Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (10-12-2016, 18:15)
Almaniyada çalışan həkim soydaşımızdan şok edən sözlər:"Azərbaycanda estetik terror baş verir!"

hikmet1

Hikmət Zamanov: “Dövlət xəstəxanalarında işləyən həkimlərin 100 faiz hamısı ya rüşvət alır, ya digər klinikalara göndərib faiz alır”

Mediatv.az:  Hikmət Zamanov Almaniyanın Krankenhaus Hetzelstift xəstəxanasında çalışır. Onun maraqlı taleyi var. Uşaqlıqdan ən müxtəlif səbəblərdən ən müxtəlif ölkələrdə yaşayıb. Öz üzərində çalışıb və yüksək səviyyəli təhsil alıb. Öz sahəsində yetişmiş kadr olsa da, nə qəribədir ki, Hikmət Zamanov öz ölkəmizdə özünə iş tapa bilməyib. Onu bir çox tanınmış hospitallar yalnız qaçaq olaraq çalışdıra biliblər. Amma Hikmət bununla razılaşmayıb və üz tutub xarici ölkələrə. O, Türkiyədə təhsil alıb və oradan da Dövlət proqramı çərçivəsində Almaniyaya göndərilib. İndi Almaniada çalışır və çox uğurlu əməliyyatlara imza atır.

Belə çalışqan və iddialı gənclərimiz adama qürur verir. Biz də Hikmət Zamanovla qürur duyduq. Bu ölkəni o darboğazdan çıxarmaq lazımdır ki, burada yüksələ bilsin gənclərimiz. Hikmət bəy kimi ən böyük arzuları Gürcüstan səhiyyəsinin səviyyəsinə yüksəlmək olmasın. Bu maraqlı və mənalı müsahibimizi “16-1” rubrikasına dəvət etdik. Hikmət bəy məmnuniyyətlə suallarımıza cavab verdi. Onunla müsahibəni strateq.az oxucularına təqdim edirəm.

“16-1” rubrikasında Hikmət Zamanovdur…

Əvəz Zeynallı

 

Gömrük və Medera Hospitalda, HP Güven klinikasında və Nordic klinikasında qaçaq yolla estetik cərrah çalışdım

hikmet

– Özünüz haqqında qısa məlumat verə bilərsinizmi?

– Mən operator doktor, estetik plastik cərrah Hikmət Zamanov. 22 iyun 1978-ci ildə Qərbi Azərbaycanın İcevan rayonunun Salah kəndində anadan olmuşam və atamın işi ilə əlaqədar olaraq 1980-ci ildə İran İslam Respublikasının Tehran şəhərinə köçmüşük. Orta məktəb təhsilimi fars dilində almamağım üçün 1984-cü ildə atam məni Bakı şəhərində yaşayan bibimin yanına göndərib və mən Bakıda 35 saylı orta məktəbdə oxumağa başlamışam. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə qəbul olunmuşam və burada 3-cü kursu bitirdikdən sonra, ailəliklə Türkiyə Respublikasının İstanbul şəhrinə köçmüşük. Təhsilimi İstanbul Üniversitesi İstanbul Tıp Fakültesində davam etdirərək universiteti yüksək nəticə ilə bitirib həkimlik diplomu və uzmanlıq ünvanı aldım. Türkiyənin Siirt bölgəsində 1 il məcburi xidmət keçdim və bununla da tam Türkiyə vətəndaşlığı almış oldum. Növbəti təyinatım İstanbul Bakırköy Hizmet Hastanesinə oldu və burada 2 il estetik plastik cərrah olaraq çalışdıqdan sonra, 2011-ci ildə babamın vəziyyəti ilə əlaqədar Bakıya qayıtdım. Bakıda heç bir xəstəxana məni rəsmi işə götürmədi. Bütün klinikalar mənimlə işləmək istəyirdi, ancaq heç kim əmək müqaviləsi bağlayıb rəsmi işə götürmürdü. Heç bir qeydiyyata alınmadan Gömrük Hospitalında, Medera Hospitalda, HP Güven klinikasında və Nordic klinikasında qaçaq yolla estetik cərrah olaraq çalışdım. İstədim xalqıma xidmət edim, bilik və bacarığımı öz millətimə xərcləyim. Amma qaçaq çalışmanın mənim təhsilimə, adıma və gələcək planlarıma uyğun olmadığını görüb Bakı ilə vidalaşdım. Çünki aldığım ailə və cəmiyyət tərbiyəsi saxtakarlıq etməyimə icazə vermədi. Yenidən İstanbula qayıtdım və 2013-cü ildən İstanbulda Vatan hastanesində estetik plastik cərrah olaraq xidmətə başladım. Dövlət proqramı çərçivəsində imtahan verib 2014-cü ildə Almaniyada Krankenhaus Hetzelstift xəstəxanasında işə qəbul olundum. Hazırda həmin proqram çərçivəsində beynəlxalq dərəcəli uzmanlıq ünvanı almaq üçün həm təhsil alıram, həm də işləyirəm. Həyatımdan çox məmnunam. Çünki yüksəlişimdə haram sayılan heç bir üsuldan istifadə etməmişəm. Azərbaycan, Türk, Alman, İngilis dillərini mükəmməl bilirəm. Rus dilini isə başa düşürəm, cavab qaytarmaqda çətinlik çəkirəm. Çünki orta məktəbi bitirdikdən sonra bir dəfə də olsun rus dilində danışmamışam və yazmamışam.

 

Pul qazanacam və öz estetik mərkəzimi quracam

 

– Bu təhsilin sonundamı Almaniyaya gedib çıxdınız?

– Qeyd etdiyim kimi, Dövlət proqramı çərçivəsində imtahan verib 2014-cü ildə Almaniyada Krankenhaus Hetzelstift xəstəxanasında işə qəbul olundum. Hal hazırda təhsilimi və işimi davam etdirirəm. Ana çalışma sözləşməm Almaniya Weltgesundheitsorganisation WHO ilə olduğuna görə, proqram çərçivəsində proqrama daxil olan istənilən xəstəxanada işləyə bilərəm. Burada heç bir məhdudiyyətdən söhbət gedə bilməz. Əsas iş yerim Krankenhaus Hetzelstift xəstəxanası sayılır, ancaq istənilən şəhərdən dəvət alsam, bu xəstəxanaya məlumat verdikdən sonra, qazanacağım məbləğin 30 faizini Weltgesundheitsorganisation WHO-nun hesabına köçürməklə dəvət edən xəstəxanada əməliyyatlara qatıla bilərəm. Əgər heç bir qazanc olmadan dəvət edən xəstəxanada əməliyyata qatılmaq barədə qərar qəbul etsəm, bu zaman yol və otel məsrəflərimi Weltgesundheitsorganisation WHO ödəyir. Bu proqram müddətli olduğu üçün hələlik heç bir iş qurmaq və ya plan qurmaq haqqında düşünmürəm. Öncə müddətin bitməsi lazımdır. Təhsilim tamamlandıqdan sonra, iş müqaviləm də tamamlanmış sayılır. Beynəlxalq dərəcəli uzman ünvanı aldıqdan sonra Türkiyəyə qayıtmağa məcburam və yalnız 1 il işlədikdən sonra sərbəst qərar qəbul edə bilərəm. Əlbəttə, bundan sonra işlərim yaxşı olacaq. Beynəlxalq təlimlərdən pul qazanacam və öz estetik mərkəzimi quracam.

 

Bilirsiniz Azərbaycanda nə baş verir? Estetik terror!

 

– Azərbaycandakı estetik problemlərlə Avropanı necə müqayisə etmək olar? Olarmı?

– Bu müqayisə düzgün olmazdı. Çünki Avropada estetik problem yox dərəcəsindədi. Azərbaycanda isə hansısa uğurlu estetik əməliyat hələ ki, qeydə alınmayıb. Bilirsiniz Azərbaycanda nə baş verir? Estetik terror! Əvvəla, istəyirəm biləsiniz ki, Azərbaycanda Tibb Universitetinin Estetik cərrahiyyə fakultəsi olmayıb. Bilmirəm, indi bu orada varmı ya yox, bu barədə düzgün nəsə deyə bilmərəm. Bu, o deməkdir ki, Azərbaycanda estetik əməliyyatları yalnız Türkiyədən və digər xarici ölkələrdən müxtəlif niyyətlərlə dəvət olunan cərrahlar edirlər. Əgər hansısa azərbaycanlı estetik cərrahiyyə ilə məşğuldursa, mütləq bu, ya qanunsuzdur, ya da o həkim Türkiyədə Tibb Universitetini bitirib. Bunu artıq pasiyentlər araşdırmalıdılar. Mən sosial şəbəkələrdə tez-tez rastlaşıram və çox təssüflənirəm. Düşünün, hərə özünə səhifə açır və reklam verir – proktoloq estetik cərrah, laparokopik estetik cərrah, Lor estetik cərrah və nələr nələr. Bu, ilk növbədə cinayətdir. Əvvəla, estetik cərrahiyyə ilə ümumi cərrahiyyəni qarışdırmaq olmaz. Konkret ixtisas var. Gəlin bərabər diqqət edək, araşdıraq.

Məsələn, qeyd etdik – proktoloq estetik cərrah və laparoskopik estetik cərrah. Bu hər ikisi ümumi cərrahiyyəyə aiddir. Proktoloq ümumi cərrahdır və adından göründüyü kimi əsas işi mədə-bağırsaq xəstəliklərinin müalicəsidir. Gemaroy və sair. Burada estetika nə ola bilər? Mədədə və ya bağarsaqlarda estetik nə var? Və ya tam tərsi, bu cərrah üzdə, burunda, bədənin kənar hissələrində hansı estetik əməliyyatı icra edə bilər? Amma Azərbaycanda edirlər. Laparoskopik cərrah da eynilə bunun kimi. Laparoskopik cərrahiyyə nədir? Laparaskopi, xəstənin qarın boşluğuna kamera ilə girilərək müşahidə edilməsi mənasını verir. Digər mənası isə “bağlı əməliyyat” deməkdir. Laparaskopi əməliyyatı ümumi anesteziya altında edilən əməliyyatlardır. Laparaskopidə istifadə olunan əsas alət isə teleskopdur. İndi özünüz düşünün, bu adla estetikanın nə əlaqəsi? Amma bunu Azərbaycanda edirlər. Bilirsiz niyə? Hərdən bu qrup cərrahlar qarıngərmə və ya qarından yağ alma kimi əməliyyatlar edirlər. Bu, estetika deməkdirmi? LOR cərrahı da həmçinin. Bu sahə tibbdə Otorinolarinqologiya adlanır və burun boşluğu, udlaq, qırtlaq və qulaq xəstəliklərinin müalicə və diaqnostikası ilə məşğul olur. Hansı ki, bu sahədə estetikadan söhbət gedə bilməz. Amma Azərbaycanda edirlər. Yuxarıdada qeyd etdim, bu, cinayətdir. Əvvəla, bu sahənin həkimlərinin hç biri estetik plastik cərrah olaraq ixtisasa sahib deyillər və Azərbaycan qanunlarına görə, onların bu sahədə çalışmaq üçün səhiyyə nazirliyi tərəfindən verilən sertifikatları yoxdur. Öz ixtisasları üzrə sertifikatlarının olması başqa, amma estetik sahədə çalışa bilmələri üçün sertifikatları 100 faiz yoxdur. Belə bir hüquqları olmadan yalan reklam vermək və pasiyentləri cəlb etmək, insanların həyatını risk qarşısında qoymaq isə bilirsiz ki, tam bir cinayətdir. Hansı ki, bunu Avropada, Türkiyədə, Gürcüstanda, İranda və istənilən digər ölkədə, hətda Ermənistanda heç bir həkim edə bilməz və o, dərhal diplomundan mərhum edilərək həpsə atılar. Fikir verin, Azərbaycanda bütün televiziya və radiolarda tibb verlişləri var və klinikalar reklam üçün külli miqdarda pul ödəyirlər. Ən çox isə saxta estetik cərrahlar reklam olunur. Buna zərurət varmı? Bu, insanları aldatmaqdan başqa bir şey deyil. Hətta məsələnin biabırçı və iyrənc tərəfi bilirsiz nədir? İnsanı əməliyyatxanada anestezi ilə yatırdırlar, burnunu, qarnını, məməsini və ya istənilən bir yerini kəsib qanadırlar, sonra bütün ekib toplanır xəstənin başına və selfi çəkib dərhal əməliyyatxanadan sosial şəbəkələrdə paylaşırlar. Bu, cinayət deyilmi? Əvvəla, o telefonlar steril otağa niyə soxulur və necə soxulur? Xəstənin razılığı olmadan onun şəkli o vəziyyətdə niyə çəkilir? Planlaşdırılmış əməliyyat niyə dayandırılır? Niyə hansısa maraqlara görə xəstə daha artıq vaxtini anestezi altinda yatmalıdır? Siz bu iyrənclikləri Avropa ilə müqayisə etmək istəyirsiz?

 

Siz bilirsizmi ki, xəstələr Azərbaycanda satışa çıxarılır?

hikmet2

– Siz bu vəziyyətlə Bakıda işləyəndə rastlaşdınız, yoxsa sadəcə sosial şəbəkələrdən izləyirsiniz?

– Təbbi ki, işlədiyim müddətdə görürdüm. Amma son vaxtlar daha dəhşətli formada baş verir bunlar və uzağa getmək lazım deyil, sosial şəbəkələr yetər ki, bu iyrənc vəziyyəti görəsiniz. Hələ bununla da iş bitmir. Təsəvvür edin, ümumi sahəsi 95-100 kvadrat metr olan yerə Səhiyyə Nazirliyi azı 15-20 ixtisas üzrə lisenziya verir. Bu, bilirsiz nə deməkdi? İnsanların aldadılmasına və soyulmasına yaradılan imkandır. Siz bilirsizmi ki, xəstələr Azərbaycanda satışa çıxarılır? Düşünün, siz gedirsiz ürək həkiminin yanına və deyirsiz ki, ürəyinizdə narahatlıq var. Həmin həkim sizi analiz vermək üçün baqa bir yerə, USM keçmək üçün başqa bir yerə, hətta özü kardioloq olduğu halda kardioqramma çəkdirmək üçünsə tamamilə başqa bir yerə göndərəcək. Göndərdiyi yerlər isə bir-birindən kilometrlərlə aralıdır. Xəstəyə aidiyyatı olmayan müayinələr yazılır. Xəstəyə aidiyyatı olmayan dərmanlar yazılır. Bilirsiz niyə? Çünki həkim bu göndərişləri verməklə və dərmanları yazmaqla faiz alır. Cinayət deyilmi bu? Azərbaycanda elə bir məmur yoxdur ki, onun özəl klinikası olmasın. Dövlət xəstəxanalarında işləyən həkimlərin 100 faiz hamısı ya rüşvət alır, ya digər klinikalara göndərib faiz alır. Soruşa bilərsiz ki, başqa xəstəxanaya niyə göndərir? Çünki özü dövlət xəstəxanasında işləyir və xəstədən maksimum 10 manat ala bilər. Ancaq xəstəni göndərir özəl klinikaya, bilir ki, orada xəstədən ən azı 150-200 manat alacaqlar. Həmin pulun 50 faizi geri, bunun özünə qayıdır. Ona görə də, göndərişlər daha qazanclı olur. Bu vəziyyətə Avropada rast gələ bilərsiz? Bunu necə müqaisə edək? Hələ saxta estetik cərrahlar qalsın bir tərəfə, Azərbaycanda bu gün kosmetoloqlar insanları fəlakətə sürükləyirlər. Bu gün Azərbaycanda 1 nəfər tam ali təhsilli, konkret ixtisası kosmetoloq olan həkim-kosmetoloq yoxdur. Təsəvvür edirsiz, bu nə deməkdir? Bir-bir yoxlayın kosmetoloqları, səhvim varsa səhvimi sübut edənə təzminat ödəməyə hazıram. Özünü həkim-kosmetoloq kimi təqdim edənlərin çox az hissəsi dermotoloqdu. Yəni biraz uyğun sahədi. Qalan hissəsi isə ya stamatoloqdu, ya terapeftdi, ya onkoloji cərrahdı, ya da ixtisasca başqa bir həkimdi. Böyük əksəriyyəti isə adi tibb bacısıdı. Və nə həkim olanlar, nə də tibb bacısı olanlar əməliyyatsız estetik xidmət göstərmək üçün sertifikasiya imtahanı verməyiblər. Hətta bir çoxları isə ümumiyyətlə tibb işçiləri deyillər. Amma televiziyalar bunların hamısını millətə həkim kosmetoloq kimi təqdim edir. Bu, terror deyil mi? Baxın, nə qədər insanların üzü yararsız vəziyyətdədir. Bunu siz Avropa ilə müqayisə edə bilərsiz?

 

Sevdiklərinin görmək istədiyi kimi olmaq istəyənlər daha çoxdur

 

– Bu sənətin nə kimi incəlikləri var? Bir az bəhs edərsinizmi?

– Estetik cərrahiyyə adından göründüyü kimi insanın xarici görünüşündə olan qüsurların aradan qaldırılması ilə məşğul olan sahədir. Burada incəlik, peşəkarlıq və fantaziya olmalıdır. Çünki estetik əməliyyatlar üçün müraciət edən pasiyentlər müəyyən hallarda zərurətdən etsələr də, əsasən gözəllik axtarışında olanlar daha çoxdur. Özlərini kiməsə bənzədənlər, sevdiklərinin görmək istədiyi kimi olmaq istəyənlər daha çoxdur. Dəfələrlə olub ki, əllərində konkret şəkil gətirirlər ki, mənim burnum bu məşhurun burnuna bənzəsin. Əlbəttə, biz nəzərə alırıq, amma bu, heç vaxt mümkün olmur. Çünki təkcə burunla iş bitmir. Estetik cərrahiyyədə həkim çox səbrli olmalıdır. Xəstəni məmnun etmək asan deyil. Əvvəla, nəzərə almaq lazımdır ki, insan başqa bir görüntüdə anastezi ilə yatırdılacaq, oyananda özünü başqa bir görünüşdə görəcək. Buna hazırdırmı? Bunu necə qəbul edəcək? “Xəstə əməliyyata öz razılığı ilə girib” deməklə kifayətlənmək olmaz. Düşünün, adi bir rinoplastika, yəni burun əməliyyatı insanın təkcə görünüşünü yox, taleyini dəyişir. İnsan ailə qurmaq istəyir, heç kim bəyənmir. Və bir burun əməliyyatı problemə nöqtə qoyur. Və ya tam tərsi, cərrahın diqqətsizliyi bu insanın taleyini tamamilə zülmətə qərq edə bilər. Bunu özlərini laparaskopik və proktoloq estetik cərrah elan edənlər mütləq nəzərə alsınlar. Başqa bir liposaksiya – qarıngərmə əməliyyatını götürək. İnsan fərqli görünüşdə gəlib. Əməliyyatdan sonra həm xeyli miqdarda yağ alınıb, qarın gərilib, görünüş dəyişib. İnsan fərqli yeriyir, fərqli görünür. Bunu qəbul etməsi, onun psixoloji vəziyyəti, sualları, ona qayğı. Bu hamısı estetik cərrahdan təcrübə, peşəkarlıq və qeyd etdiyim kimi fantaziya tələb edir. Sən öz əl işini xəstəyə bəyəndirməlisən. Amma Azərbaycanda işin bu tərəfini deyil, qazanc tərəfini düşünürlər. Ona görə də bütün məhkəmələrdə bu problemlərin fəsadlarından yaranan tələblər var. Bu işin incəliyi və ən önəmli tərəfi xəstə məmnuniyyətidir.

– Azərbaycanın tanınmış adamlarından kimlər Sizə müraciət edir? Edibmi?

– Əlbəttə, həm sənət adamlarından, həm də vəzifəli şəxslərdən və onların ailə üzvlərindən mənə müraciət edənlər çox olub. Ad çəkmək etik baxımdan düz olmaz. Bəzilərini əməliyyat etmişəm, bəziləri ilə anlaşa bilməmişik. Anlaşa bilmədiklərimiz əsasən sənət adamları, gənc müğənnilər olublar. Onlar mənə təklif edirlər ki, onları ödənişsiz əməliyyat edim, onlar isə məni Azərbaycanda reklam eləsinlər. Ancaq mən razılaşmamışam. Əgər desələr ki, imkanım yoxdur, əlbəttə kömək edərəm, amma bunların özləri hansı səviyyədə tanınırlar ki, məni də reklam edələr? Hətta tanınsalar belə, mən bu formada tanınmağı qəbul etmirəm. İstəyirəm məni həmişə işimə, etdiyim uğurlu əməliyyatlara görə tanısınlar.

– Almaniyadakı azərbaycanlılarla görüşürsünüzmü?

– Burada yaşayan azərbaycanlılarla hərdən rastlaşırıq. Bu yaxınlarda Münxendə yaşayan bir azərbaycanlı öz xanımını gətirmişdi müayinəyə. Normal qaydada isə vaxtım olmur görüşlərə. Boş vaxtlarımda tarixi yerləri gəzirəm, kitabxanalarda oluram, elm adamları ilə görüşürəm.

– Azərbaycandakı xəstəxanalarla təmaslarınız olurmu?

– Əlbəttə, demək olar ki, bütün xəstəxanalardan məlumatım var. Facebook dostlarımın sayəsində özümü hər dəqiqə Bakıda hiss edirəm. Bakıda xəstəxanalar yaxşı vəziyyətdə deyil. Müalicədən başqa hər işlə məşğul olurlar.

– Daha irəli getmək üçün hansı hədəfləriniz var?

– Beynəlxalq dərəcəli uzman olduqdan sonra şəxsi estetik klinikamı quracam və peşəkar fəaliyyətimi davam etdirəcəm. Ən böyük arzum, Azərbaycanın səhiyyəsini ən azı Gürcüstan səhiyyəsi kimi görməkdir. Mən həmişə çalışıram ki, Azərbaycan haqqında, Azərbaycan səhiyyəsi haqqında burada müsbət fikir yaradım. Amma Səhiyyə naziri başda olmaqla, dövlət məmurları adi qan analizi vermək üçün bura gələndə, mənim müsbət fikir yaratma cəhdim müsibət olur. Türkiyə vətəndaşı olsam da, Azərbaycan vətəndaşlığından imtina etməmişəm. Ona görə, Azərbaycanın da mənafeyini qorumağı özümə borc bilirəm. Türkiyəyə qayıtdıqdan sonra, azərbaycanlı gənclərin estetik cərrah olaraq yetişdirilməsinə çalışacağam. Azərbaycanda bu sahədə çox böyük boşluqlar var.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024