Region (26-03-2018, 17:37)
Qərb bölgəsinin tarixi məkanları ilə tanışlıq Şamaxı məktəblilərinin ürəyincə olacaq
Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Şamaxının ümumtəhsil məktəblərinin əlaçı və nümunəvi şagirdlərindən ibarət qrup martın 26-da səhər saatlarında Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə respublikamızın qərb bölgəsinə yola salınmışdır.
Rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə Şamaxı şəhərindəki Heydər Əliyev mərkəzinin qarşısında keçirilən yolasalma mərasimindən əvvəl tur-aksiya iştirakçıları şəhərin mərkəzi parkında müasir Azərbaycanın qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə çiçəklər düzərək Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirmişlər.
Yolasalma mərasimində çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova Prezident cənab İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə keçirilən tur-aksiyaların yeniyetmələrin vətənpərvərlik tərbiyəsində, onların ölkəmizi, onun tarixini, mədəniyyətini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyətindən danışmış, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
Çıxış edən valideynlər məktəblilərə qayğıdan, onların vətənpərvər ruhda tərbiyəsinə göstərilən diqqətdən irəli gələn bu təşəbbüsə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, məktəblilər aksiyada iştirak etdiklərinə görə böyük sevinc hissi keçirdiklərindən danışmışlar.
Tur-aksiya iştirakçıları musiqi sədaları altında şən ab-havada rəqs etmiş, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdlərinin çıxışlarına tamaşa etmişlər.
Müəllim və valideynlərin xeyir-duasından sonra məktəblilər onlar üçün ayrılmış avtobusla Gəncə şəhərinə yola düşüblər.