Region / Təhsil / Aktual (28-01-2018, 13:27)
Gəncə Dövlət Regional Kollecinin direktoruna qarşı KORRUPSİYA İTTİHAMI
Gəncə Dövlət Regional Kollecindən AFN-ə şikayət məktubu daxil olub. Kollecin bir qrup müəllimi adından Asif Süleymanov və Aslan Əliyevin göndərdiyi məktubda bir sıra nöqsanlar haqda məlumat əksini tapıb.
“Bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlardan gözlənilən mütərəqqi nəticələr, rəhbərliyində səriştəsiz və məsuliyyətsiz kadrların durduğu bəzi tədris müəssisələri üçün hələ də əlçatmaz olaraq qalır” deyə bildirilən məktubda bu baxımdan Gəncə Dövlət Regional Kollecinin direktoru Fəxrəddin Zeynalovun fəaliyyətinin də yerli ictimaiyyət tərəfindən qeyri-qənaətbəxş qiymətləndirildiyi qeyd edilir: “Peşə təlimi, musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi, ailə və ev təhsili, məktəbəqədər təlim və tərbiyə, dizayn, maliyyə işi, bədən tərbiyəsi və idman və s. ixtisasları üzrə mütəxəssislər hazırlayan Gəncə Dövlət Regional Kollecində bir çox xoşagəlməz hallar yaşanmaqdadır. Bu təhsil ocağında müxtəlif səpkili özbaşınalıqlar hökm sürdüyündən bu, kollecin müəllim və tələbə heyətinin ciddi narazılığına səbəb olur.
Gəncə DövlətRegional Kollecinin direktoru Fəxrəddin Zeynalov bu kollecə direktor təyin olunduğu vaxtdan özünəməxsus korrupsiya şəbəkəsi qurmuşdur. Belə ki, başına bir qrup korrupsioner şöbə müdirlərini yığaraq Murğuzov Etibar, Zeynalova Aybəniz,Yusibova Tahirə, Hacıyeva Validə, Hacıyeva Mehparə, təcrübə şöbəsinin müdiri Firudin Səfərov, məsul katib Arzu müəllimdən ibarət böyük bir dəstə yaratmışdır. Bu şəxslər hər semestr tələbələrdən imtahan üçün adam başına 150-300 manatdan pul yığırlar. Semestri uğurla, problemsiz başa vurmaq istəyən tələbə mütləq tələb olunan həmin məbləği verməlidir. Əks təqdirdə bu onlar üçün arzuolunmaz problemlər yarada bilər.
Pedaqoji təcrübəyə gedən tələbələrdən hər biri bu təcrübədən müvəffəq qiymət almaq üçün 90 manat, təcrübəyə getməyən tələbələr isə hər biri 150 manatdan pul verməlidir. Təcrübə şöbəsinə rəhbərlik edən Firudin Səfərov pedaqoji sahədən heç bir anlayışı olmayan adamdır. Bu şəxslər təhsilə kommersiya kimi baxırlar. Bu şəxslərin əsas amalı ancaq pul yığmaqdan ibarətdir.
Direktor Fəxrəddin Zeynalov öz qızlarını Nuranə və Gülnar bacılarını kollecə işə götürüb, kürəkənini isə sürücü kimi işlədir. Tələbələrin ödədiyi təhsil haqlarını öz istədiyi kimi xərcləyir, hər müəllimə vaxtaşırı olaraq 50 manat, amma öz yaxın adamlarına 150-200 manat pul verir, müəllimlərə verilmiş bu pulun az qala yarısını müxtəlif adlar altinda sonralar geri yığır. Pulları da baş mühasib, kadrlar şöbəsinin rəisi Bəsirə Abbasova və tədris hissəsinin rəhbəri Sahibə Nəzərovanın əli ilə yığır.
Sahibə Nəzərova Surət Hüseynovun baş müşaviri, 1995-ci ildən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 57-ci maddəsi ilə axtarışda olan, 1994-cü il oktyabr dövlət çevrilişinə cəhdinin təşkilatçılarından olan Saday Nəzərovun bacısıdır. Fəxrəddin Zeynalov vaxtı ilə Saday Nəzərovla dost olduğuna görə onun bacısı Sahibə Nəzərovanı tədris hissəsinə rəhbər qoyub. Bu xanımın əli ilə dərs yüklərini istədiyi adama verir, onun vasitəsilə pulları yığır.
Fəxrəddin Zeynalov qeyri-ixtisas fənlərinə görə müəllimlərin dərs keçdiyi saatların pulunu onlara verməkdən imtina edir. Belə ki, direktor həmin dərs saatlarını kollecdə çalışan 3-5 nəfər tanışının adına yazdırır, sonra isə həmin pulları mənimsəyir. Halbuki həmin dərs saatlarını digər müəllimlər keçirlər.
Kollecə təzə qəbul olunan tələbələrə tələbə bileti və imtahan kitabçası 20 manatdan satılır. Dövlət imtahanında 200 manatdan pul yığılır. Ümumiyyətlə, kollecdə hər semestr bir şöbədən 60000-70000 manat pul yığılır.
Əvvəllər kollecin yataqxanasında qaçqınlar qalırdı, ora boşalandan sonra yataqxananın bir otağı 1000 manata, üç otaq 3000 manata, beş otaq 5000 manata satılıb. Yataqxananın ərazisi olan 30 hektar torpaq sahəsi, kollecdəki inventarların əksəriyyəti, emalatxanadakı cilalayıcı dəzgahlar belə hamısı satılıb.
Fəxrəddin Zeynalov yaşı 65-ə çatan müəllimlərlə bağlı heç bir qanuna məhəl qoymur, belə ki, istədiyi müəllimi işdən çıxarır, amma pul yığıb ona gətirən müəllimləri yaşı çox olsa belə, işdə saxlayır. Qəbul komissiyasının məsul katibi Arzu müəllimin 68 yaşı var, amma onu işdə saxlayır, çünki tələbə biletləri və imtahan kitabçalarının birini 20 manatdan satır, qeydiyyatdan keçən tələbələrin hər birindən 20 manatdan yığır. Kadrlar şöbəsinin inspektoru Bəsirə Abbasovanın 68 yaşı var, qeyri-qanuni olaraq müxtəlif adamları işə götürür, pul yığır.
Texniki işçilərin və işə gəlməyən müəllimlərin maaş kartları direktorda, baş mühasıbdə və kadrlar şöbəsi Bəsirə Abbasovadadır. Bankomatda kartı salıb pulları kimlər alıbsa hamısının şəkilləri var, çəkilmış təsvirlərə baxıb bunu müəyyənləşdirmək o qədər də çətin deyil. Müəllimlərdən Məmmədov Cavanşirin 70 yaş, Yolçuyev Asifin 65 yaş, Hüseynov Nizami, Nurəddin müəllim və s.kimi müəllimlərin də yaş həddi çoxdan keçsə də, direktor onları çıxartmır, çünki bu şəxslər onun korrupsiya şəbəkəsinin üzvləridir.
Ümumiyyətlə, bu gün Gəncə Dövlət Regional Kollecində istər imtahanların nəticələri, istərsə də kollecin ümumilikdə idarə olunması əməlli-başlı gəlir mənbəyinə çevrilmişdir. Məhz bu səbəbdən tələbələrin təhsilə münasibəti son vaxtlar tamamilə dəyişib. Bu və ya digər fənn üzrə imtahandan yalnız pulla qiymət almağın mümkünlüyünü görən tələbələr dərsə davamiyyətə məhəl qoymurlar. Bir çox tələbələrin adı jurnalda getsə də, özlərini kollecdə görmək mümkün deyil. Dərslərdə iştirak etməməyin aylıq xərci isə 100 manatdır. Kollecin bu cür məzuniyyətə buraxılmış tələbələri “təhsil xərclərini” ödəmək üçün paytaxtın və başqa şəhərlərin inşaat meydançalarında fəhləliklə, restoranlarda ofisiantlıqla məşğul olurlar...”
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.