Region (3-05-2018, 14:00)
Düşmən dinc sakinlərimizi atəşə tutub
Erməni silahlı bölmələri Ağdamda Suvarma İdarəsinin əməkdaşlarının olduğu yük maşınını atəşə tutub.
Mediatv.az APA-ya istinadən xəbər verir ki, Ağdam rayonunun Çəmənli kəndi ərazisində nasaz olan su-artezian quyusunu təmir etməyə gedən işçilər düşmən tərəfindən atəşə məruz qalıb.
02 AC 416 dövlət nömrə nişanlı, “KamAZ 43114” markalı avtomobil gülləbaran edilib.
İdarənin maşında olan beş əməkdaşı xəsarət almasa da, nəqliyyat vasitəsi yararsız hala düşüb. Hazırda maşın hadisə yerindən çıxarılır.
İdarənin rəisi Hafiz Əzimzadə bildirib ki, ərazidə yüzlərlə artezian quyusu var. Ermənilər kənd sakinləri ilə yanaşı, ərazidə fəaliyyət göstərən işçiləri də atəşə tuturlar.
Müdafiə Nazirliyindən faktı təsdiq edərək bildiriblər ki, bu, Ermənistan tərəfindən mülki əhalinin hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş məqsədyönlü təxribatdır:
“Cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır”.