inanmıram.
Ümumiyyətlə, “Qafqazın top -20 mahnısı” adı altında musiqilər səsləndirib, erməni mahnılarını verməmək qərəzlilikdən başqa bir şey deyil. İstəsək də, istəməsək də, bu millət Qafqazda yaşayan böyük xalqlardan biridir və öz mədəniyyəti var. Mədəniyyət isə düşmən tanımır.
Bu məsələdə Milli Televiziya və Radio Şurasının həşir qoparması yersizdir və şəxsiqərəzliliyinin göstəricisidir. Sanki ANS-ə olan kinini püskürmək üçün məqam gəzib. Mənə görə, Akif Nağı, Fərəc Quliyev, Qüdrət Həsənquliyev kimi vətənpərvər olmaq Qarabağı bizdən daha da uzaqlaşdırmaqdan başqa bir şey deyil. Heç erməni musiqisi səsləndirmək də sülhpərvər olmaq anlamına gəlməz.
Mirşahin Ağayev də açıqlamalarında dolayısı ilə bunu dedi. Ona görə “dolayısı” ilə deyirəm ki, onun danışdıqlarının hamısı dolaşıq olur. Hətta dedi ki, indi onları qınayanlar ANS-in verilişləri ilə böyümüş adamlardır.
Tamamilə haqlıdır. Hamımız ANS-in xəbərləri, verilişləri ilə böyümüşük. Onun qərəzsiz, obyektiv olduğuna inanmışıq. Ta o vaxta qədər ki, ANS rəhbərliyi biznesə qoşuldu və öz obyektivliyini və dürüstlüyünü satışa çıxardı. Bununla da cəmiyyətdəki yerini itirdi. Artıq saatların əqrəbi ANS-i göstərmir. Amma toxunduğu bütün məsələlərdə ANS saatlarının arxasından görünür. Xüsusilə iş adamlarının və məmurların üstünə gedəndə. Məsələn, bir nazirin, yəni Azad Rəhimovun bizneslə məşğul olması nə qədər yolverilməzdirsə, bir media qurumunun da bizneslə əlaqələndirilməsi o qədər utancverici haldır. Onu haqlı olduğu məsələlərdə belə haqsız duruma salır, şəxsi istəklərinin fonunda çıxış etdiyini göstərir.
ANS yetkililəri açıqlamalarında, süjetlərində bunu nə qədər inkar etsə də, fakt dəyişməz qalır. Hətta bazar elementləri belə telekanalın efirinə yol tapır. Tutaq ki, ANS rəhbərinin müşaviri, təkcə yaşına görə deyil, həm də məsələlərə münasibətinə görə çoxdan pensiya yaşı çatmış Mais Məmmədov efirə çıxıb soğan-kartofdan danışır, yaxud da etiraz edənlərə “bəyənməyənlər gedib su içsin” mesajını göndərir. Bu isə, ilk növbədə” kanalın tamaşaçısına hörmətsizliyidir.
Yəni, dediyim odur ki, cəmiyyəti qıcıqlandıran təkcə erməni musiqisi səsləndirmələri, patriotluq edən adamların qəfil dəyişmələri deyil. İnsanlar sadəcə bu şirkətin manevrlərindən, yalnız özünə sərf edən variantlardan yararlanmasından iyrənib. Onlar illər öncə itirdikləri kanalı yenidən televizorlarının dalğasında tutmaq istəyirlər.
Və nə qədər ki, biznes marağı peşə marağını üstələyəcək, ANS hədəfdə olacaq.