Karusel (6-04-2016, 14:19)
Kollec direktoru rektoru nişan verir... - İTTİHAM VAR
Məlum olduğu kimi, bir müddət əvvəl Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edib. Bu dəyişikliyə əsasən, Bakı Neft-Energetika Kolleci də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci adlandırılıb. Heç şübhəsiz bu islahatlar bir mənalı olaraq mütərəqqi məqsədlər nəzərdə tutularaq həyata keçirilmişdir. Lakin bu gün kollecdən təqdim olunan açıqlamalarda bu yeniliyin müəssisənin əvvəlki “iş prinsiplərində” heç bir dəyişikliyə səbəb olmadığı vurğulanır. Bu xüsusda bizimdovr.az-a daxil olan məlumatlarda bildirilir ki, Bakı Neft-Energetika Kollecində təhsilin keyfiyyətini aşağı salan neqativ hallar eynilə əvvəllər olduğu kimi, indi də davam etməkdədir. Xatırladaq ki, bu təhsil müəssisəsində mühasibat uçotu, menecment, gömrük işi, neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı, neft və qaz yataqlarının istismarı, neft və qaz emalı, elektrik stansiyalarının və yarımstansiyaların elektrik avadanlıqlarının quraşdırılması, elektrik təchizatı, elektrik maşınlar və avadanlıqları, istilik energetik qurğuları, yol hərəkətinin təşkili, avtomatlaşmış sistemlərin və hesablama texnikasının proqram təminatı ixtisasları tədris olunur. Mənbələr xəbər verir ki, Mehman Abduləzizovun direktorluq etdiyi bu kollecdə təhsil alan tələbələr son sessiya imtahanlarını da “xüsusi proqram” əsasında verməli olmuşdular. Qeyd etmək lazımdır ki, əvvəllər də aldığımız bir çox digər məlumatlarda bu təhsil ocağının direktor Mehman Abduləzizov tərəfindən öz şəxsi biznesi kimi idarə olunduğu iddia olunurdu. Tələbələrin şikayətində bildirilir ki, son imtahanlar zamanı hər bir tələbədən 350 manat rüşvət yığılıb. Kolleclə bağlı məlumatları bizimdovr.az-a təqdim edən mənbə iddia edir ki, hazırda təhsil müəssisəsində müxtəlif səpkili özbaşınalıqlar hökm sürdüyündən bu, kollecin müəllim və tələbə heyətinin ciddi narazılığına səbəb olur. İş o yerə çatıb ki, artıq tələbələrlə yanaşı, müəllimlərin də bir qismi Bakı Neft-Energetika Kollecində baş verənlərə, direktorun əməllərinə, yol verilən ciddi nöqsanlara etiraz edirlər. Bu narazılıqlara səbəb olan amillərdən biri kimi kollec direktorunun qeyri-ixtisas fənlərinə görə müəllimlərin dərs keçdiyi saatların pulunu onlara verməkdən imtina etməsi göstərilir. Məlumatlarda bildirilir ki, direktor həmin dərs saatlarını kollecdə çalışan 3-5 nəfər tanışının adına yazdırır, sonra isə həmin pulları mənimsəyir. Halbuki həmin dərs saatlarını digər müəllimlər keçirlər. İddialara görə bu gün kollecdə istər imtahanların nəticələri, istərsə də kollecin ümumilikdə idarə olunması əməlli-başlı gəlir mənbəyinə çevrilmişdir. Məhz bu səbəbdən tələbələrin təhsilə münasibəti son vaxtlar tamamilə dəyişib. Bu və ya digər fənn üzrə imtahandan yalnız pulla qiymət almağın mümkünlüyünü görən tələbələr dərsə davamiyyətə məhəl qoymurlar.
Bu arada xatırladaq ki, ötən ilin sentyabr ayından Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Neft Akademiyasının da adı dəyişdirilərək, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb. Dövlət başçısının digər sərəncamı ilə də Mustafa Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib. Bu gün kollecdə olan mənbələrdən aldığımız məlumatlarda isə belə bir məqam da xüsusi olaraq diqqət mərkəzinə çəkilir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdinə keçirildikdən sonra, Bakı Neft-Energetika Kollecinin direktoru Mehman Abduləzizov artıq törətdiyi özbaşınalıqlara don geyindirmək üçün, davamlı olaraq universitetin rektoru Mustafa Babanlının da adını hallandırmaqdan çəkinmir.
Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.