Mədəniyyyət (6-01-2026, 18:21)
Atasına həsr olunan gecəyə bilet alıb gedəcək - Əliağa Vahidin qızına qarşı BİABIRÇI MÜNASİBƏT
Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, qəzəlxan Əliağa Vahidin qızı Firəngiz İsgəndərova atasına həsr olunmuş yaradıcılıq gecəsinə dəvət edilməyib.Musavat.com-a daxil olan məlumata görə, yanvarın 22-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək poeziya axşamına şairin ailə üzvləri, o cümlədən qızı çağırılmayıb. Bununla bağlı saytımıza ailəyə yaxın qohum məlumat verib.
Bildirilib ki, gecədə Əliağa Vahidin sözlərinə yazılmış musiqi əsərləri ifa olunacaq, tədbirin aparıcısı isə şair İlqar Fəhmi olacaq. Lakin bütün bunlara baxmayaraq, mərhum şairin qızına rəsmi dəvət göndərilməyib. Nəticədə Firəngiz İsgəndərova atasının xatirəsinə həsr olunan gecəyə bilet alaraq qatılmaq məcburiyyətində qalacaq.
Ailənin yaxın qohumu Solmaz xanım Musavat.com-a açıqlamasında bu vəziyyəti təəssüf doğuran hal kimi qiymətləndirib:
“Yanvarın 8-də Firəngiz xanımın 71 yaşı tamam olur. Nə axtaran var, nə halını soruşan. Yanvarın 22-də atasına həsr olunmuş tədbir keçiriləcək, müğənnilər onun qəzəllərinə yazılmış mahnıları oxuyacaqlar, amma öz qızını dəvət etməyiblər. Məcbur qalıb bilet alıb gedəcək. Adam atasının xatirə gecəsinə bilet alıb gedər? Təşkilatçılar bunu niyə düşünmürlər?”
Solmaz xanım bildirib ki, Firəngiz İsgəndərova tədbir barədə təsadüfən xəbər tutub: “Elanlara baxanda gördük ki, Əliağa Vahidin gecəsi keçirilir. Dəvət olunmadığımız üçün özümüz bilet aldıq. Firəngiz xanım deyir ki, qardaşı sağ olanda ailəni dəvət edirdilər. Qardaşı dünyasını dəyişəndən sonra isə heç kim arayıb-axtarmır”.
Onun sözlərinə görə, Firəngiz xanım hazırda övladlarının himayəsində yaşayır:
“Bir qızı ilə birlikdə qalır, digəri isə qonşuluqdadır. Nəvələri var. Çox ağır təbiətlidir, hər qapını döyən insan deyil, amma bu laqeydlik onu incidir”.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət etdik. Saytımıza bildirildi ki, nazirlik tədbirin birbaşa təşkilatçısı deyil.
Qeyd edək ki, Əliağa Vahid 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olub. Mədrəsədə təhsil alsa da, maddi çətinliklər səbəbindən oxumağı yarımçıq qoyaraq xarratlıqla məşğul olub. Gənc yaşlarında “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib, lirik və satirik şeirləri ilə tanınıb. Yaradıcılığında ictimai ədalətsizliyi, mövhumatı və zülmü kəskin tənqid edib.
Füzuli ədəbi ənənələrinin davamçısı sayılan Əliağa Vahid Azərbaycan ədəbiyyatında qəzəl janrının ən parlaq nümayəndələrindən biridir. Onun qəzəlləri sadə dili, ahəngdarlığı və xəlqiliyi ilə seçilir, xanəndələrin repertuarında xüsusi yer tutur. Vahid eyni zamanda Nizami, Xaqani, Füzuli, Nəvai kimi klassiklərin əsərlərini Azərbaycan dilinə tərcümə edib.
Şair 1 oktyabr 1965-ci ildə Bakıda vəfat edib. Onun heykəli əvvəlcə Filarmoniya bağında ucaldılıb, sonradan İçərişəhərə köçürülüb və həmin ərazi “Əliağa Vahid bağı” adlandırılıb. Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Əliağa Vahidin əsərləri dövlət varidatı elan edilib. Bakıda onun adını daşıyan məktəb, park, bağ, ədəbiyyat evi və küçə mövcuddur.
1991-ci ildə “Azərbaycanfilm” kinostudiyasında şairin həyat və yaradıcılığından bəhs edən “Qəzəlxan” adlı film çəkilib.


























