Siyasət / Slayd (7-11-2024, 12:16)
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
“Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni, dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.
Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli Lideri
“Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq”.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı nitqindən
Bu günlərdə müstəqil dövlətçilik tariximizdə xüsusi və olduqca mühüm yer tutan hadisənin, yəni, hüquq sisteminin özəyini təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin növbəti ildönümü qeyd olunur. İyirmi doqquz il bundan öncə, 1995-ci il noyabrın 12-də müstəqillik, suverenlik, demokratiya və dünyəvilik kimi dəyərləri bəyan edən ölkəmizin Əsas Qanunu qəbul edilib. Ölkə Konstitusiyasının qəbul edilməsi dövlət müstəqilliyinin ilk illərində əldə edilən ən mühüm nailiyyətlərdən biri olaraq, həmçinin ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində yeni mərhələnin əsasını qoydu.
Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun ildönümünün Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbə şərəfinə təsis edilmiş Zəfər Gününə yaxın günə təsadüf etməsi bu önəmli tarixi daha da əlamətdar edir.
Eyni zamanda, bu il Konstitusiya Günü 2024-cü ilin ən mühüm hadisələrindən biri olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ərəfəsinə təsadüf edir. Əminliklə bildirmək olar ki, ölkəmizin ev sahibliyi etdiyi COP29 kimi mötəbər tədbir dünyada iqlim dəyişmələri ilə bağlı məsələlərin həll edilməsində yeni yanaşmaların tətbiqinə və müxtəlif maraqlı tərəflər arasında səmərəli əməkdaşlığa əlverişli imkan yaradacaq.
Məlum olduğu kimi, 2024-cü il ölkəmiz üçün olduqca mühüm ictimai və siyasi əhəmiyyət kəsb edən hadisələrlə zəngindir. Bu ildə ölkənin siyasi həyatının ən mühüm hadisələrindən biri növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi oldu. Bu seçkilər müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilmişdir. Eyni zamanda, cari il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər baş tutdu. Bu parlament seçkiləri də ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində keçirilmişdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin nəticələrinin yoxlanılması və təsdiqinə dair” 2024-cü il 21 sentyabr tarixli Qərarı ilə 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 16 sentyabr tarixli protokolu və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğun hesab edilib və seçkilərin nəticələri təsdiq edilib.
Qeyd edilməlidir ki, hər bir dövlətin mövcudluğu və inkişafı dövlət hakimiyyətinin təşkilinə dair təməl konstitusiya prinsiplərinin varlığı ilə şərtləndirilir. Belə ki, istənilən hüquqi dövlətin Əsas Qanunu bu əsas prinsipləri müəyyən edərək, insan hüquqları və azadlıqları, hakimiyyətlərin bölgüsü, digər bir sıra mühüm demokratik dəyərləri özündə ehtiva edir. Dövlətin Konstitusiyası, eyni zamanda, vacib ideoloji funksiyanı da həyata keçirir. Bu baxımdan Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra hüquqi dövlət quruculuğu ilə bağlı lazımi tədbirlərin həyata keçirilməsi, ən əsası isə demokratik dəyərlərə əsaslanan ölkənin yeni Əsas Qanununun qəbul edilməsi zərurətə çevrilmişdi. Lakin müstəqilliyin ilk illərində ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, siyasi qeyri-sabitlik, eyni zamanda, vahid siyasi iradənin olmaması və bununla da dövlət müstəqilliyi üçün təhdidlərin mövcud olması Konstitusiyanın qəbulu kimi vacib vəzifənin reallaşdırılmasını qeyri-mümkün etmişdi.
Sözsüz ki, o zaman ölkəni mövcud olan ağır vəziyyətdən yalnız Ulu Öndər Heydər Əliyev kimi güclü, xalqına bağlı olan lider xilas edə bilərdi. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli çağırışlarına cavab verərək hakimiyyətə geri qayıtmış, xalqımızın tarixinə milli dövlətçiliyin xilaskarı kimi daxil olmuşdu. Ən çətin zamanlarda Azərbaycan xalqının yanında olan dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev özünün həyat fəlsəfəsi ilə bağlı belə deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Ölkə rəhbərliyinə yenidən qayıdan Ulu Öndər Heydər Əliyev öz müdrik və uzaqgörən siyasəti nəticəsində milli dövlətçilik ideyasının realizəsinə, müasir müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsinə nail oldu. Azərbaycan dövləti öz dahi liderinin rəhbərliyi ilə tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Dövlət və cəmiyyət həyatının bir sıra sahələrini əhatə edən hərtərəfli və genişmiqyaslı islahatlar həyata keçirilməyə başlandı. Bu islahatların həyata keçirilməsinə əsas yaradan qanunvericilik bazasının, ilk növbədə isə ölkənin yeni Konstitusiyasının hazırlanaraq qəbul edilməsi qarşıda duran ən vacib məsələlərdən biri idi.
Bununla da, Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 2 may tarixli 1048 saylı qərarı ilə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 34 nəfər üzvdən ibarət tərkibi təsdiq olundu. Yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 1995-ci il iyunun 5-də ilk iclası keçirilmiş və həmin iclasda geniş nitq ilə çıxış edən Ümummilli Lider Heydər Əliyev dövlətimizin konstitusiya quruculuğu tarixinə toxunaraq qeyd etmişdir ki, müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsinin hazırlanması respublikamızın tarixində böyük bir hadisədir. Eyni zamanda, həmin çıxışında Konstitusiya layihəsinin ideya rəhbəri və müəllifi olan Ulu Öndər Heydər Əliyev yeni Konstitusiyanın mahiyyətinə aydınlıq gətirmişdir: “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
Yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 1995-ci il noyabrın 10-da keçirilən iclasdakı çıxışında isə Ulu Öndər Heydər Əliyev qeyd etmişdir: “Bu Konstitusiya layihəsinin ən əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının tam müstəqilliyini təmin edir, ölkəmizin ərazi bütövlüyünü təmin edir, Azərbaycan xalqının hüquqlarının toxunulmazlığını təmin edir, vətəndaşlarımızın hər birinin hüquqlarının qorunmasını təmin edir və Azərbaycan xalqının, respublikamızın bölünməzliyini, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir”.
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından ibarət olmaqla 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmiş, 1995-ci il noyabrın 27-dən isə qüvvəyə minmişdir.
Ölkənin Əsas Qanununun milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
12 noyabr - Konstitusiya Günü münasibətilə Azərbaycan xalqına təbrikində Ümummilli Lider Heydər Əliyev qeyd etmişdir: “Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir”.
Vurğulanmalıdır ki, dövlətimizin müstəqillik tarixinin ən mühüm hadisələrindən olan Əsas Qanunun hazırlanaraq qəbul edilməsi məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyinin nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Liderin müstəqil dövlət quruculuğu istiqamətindəki irsinə yüksək qiymət verərkən xüsusilə qeyd edib: “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə həm dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları qoyuldu və bu gün də ölkəmizin əsas ideoloji şüarı Azərbaycançılıq məfkurəsidir. Məhz Heydər Əliyev tərəfindən qoyulan bu əsaslar bu gün Azərbaycan xalqına yol göstərir”.
Dövlətçiliyimizin möhkəmləndirilməsi, eyni zamanda, dünya birliyində ölkəmizin nüfuzunun daha da artması baxımından olduqca əhəmiyyətli ictimai-siyasi hadisə olan Konstitusiyanın qəbulu şübhəsiz ki, ölkənin hərtərəfli inkişafında yeni mərhələyə - dövlət siyasətinin mərkəzində məhz insanın, onun hüquq və azadlıqlarının, həmçinin hüquqi dövlət dəyərlərinin olması ilə xarakterizə edilən mərhələyə qədəm qoyulmasının bariz göstəricisi idi.
Bütün qanunvericilik sisteminin əsasında durmaqla, Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya ölkədə siyasi sabitliyin təminatı qismində çıxış edərək, eyni zamanda, hüquqi-siyasi münasibətlər sisteminə mühüm təsir göstərir. Əsas Qanun dövlət quruluşunun əsaslarını, siyasi sistemin təşkili prinsiplərini, hakimiyyətlərin bölünməsini, hakimiyyət orqanlarının təşkilini, səlahiyyətlərini və fəaliyyət qaydalarını, şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin hüquqi çərçivələrini müəyyən edir, insan hüquqları və azadlıqlarının təmin edilməsi ilə bağlı mühüm mexanizmləri tənzimləyir.
Konstitusiya ən mühüm ictimai münasibətlərin normativ modelini özündə ehtiva etməklə müxtəlif ictimai institutlar arasındakı funksional münasibətləri müəyyən edir. Dövlət quruculuğu ilə bağlı müasir doktrinal yanaşmalara əsaslanan və dövlətin hüquq sisteminin bünövrəsi olan Əsas Qanun siyasi, iqtisadi və sosial münasibətlər sisteminin təməl prinsiplərini müəyyən edir, həmçinin sosial ədalət prinsipinin həyata keçirilməsini təmin edir.
Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlərin bəyan edilməsi Konstitusiyanın mütərəqqi dəyərlərini əks etdirir.
Əsas Qanunda müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edilib. Belə ki, Konstitusiyada dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, ümumbəşəri dəyərlərə sadiqlik və digər dəyərlər öz əksini tapmışdır.
Eyni zamanda, Əsas Qanun konstitusiya quruluşunun ən mühüm başlanğıcı kimi xalq hakimiyyətini bəyan edir, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi kimi Azərbaycan xalqını elan edir, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir.
Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi müəyyənləşdirilməsi, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumağın qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi olmasının təsbit edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, onun birbaşa göstəricisidir ki, insan amili, onun hüquqları və azadlıqları Konstitusiyanın əsas diqqət mərkəzində durur.
Şübhəsiz ki, istənilən hüquqi dövlətdə insan hüquq və azadlıqlarının tanınması və eyni zamanda, bu hüquq və azadlıqların təminatı mexanizmlərinin mövcudluğu müstəsna əhəmiyyət kəsb edən məsələlərdəndir. Bu baxımdan Konstitusiyada insan və vətəndaş hüquqları və azadlıqları, onların realizəsinin ümumi mexanizmləri olduqca geniş şəkildə təsbit edilib. Xüsusi olaraq vurğulanmalıdır ki, Əsas Qanunda həmin hüquqlar və azadlıqlar hər kəsin doğulduğu andan malik olduğu ali dəyərlər kimi ifadə edilir və onlar toxunulmaz, pozulmaz və ayrılmaz elan olunur. Konstitusiyanın ən böyük fəsli də məhz bütünlüklə əsas insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edilib. Həmin fəsildə hüquqi dövlətdə təmin edilməsi zəruri olan əsas hüquq və azadlıqlar, onların təmini mexanizmləri, habelə ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq, qanuni məhdudlaşdırılmasının yol verilən hədləri nəzərdə tutulmuşdur.
Əsas Qanunda, həmçinin Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafının müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət etdiyi, dövlətin bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaratması, azad sahibkarlığa təminat verilməsi və digər bir sıra mühüm müddəalar öz əksini tapmışdır.
Nəzərə alınmalıdır ki, dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində vəziyyət dəyişdikcə və buna paralel olaraq ictimai münasibətlər inkişaf etdikcə, öz hüquqi təbiətinə görə kifayət qədər sabit normativ-hüquqi akt olan Konstitusiyanın da müəyyən müddəalarının təkmilləşdirilməsi, müvafiq əlavələrin və dəyişikliklərin edilməsi zərurəti meydana çıxıb. Məhz belə zərurətdən irəli gələrək 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar nəticəsində ölkənin Əsas Qanununa bir sıra mühüm əlavələr və dəyişikliklər edilmişdir. Dövrün çağırışlarını özündə ehtiva edən bu islahatlar hüquqi dövlət dəyərlərinin bərqərar olması, insan hüquq və azadlıqlarının daha da etibarlı və səmərəli müdafiəsi kimi məqsədlərə xidmət edib.
1995-ci ildə Konstitusiyanın qəbulu ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə yol açıb. Qeyd edilməlidir ki, məhkəmə hakimiyyəti, eyni zamanda, onun hüquqi dövlətdə rolu və yeri ilə bağlı başlanğıclar Əsas Qanunda təsbit edilən konseptual əsaslardan irəli gəlmişdir. Konstitusiyada hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ehtiva edilib, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələrin hər bir hüquqi dövlətdə olduğu kimi məhkəmələrin həll etdikləri təsbit edilib.
Konstitusiyanın qəbulundan sonra, 1998-ci ildə ilk dəfə olaraq ali konstitusiya ədalət mühakiməsi orqanı - Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başlamışdır. Ümummilli Lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə yaradılmış və artıq 26 il fəaliyyət göstərən Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etməkdən, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.
Fəaliyyət göstərdiyi ötən illər ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 583 qərar və 168 qərardad qəbul edilib. Bu qərar və qərardadlarda əksini tapan hüquqi mövqelər dövlətin Əsas Qanununun aliliyinin təmin olunmasına, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xidmət edir. Qeyd edilməlidir ki, digər illərdə olduğu kimi, 2024-cü ildə də Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən bir sıra mühüm qərar və qərardadlar qəbul edilib. 2024-cü ildə qəbul edilmiş qərarlardan və orada formalaşmış hüquqi mövqelərdən bəziləri xüsusi olaraq vurğulanmalıdır.
Belə ki, Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin IV və VI hissələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2, 84.1 və 170-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” 2024-cü il 6 may tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 17-ci maddəsinə istinad edərək qeyd edib ki, Konstitusiyanın 17-ci maddəsinin IV hissəsindən irəli gələrək “uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi” Cinayət Məcəlləsinin 22-ci fəslində müvafiq olaraq ayrıca cinayət əməlləri kimi nəzərdə tutulmaqla yanaşı, bir sıra digər cinayət tərkiblərində tövsifedici əlamət (məsələn, Məcəllənin 114.2, 283-1.2-ci və s. maddələri) formasında təsbit edilmiş, habelə müvafiq hallarda cəzanı ağırlaşdıran hal kimi nəzərə alınması müəyyən edilmişdir.
Qərarda, həmçinin qeyd edilib ki, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan şəxslərin cinayət törətməyə cəlb olunmasının Cinayət Məcəlləsinin 61.1.5-ci maddəsi ilə ağırlaşdırıcı hal olaraq nəzərdə tutulması həmin Məcəllənin 170-ci maddəsində əks olunmuş “yetkinlik yaşına çatmayan” ifadəsinin yalnız cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatan şəxsləri ehtiva etməsi kimi qiymətləndirilə bilməz.
Konstitusiya Məhkəməsinin Plenumu vurğulayıb ki, cinayətkar fəaliyyətə cəlbetmə Cinayət Məcəlləsinin 170.1-ci maddəsinin dispozisiyasında göstərilmiş üsullardan (aldatma, vədlər vermə, hədə-qorxu) və 170.3-cü maddədə göstərilən “zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə” kimi tövsifedici əlamətlərdən fərqli üsullarla həyata keçirilə bilər ki, (məsələn, qisas və ya paxıllıq hissinin oyadılması, cinayətkar həyat tərzinin romantikləşdirilməsi və s.) bu zaman 170-ci maddə üzrə cinayət tərkibi yaranmadığından, şəxs müvafiq cinayət əməlinə görə məsuliyyətə cəlb edilərkən Cinayət Məcəlləsinin 61.1.5-ci maddəsinin tətbiqi mümkün olacaqdır.
Qərarda o da qeyd edilib ki, Cinayət Məcəlləsinin 170-ci maddəsində təsbit edilmiş əməl hər bir halda onu törədən şəxsin fiziki və ya psixoloji təsir ilə müşayiət olunan aktiv hərəkətləri nəticəsində və təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayana qarşı törədilir. Yetkinlik yaşına çatan şəxsin yetkinlik yaşına çatmayanla birlikdə cinayət əməlinin törədilməsində iştirak etməsi faktı isə özü-özlüyündə həmin Məcəllənin 170-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratmır.
Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, Konstitusiyanın 17-ci maddəsinin IV və VI hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Cinayət Məcəlləsinin 170-ci maddəsində əks olunan “yetkinlik yaşına çatmayan” ifadəsi cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatıb-çatmamasından asılı olmayaraq, 18 yaşına çatmayan hər bir şəxsi ehtiva edir.
Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi və 71-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442, 443, 444, 445, 447 və 449-cu maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” 2024-cü il 25 iyun tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, Konstitusiyanın 60-cı maddəsinin I və IV hissələrinə, 71-ci maddəsinin I hissəsinə istinad edib.
Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşan hüquqi mövqelərə istinad edərək qeyd edib ki, məhkəmə nəzarətinin həyata keçirilməsinin cinayət prosesinin bu və ya digər mərhələsi ilə məhdudlaşdırılması cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının təmin edilməsi və cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının müdafiəsi baxımından yolverilməzdir. Əks yanaşma, yəni, məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur.
Məhkəmə nəzarəti qaydasında qəbul edilən qərarın işə mahiyyəti üzrə baxan məhkəmənin fəaliyyətinə təsir etməsi (müdaxilə etməsi) ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, hər iki icraat predmet, məqsəd və vəzifələrinə görə fərqlənərək müstəqil icraat növləri kimi çıxış edirlər. Belə ki, cinayət işinə mahiyyəti üzrə baxan məhkəmənin əsas funksiyası ədalət mühakiməsinin həyata keçirilməsi çərçivəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirli və ya təqsirsiz olmasının müəyyən edilməsindən ibarətdir. Məhkəmə nəzarəti funksiyasının həyata keçirilməsinə dair materiallara baxan məhkəmə isə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmiş şəxsin gətirdiyi dəlillər əsasında müvafiq araşdırma nəticəsində təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyini yoxlayır.
Bu Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticələrə gəlib ki, Konstitusiyanın 60-cı maddəsinin I hissəsi və 71-ci maddəsi baxımından məhkəmə nəzarəti cinayət mühakimə icraatı üzrə məhkəməyədək icraat mərhələsi ilə məhdudlaşmayaraq, cinayət işlərinə mahiyyəti üzrə baxılması Cinayət-Prosessual Məcəlləsinin 442-454-ci maddələri üzrə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsini istisna etmir.
Məhkəmə nəzarəti qaydasında icraat və cinayət mühakimə icraatı fərqli və müstəqil icraat növləri olduğundan cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti qaydasında şikayətin verilməsi müvafiq cinayət mühakimə icraatına müdaxilə kimi qiymətləndirilə bilməz. Digər qərar, Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi ilə əlaqəli şəkildə şərh olunmasına dair” 2024-cü il 1 oktyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə istinad etmişdir.
Bu Qərarda Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsində göstərilmiş hərəkətlərə istinad edərək qeyd edib ki, həmin hərəkətlərin icra edildiyi halda şəxsin cinayət məsuliyyətindən azad edilməsinin səbəbi, bu hərəkətlərin icrası nəticəsində cinayət əməlini törətmiş şəxsin şəxsiyyətinin və ya onun törətdiyi əməlin öz ictimai təhlükəliliyini itirməsi ilə deyil, şəxsin törətmiş olduğu əmələ tənqidi münasibətinin yaranması, cinayət təqibi orqanlarının aşkar etmə ehtimalı çox az və ya belə ehtimalın olmadığı halda narkotik vasitələrin aşkarlanıb qanunsuz dövriyyədən çıxarılmasına, bu vasitələrdən istifadə olunmaqla törədiləcək cinayətlərin qarşısının alınmasına mühüm töhfə verməsi ilə bağlıdır.
Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndində göstərilmiş “qanunsuz dövriyyə” ifadəsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunda “qanunsuz dövriyyə”yə verilmiş anlayışla eyniləşdirilməsi ilə bağlı mövqelərlə əlaqədar vurğulayıb ki, qanunçuluq prinsipinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi).
Həmin Qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab edib ki, Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsində göstərilən “qanunsuz dövriyyə” ifadəsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.5-ci maddəsində verilmiş anlayışla tamamilə eyniləşdirilməsi cinayət məsuliyyətinin mühüm prinsiplərindən olan qanunçuluq prinsipinin tələblərinə uyğun gəlməməklə bərabər, şəxsin nəinki Cinayət Məcəlləsinin 26-cı fəslinə daxil olan cinayətlərə görə, hətta bu fəslə daxil edilməyən başqa, məsələn, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qaçaqmalçılığı ilə bağlı Cinayət Məcəlləsinin 206.2-ci maddəsində müəyyənləşdirilən cinayət əməlinə görə də məsuliyyətdən azad edilməsinə əsas verərdi.
Formalaşmış hüquqi mövqeyə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticələrə gəlib ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 35.1-ci maddəsi, habelə Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndinin hüquqi təyinatı və digər maddələrlə qarşılıqlı hüquqi əlaqəsi baxımından həmin normada müəyyənləşdirilən hallar yalnız 234-cü maddə üzrə cinayət əməllərinə münasibətdə cinayət məsuliyyətindən azad etmənin əsasını təşkil edir.
Şəxsin əməli Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı həmin Məcəllənin 234-cü maddəsində nəzərdə tutulan cinayət tərkibini də yaratdığı halda o, sonuncu cinayət əməlinə münasibətdə həmin maddənin “Qeyd” hissəsinin birinci bəndi ilə müəyyənləşdirilmiş əsaslarla cinayət məsuliyyətindən azad edilir.
Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən və eyni zamanda, digər qərarlarında əksini tapan hüquqi mövqelər ilk öncə məhz Əsas Qanunun müvafiq müddəalarına əsaslanır.
Eyni zamanda, qeyd edilməlidir ki, Konstitusiyada təsbit edilmiş prinsiplərin aliliyinin təmin edilməsi vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi müvafiq hakimiyyət orqanlarına, o cümlədən Azərbaycan Respublikasının Milli Məclisinə və Nazirlər Kabinetinə qanunvericiliyin bu və ya digər normalarının təkmilləşdirilməsi ilə bağlı bir sıra tövsiyələrlə çıxış etmişdir.
Xüsusilə vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsi tərəfindən verilən bu tövsiyələrin böyük əksəriyyəti artıq öz həllini tapıb.
Qeyd edildiyi kimi, Konstitusiya bütün qanunvericilik sisteminin əsasında durmaqla, digər normativ-hüquqi aktlar da öz başlanğıcını Əsas Qanundan götürür. Bu baxımdan Konstitusiya Məhkəməsi dövlətin Əsas Qanununun öyrənilməsinə və bununla da, ölkəmizin ən ali hüquqi aktında əks olunan müddəaların, prinsip və dəyərlərin cəmiyyətdə təbliğ edilməsinə xüsusi diqqət yetirir. Bununla əlaqədar olaraq, gənclər arasında hüquqi maarifləndirmə işinin həyata keçirilməsi, onların hüquq mədəniyyətinin inkişaf etdirilməsi, hüquqi biliklərinin artırılması, Konstitusiyanın əsasları və mahiyyətinin daha dərindən öyrənilməsi Konstitusiya Məhkəməsinin xüsusi önəm verdiyi məsələlərdəndir. Bu məqsədlə ənənəvi olaraq hər il ölkəmizin müxtəlif bölgələrində ali təhsil müəssisələrinin tələbələri və orta məktəb şagirdləri arasında hüquq olimpiadaları təşkil edilir.
Builki hüquq olimpiadası bizim üçün xüsusi məna daşıyır. Belə ki, hüquq olimpiadası cari il oktyabrın 14-18-də Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin tələbələri, habelə Xankəndi və Şuşa şəhərləri, Füzuli, Laçın, Zəngilan və Xocalı rayonlarının orta təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında “Zəfər çalmış dövlətin Əsas Qanunu” mövzusunda keçirilmişdir. İşğaldan azad edilmiş rayonlarda bərpa edilmiş təhsil müəssisələrində ölkəmizin Əsas Qanunu ilə bağlı hüquq olimpiadasının keçirilməsi Konstitusiya Məhkəməsinin bütün kollektivi üçün unudulmaz və əlamətdar hadisədir.
Bu gün müstəqil Azərbaycan dövləti çoxəsrlik tarixinin ən yüksək inkişaf mərhələsini yaşayır. Tarixin ən mühüm və taleyüklü məsələsi isə Azərbaycan Respublikasının möhtərəm Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində parlaq Qələbənin əldə edilməsi və ötən il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpa edilməsi oldu.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edildi. Sərəncama əsasən, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyi nəzərə alınaraq hər il sentyabrın 20-sinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi qərara alınır. Konstitusiya dəyərlərinə əsaslanan Dövlət Başçısının Sərəncamı şanlı tarixi günü hüquqi müstəvidə təsbit etdi.
44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirləri nəticəsində əldə olunan Qələbə tariximizin ən parlaq səhifəsi, eyni zamanda, indiki və gələcək nəsillərin fəxr edəcəyi qəhrəmanlıq salnaməsidir. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin yenilməz siyasi, hərbi iradə və qətiyyəti, sərkərdəlik məharəti, Ordumuzun qəhrəmanlığı, xalqın dövlət başçısı ətrafında bir məqsəd naminə səfərbərliyi şanlı Qələbəni təmin edən ən mühüm amillər idi. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “İkinci Qarabağ müharibəsindəki Qələbə isə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Bu Zəfər Azərbaycan durduqca qalacaq, bizim qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə. Bu, qəhrəmanlıq dastanıdır. Bu, misli görünməmiş qəhrəmanlıqdır”.
İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri Ordumuzun şəxsi heyətinin, əsgər və zabitlərimizin hərbi peşəkarlığının və vətənpərvərliyinin növbəti təsdiqi oldu. Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdığı zaman çıxışında bu barədə bildirib: “Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik”.
Qürurverici haldır ki, şanlı Qələbə sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi, burada təsbit edilmiş hüquq və azadlıqlar işğaldan azad olunmuş bütün torpaqlarımızda tam şəkildə bərpa edildi.
Bu gün Azərbaycan dövləti sabit və güclü iqtisadiyyatı və geniş resursları olan, regionda mühüm geosiyasi mövqe tutan, həmçinin enerji təhlükəsizliyinin təmin edilməsində vacib yeri olan dövlətlərdəndir. Artan iqtisadi gücü və beynəlxalq nüfuzu sayəsində ölkəmizin bilavasitə təşəbbüsü və iştirakı ilə qlobal layihələr uğurla icra edilir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir”.
Hazırda dövlətimiz və xalqımız yeni reallıqlar mühitində qürurla və ən əsası isə inamla öz inkişafının növbəti, tamamilə yeni mərhələsinə qədəm qoyub. Regionun lider dövləti və bölgədəki iqtisadi-siyasi proseslərin əsas iştirakçısı olan dövlətimizin sosial-iqtisadi potensialı İkinci Qarabağ müharibəsindən sonra daha da artdı. Ölkəmizin bilavasitə təşəbbüsü və iştirakı ilə uğurla həyata keçirilən bütün irimiqyaslı layihələr ümumilikdə regionun təhlükəsizliyinə və iqtisadi inkişafına öz əvəzsiz töhfəsini verir. Olduqca güclü, qüdrətli dövlətə çevrilən ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artıb, Azərbaycanla iqtisadi, siyasi əlaqələr yaratmaq və bu əlaqələri inkişaf etdirmək arzusunda olan ölkələrin sayı da getdikcə artır.
Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi qarşıda duran ən mühüm və prioritet istiqamətlərdəndir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində hazırda Qarabağda və Şərqi Zəngəzurda nəhəng yenidənqurma proqramı həyata keçirilir, genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə və planlı şəkildə davam etdirilir, müasir, dünya standartlarına uyğun infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və davamlı iqtisadi reinteqrasiya üçün bütün zəruri şərait yaradılır. Hamımız bunun şahidiyik ki, işğal illərində tamamilə dağıdılmış hər bir kənd, qəsəbə və şəhər indi tamamilə yenidən qurulur.
İkinci Qarabağ müharibəsindən ötən 4 il ərzində Qarabağda və Şərqi Zəngəzurda olduqca geniş quruculuq və abadlıq işləri aparılıb və hazırda da bu işlər tam sürəti ilə davam etdirilir, nəhəng infrastruktur layihələri həyata keçirilir, qısa zamanda geniş yol şəbəkəsi qurulub, tunellər çəkilib, beynəlxalq əhəmiyyətli dəhlizlər salınıb, hava limanları inşa olunub. Şuşada, Laçında, Ağdamda, Zəngilanda, Cəbrayılda və bütövlükdə işğaldan azad olunmuş bütün ərazilərdə yüksəkkeyfiyyətli, müasir texnologiyalarla təchiz edilmiş evlər, ictimai iaşə obyektləri tikilib. Burada insanların rahat həyat və fəaliyyəti üçün hərtərəfli şərait yaradılır, doğma yurdlarına qayıdan soydaşlarımızın təhlükəsiz yaşaması, onların məşğulluğunun təmin edilməsi, rifah halının yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və bərpası istiqamətində mühüm işlər görülür.
Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə nəzarətindədir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş torpaqlara mütəmadi səfərləri bərpa, yenidənqurma prosesinin dövlət qarşısında duran ən vacib istiqaməti olmaqla, həmçinin hər zaman diqqət mərkəzində saxlanıldığının bariz təsdiqidir.
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə böyük müvəffəqiyyətlə icra olunan bərpa-quruculuq işləri Azərbaycan Respublikası ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi ilə bağlı konstitusiya prinsipinin təmin edilməsinin daha bir əyani göstəricisidir.
Qarabağda və Şərqi Zəngəzurda görülən genişmiqyaslı quruculuq işlərinin sürətlə aparılması belə qənaətə gəlməyə əsas verir ki, qazanılan tarixi Zəfər nəticəsində regionda meydana gələn yeni reallıqlar nəinki ölkəmiz, eyni zamanda, ümumilikdə bölgə üçün geniş perspektivlər yaradır.
İşğaldan azad edilmiş torpaqlarımızda bərpa və yenidənqurma işlərinin aparılması ilə yanaşı, bu ərazilərə yerli əhalinin qayıtması Qarabağın və Şərqi Zəngəzurun gələcək inkişafı ilə bağlı qarşıda duran ən əsas hədəflərdəndir. Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2022-ci il noyabrın 16-da imzalanan Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib.
Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər əksini tapmışdır.
Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq əhalinin qısa zamanda öz doğma torpaqlarına qayıtmaları istiqamətində dövlətimizin bütün mümkün imkanları səfərbər edilib. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz şəkildə, könüllü və ləyaqətli qayıdışının təşkili, onların davamlı məskunlaşması və reinteqrasiyasının təmin edilməsi məqsədilə olduqca genişmiqyaslı işlər görülür. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdıb.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və dövlətimizin başçısı İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən inkişaf strategiyasının başlıca məqsədi müasir çağırışlar fonunda dövlətimizin davamlı və hərtərəfli inkişafını təmin etməkdir. Azərbaycan Prezidenti İlham Əliyevin güclü siyasi iradəsi və qətiyyətli mövqeyi sayəsində ölkənin bütün dünya miqyasında nümunə sayıla biləcək və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən tamamilə yeni inkişaf modeli formalaşdırılıb. Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycanda ötən müddətdə iqtisadi müstəqilliyin təmin olunması yolunda olduqca mühüm addımlar atılıb. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi: “Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var. Maliyyə resurslarımız, maddi vəziyyətimiz imkan verir ki, biz ancaq öz daxili resurslarımız hesabına yaşayaq və yaşayırıq, daxili resurslar hesabına Qarabağı yenidən qururuq, Zəngəzuru yenidən qururuq”.
Azərbaycan Prezidenti İlham Əliyev cari il sentyabrın 30-da böyük el sənətkarı, aşıq yaradıcılığının görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılışında çıxışı zamanı Qərbi Azərbaycandan olan soydaşlarımızın öz yurd-yuvalarına qayıdış məsələsinə toxunub. Bildirilib ki, Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpası Qərbi azərbaycanlılarda tarixi vətənlərinə geri qayıdacaqlarına dair nikbinlik hisslərini, ümidlərini artırıb. Dövlətimizin başçısı İlham Əliyev Qarabağa, Şərqi Zəngəzura qayıdan soydaşlarımız kimi, Qərbi Azərbaycandan olan həmvətənlərimizin də bu sevinci yaşayacağına inandığını vurğulayıb: “Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”.
Dövlətimizin beynəlxalq aləmdəki mövqeləri bu gün olduqca möhkəmdir. Azərbaycan nəinki regionda, eyni zamanda, qlobal əhəmiyyətli mühüm siyasi və iqtisadi əməkdaşlıq platformalarının yaradılmasının əsas təşəbbüskarlarından biri qismində çıxış edir. Ölkəmizin fəal iştirakı ilə reallaşdırılan enerji, infrastruktur, nəqliyyat və digər layihələr bütövlükdə regionun inkişafında mühüm rol oynayır.
Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi özünü tanıdan Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, eyni zamanda, regionun iqtisadi, siyasi və həmçinin humanitar mərkəzidir. Beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində kifayət qədər təcrübəsi olan ölkəmizdə bu günədək bir sıra mötəbər beynəlxalq tədbirlər, Zirvə görüşləri, sammitlər, media forumları, beynəlxalq əhəmiyyətli idman yarışları və digər mühüm beynəlxalq tədbirlər keçirilib.
Bu il isə ölkəmiz dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29), eyni zamanda, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasına və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasına ev sahibliyi edəcək. COP29 qlobal miqyasda ən mühüm hadisələrdən biri olmaqla, beynəlxalq arenada bir nömrəli konfransdır və bu konfrans ilk dəfədir ki, postsovet məkanında keçirilir.
Məlum olduğu kimi, iqlim dəyişmələri bütün dünya üçün kifayət qədər həssas mövzulardan biridir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan 2021-ci il 2 fevral tarixli Sərəncamla “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Belə ki, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair reallaşdırılmalı olan beş Milli Prioritetdən biri “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” ilə bağlı müddəadır.
Eyni zamanda, dövlət başçısı İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
COP29 qlobal səviyyədə baş verən proseslər ətrafında fikir mübadiləsinin aparıldığı, bir sıra mürəkkəb məsələlərin həlli yollarının müzakirə edildiyi mühüm platforma hesab olunur. Bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə növbəti etimad və inamın göstəricisi, eyni zamanda, beynəlxalq miqyasda artan güc və nüfuzun əyani təzahürüdür. Dövlət başçısı İlham Əliyevin cari ilin aprelində Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı vurğuladığı kimi: “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik”.
Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti cari il sentyabrın 18-20-də Asiya Konstitusiya Məhkəmələrinin və Ekvivalent İnstitutlar Assosiasiyasının 6-cı Konqresində iştirak edib. Konqresin yekununda qəbul edilən Banqkok Bəyannaməsinə Azərbaycanda keçiriləcək mötəbər tədbir olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı bənd əlavə edilmişdir. Belə ki, həmin bəndə əsasən, Asiya ölkələrinin konstitusiya ədalət mühakiməsi orqanları bu cür beynəlxalq toplantıların iqlim dəyişikliyi probleminin həllində və dayanıqlı inkişafın, o cümlədən bu sahədə ictimai məlumatlılığın təşviqində oynadığı mühüm rolu dərk edir. Eyni zamanda, Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) müvəffəqiyyətlə keçməsi üçün ən xoş arzularını ifadə edirlər.
Əminliklə bildirmək olar ki, COP29 iqlim dəyişmələri ilə bağlı atılacaq addımlara çox mühüm töhfə verəcək.
Ölkəmizin COP29-a ev sahibliyi etməsi, həmçinin özünü qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət olaraq tanıda bilməsinin göstəricisidir. Dünya birliyinin Azərbaycana göstərdiyi inam və etimad dövlətimizin başçısı İlham Əliyevin şəxsi nüfuzu, həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin bilavasitə nəticəsidir.
Bu gün aparılan düşünülmüş xarici siyasət nəticəsində beynəlxalq arenadakı nüfuzu artaraq ölkəmiz dünyada söz sahibinə çevrilib. Qlobal proseslərdə respublikamızın mövqeləri möhkəmlənir. Azərbaycanın yüksək iqtisadi göstəriciləri, diplomatik uğurları və qalib dövlət olması beynəlxalq müstəvidə ölkəmizə olan marağı artırmışdır. Azərbaycan böyük və mühüm coğrafiyada meydana gələn yeni reallıqların mərkəzində dayanan lider ölkədir. Bütün bunlar, şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, uğurlu diplomatiyası sayəsində əldə edilib.
Hər bir azərbaycanlı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazisində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır.
Fürsətdən istifadə edərək, Azərbaycan xalqını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi adından Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun bizə bəxş etdiyi 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Dövlət Bayrağı Günü və 12 Noyabr - Konstitusiya Günü münasibətilə təbrik edir, xalqımıza xoşbəxt və firavan həyat arzulayırıq.
Fərhad Abdullayev
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin sədri