Siyasət / Slayd (13-04-2014, 12:32)
“BMT Təhlükəsizlik Şurası dünya üçün təhlükədir”- FAZİL MUSTAFA
Postsovet ölkələrinin hamısının ərazisi BMT-də qeydiyyatdan keçsə də, bu qurum kiminsə sərhədlərinin təhlükəsizliyinə təminat verəcək qabiliyyəti hələ ki, nümayiş etdirə bilməyib”. Bu fikir millət vəkili Fazil Mustafaya məxsusdur. Hafta.az xəbər verir ki, onun sözlərinə, BMT üzərinə düşən funksiyanı yerinə yetirə bilməməklə yanaşı, ayrıca təhlükə mənbəyidir:
“BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərdən bəziləri kiçik dövlətlər üçün özləri təhlükə mənbəyinə çevrilməkdədirlər. ABŞ-ın Yaxın Şərqdə etdikləri, Rusiyanın Azərbaycana, Gürcüstana, Moldovaya və ən nəhayət Ukraynaya qarşı açıq işğalçılıq hərəkətləri kimsəni rahatsız etmir ki, artıq dünyaya əsas təhlükələr BMT Təhlükəsizlik Şurasından gəlir. Xəritəmizin küncünə ABŞ və ya Böyük Britaniya möhürünü vurmadığından hələ ki, ərazimizin mübahisə mövzusuna çevrilmə təhlükəsi deyəsən uzun illər qalacaqdır. Onsuz da ötən əsrin 90-cı illərindən Azərbaycan müstəqilliyə yaralı vəziyyətdə girib. Canımızdan, bədənimizdən Qarabağı qoparıb almışdılar.
İndi iyirmi iki illik fasilədən sonra Rusiya eyni “köntöy” üslubu ilə üzərimizə qayıdır. Keçici bir dövr yaralanmış ayının pəncəsindən qurtulmamız üçün bəlkə də tək seçənəyimiz vaxtilə Şirvanşah İbrahimin hər şeyi dağıdıb-sovuran Teymurun qəzəbini soyutmaq üçün atdığı orijinal addımlar olacaq. Çünki NATO da, Avropa İttifaqı da bizdən öncə qapıda duranları əlavə yük olaraq götürmür. Ukrayna işğal olunur, onu belə sıralarına almağa tələsmirlər”.
Qeyd edək ki, ictimaiyətdə səslənən fikirlərə görə, Krımı referendum yolu ilə özünə birləşdirən Rusiya, eyni addımı digər ölkələrə qarşı, o cumlədən Qarabağ məsələsində Azərbaycan üçün də ata bilər.