Siyasət / Slayd (Dünən, 07:19)
“Gördük ki, eyni nömrə bir neçə maşına yapışdırılır”
Mediatv.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində İranla münasibətlərdən danışarkən deyib.
“Ondan sonra da həm gülməli, həm də ağlamalı hadisələr baş verdi. Saxta erməni maşın nömrələrini İran yanacaqdaşıyan yük maşınlarının üzərinə yapışdırmaqla sanki bu, Ermənistan maşınlarıdır. Amma onların üzərində farsca yazılar da var idi. Bu, bizi çox təəccübləndirdi. Özü də biz araşdırmağa başladıq. Gördük ki, eyni nömrə bir neçə maşına yapışdırılır, yəni, nömrə eyni, maşınlar fərqli idi. Yəni, bu saxtakarlığı da o qədər səliqəsiz etmişdilər ki, adam, vallah, söz tapa bilmir. Ondan sonra biz artıq bir maşını saxladıq, sürücülər saxlanıldı və biz gördük ki, onların yol sənədlərində yazılıb ki, Stepanakert, Ermənistan. Yəni, bu, açıq bizim ərazi bütövlüyümüzə, suverenliyimizə hörmətsizlik idi.
Ondan sonra bizə qarşı o məlum hədə-qorxu addımları, təlimlər, bəyanatlar, hədələr başlamışdı. Biz də adekvat addımlar atdıq. Bizim sərhədimizdə əgər hər hansı bir təlim, hərbi təlim keçirilirsə, biz də Azərbaycan-İran sərhədinin bu tərəfində eynisini etdik. Yəni, göstərdik ki, biz heç kimdən qorxmuruq və haqlı olan tərəf bizik. Bu, eyni zamanda, mətbuatda həmin o təhqir kampaniyası ilə müşayiət olunurdu. Çünki bu, görünür, bəzi hakim dairələrin belə iş üslubudur. Əslində, təhqir gücsüzlüyün rəmzidir. Sən əgər nəyəsə çata bilmirsənsə, - yəni, mən ədəbsiz olan insanları nəzərdə tuturam, - təhqirə keçirlər. Yəni, təhqir edən, əslində, özünü təhqir edir.
Ondan sonra İran tərəfindən məsələnin tənzimlənməsi və sair xəbərlər gəldi” - dövlət başçısı bildirib.