Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (20-10-2016, 16:41)
Mübariz Qurbanlı: “İŞİD ilə FETÖ-nü birləşdirən “ortaq dəyər” var”

mubariz

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı müsahibə verib.

Mediatv.az komitə sədrinin “Report”a müsahibəsini təqdim edir:

 Mübariz müəllim, Türkiyə Respublikasına səfəriniz çərçivəsində baş tutan görüşlərdə daha çox hansı məsələlər müzakirə olundu?

– Oktyabrın 9-11-i tarixlərində “Avrasiyada İslam: din istismarına qarşı birlik, dayanışma və gələcək perspektivi” mövzusunda keçirilən Zirvə toplantısına Türkiyənin Diyanət İşləri başqanı Mehmet Görmezin dəvəti ilə qatılmışdıq. Səfər çərçivəsində rəsmi görüşlər nəzərdə tutulmamışdı. Səfərdə məqsəd bu regionda İslamın gələcəyi və dini istismar edən hərəkətlər, dini təhsil verən qurumlar, qlobal təhdidlər və şiddət təhlükəsi – İŞİD, qlobal təhlükə kimi FETÖ-nün Avrasiyaya təsirləri, dini istismarın qarşısının alınması yolları və bu kimi digər məsələlərlə bağlı fikir mübadiləsi aparmaq idi.

İki gün ərzində edilən çıxışlar və aparılan müzakirələr göstərdi ki, bütün iştirakçı ölkələr bu kimi məsələlərə qarşı prinsipial mövqedədirlər və birgə mübarizənin tərəfdarıdırlar.

Xüsusi vurğulanmalı məqam odur ki, çıxışlarda müsəlman xalqları arasında dostluğun möhkəmləndirilməsinin və dünyadakı münaqişələrin həllinin, müsəlman dünyasına qarşı ayrı-seçkiliyin, o cümlədən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tezliklə aradan qaldırılmasının vacibliyi bir daha vurğulandı, bu qarşıdurmaların başlıca səbəbinin beynəlxalq aləmdəki ikili standartlar olduğu diqqətə çatdırıldı. Qeyd olundu ki, xalqımıza qarşı Xocalı soyqırımının törədilməsi, təcavüzkar Ermənistanın ölkəmizdə həyata keçirdiyi terror aktları nəticəsində günahsız insanların qanının axıdılması çox ciddi narahatedici mövzudur.

Həmçinin müasir dünyada yaşanan miqrant faciələri, özünü demokratiya və insan hüquqlarının təəssübkeşi kimi təqdim edən Qərbdə miqrantlar arasında müsəlman, qeyri-müsəlman ayrı-seçkiliyinin aparılması kimi aktual problemlər də müzakirə edildi.

Fikrimcə, region dövlətlər arasında birgə əməkdaşlığın möhkəmləndirilməsi baxımından bu kimi səmərəli tədbirin keçirilməsi təqdirəlayiqdir.

– FETÖ-yə qarşı mübarizə mövzusunda daha çox hansı məsələlər vurğulandı?

– Prezident Rəcəb Tayyib Ərdoğan, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və digər natiqlər FETÖ-nün müasir dövrün ən təhlükəli terror təşkilatlarından biri olduğunu vurğuladılar. Tədbirdə iştirak edən nümayəndə heyəti olaraq dövlətimizin, Prezident cənab İlham Əliyevin birmənalı mövqeyini bir daha dilə gətirərək qardaş Türkiyədə baş verən bütün terror hadisələrini, o cümlədən 15 iyul dövlət çevrilişi cəhdini qətiyyətlə pislədik, bir sıra ölkələrin qərəzli münasibətinə baxmayaraq, türk xalqının Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşməklə tarixin daha bir ağır sınağından alnıaçıq çıxdığını diqqətə çatdırdıq.

Azərbaycan bütün hallarda terrora, o cümlədən İŞİD və FETÖ kimi terror təşkilatlarının fəaliyyətinə qarşı öz etirazını hər zaman sərgiləyib və bundan sonra da sərgiləyəcək. Dövlətimizin daim haqq-ədalət tərəfdarı olacağını vurğuladıq.

Prezident cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, terror ümumbəşəri bəladır və ölkəmiz, hansı ad altında fəaliyyət göstərməsindən asılı olmayaraq, terrorun bütün formalarına qarşı mübarizədə birgə əməkdaşlığın tərəfdarıdır. Türkiyə digər bütün sahələrdə olduğu kimi, bu məsələdə də Azərbaycanın əsas tərəfdaşıdır.

– Sizcə, FETÖ tərəfdarları vaxtilə Azərbaycanda daha çox hansı sahələrdə fəaliyyət göstəriblər?

– Azərbaycanda bu təşkilatın müəyyən uzantıları ola bilər, ancaq onun burada güclü ideoloji dayaqları yoxdur. Dövlət müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdə yaranmış xaotik vəziyyətdən istifadə edərək buraya ayaq açmışdılar.

Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da ilk işləri təhsil sektoruna nüfuz etmək olmuşdu. Burada lisey, universitet açmışdılar. Sovet sistemindən qalma təhsillə müqayisədə, daha yaxşı təhsil verdiklərinə görə rahat fəaliyyət göstərə bilirdilər. Amma dövlətimiz gücləndikcə digər radikal cərəyanlar kimi onların da qarşısının alınması istiqamətində işlərə başladı. 2009-cu ildən Fətullah Gülənə və nurçulara məxsus ədəbiyyatların, video və audio materialların Azərbaycana gətirilməsi, yayılması məqsədəuyğun sayılmadı.

Əlbəttə, biz həmin liseyi, həmin universiteti bitirənlərin hamısının FETÖ ideologiyasının daşıyıcısı hesab edilməsinin tərəfdarı deyilik. Həmin təhsil ocaqlarının vətənini, dövlətini sevən bir sıra məzunları olub və bu gün də dövlət quruculuğunda aktiv iştirak edirlər. Birmənalı şəkildə deyə bilərəm ki, FETÖ-nün dinlə heç bir əlaqəsi yoxdur, o, dini təşkilat deyil, din adı ilə maskalanmış siyasi təşkilatdır. Azərbaycanda bu və ya digər formada Fətullah Gülənin “ideologiyası”nı daşıyanların aşkara çıxarılması, onların qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarımız gərgin və uğurlu fəaliyyət göstərirlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə bu mübarizəni dini maarifləndirmə yolu ilə aparır.

– Bir neçə ay əvvəl Türkiyə mətbuatında Azərbaycanda 3 mindən çox "İşıq evi"nin olması barədə iddia yer alıb. Bu, nə qədər realdır?

– Açığı, bu rəqəmin haradan götürüldüyü, kimə istinad edildiyini bilmirəm, amma hesab edirəm ki, çox şişirdilmiş informasiyadır. Bu məsələ tam nəzarətdədir və müəyyən tədbirlər həyata keçirilir.

– Mübariz müəllim, Azərbaycandan Suriyaya döyüşməyə gedənlərlə FETÖ-nün təşkilatlanmasına xidmət edənlər arasında hər hansısa bir bağlılıq ola bilərmi?

– Yuxarıda da qeyd etdiyim kimi, Azərbaycan dövləti hansı ad altında fəaliyyət göstərməsindən asılı olmayaraq, bütün terror təşkilatlarını lənətləyir və onlara qarşı mübarizə aparır. Bilirsiniz, terrorçunun əynində istər kostyum olsun, istər səhra döyüşçüsü uniforması, onun milliyyəti, iqri, cinsi olmur, əlində istər silah olsun, istərsə də qələm və s. – heç bir fərqi yoxdur. Terrorçu terrorçudur, onun qiyafəsi, xarici görünüşü deyil, mənsub olduğu mənhus dünyagörüşüdür. Və biz terrorizmi loyal və radikal qruplara bölmürük. Çünki yekunda hər ikisi cəmiyyət üçün, dövlət üçün, bəşəriyyət üçün təhdiddir. Türkiyədə baş verən 15 iyul hadisələri nümunəsində baxsaq, deyə bilərik ki, İŞİD zahirdə də açıq təhlükə kimi görünürsə, açıq şəkildə pozuculuq fəaliyyəti ilə məşğuldursa, FETÖ dövlətin müxtəlif strukturlarına gizli şəkildə yerləşdirilmiş saatlı bomba kimidir, istədikləri vaxt, yaxud əllərinə düşən ilk fürsətdəcə həmin bombanı partlada bilərlər. Yəni yekun olaraq İŞİD ilə FETÖ-nü birləşdirən “ortaq dəyər” var: pozuculuq, anarxiya və terror.

– Cəmiyyətdə qarışıqlıq, fikir ayrılığı yaratmaq istəyən qüvvələrin Məhərrəm ayında fəallaşmasından danışmaq olarmı?

– Məhərrəm ayı radikal düşüncəli qrupların və onlara xidmət edənlərin xüsusi fəallıq göstərməyə çalışdıqları aylardan biridir. Ancaq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin apardığı maarifləndirmə işi, qabaqlayıcı tədbirləri, Qafqaz Müsəlmanları İdarəsinin səmərəli fəaliyyəti, yerli icra strukturları və hüquq-mühafizə orqanlarımızın fədakar əməyi sayəsində builki Aşura mərasimlərinin sakit məcrada keçməsi bir daha göstərdi ki, radikalizmin Azərbaycanda heç bir sosial dayağı yoxdur və olmayacaq da. Kimsə qanunvericiliyə zidd addım atırsa, cəmiyyətdə pozuculuq fəaliyyəti ilə məşğuldursa, qanun qarşısında cavab verir və verəcək də.

– Azərbaycanda din pərdəsi altında müxtəlif pozucu fəaliyyətlərlə məşğul olma hallarına daha çox hansı bölgələrdə rast gəlinir?

– Biz bu cür bölgü aparılmasının tərəfdarı deyilik. Biz bu kimi məsələlərə kompleks yanaşır və fəaliyyətmizdə də bunu əsas tuturuq. Əks halda, radikallar bir bölgəyə xüsusi diqqətin, nəzarətin olmasından istifadə edib, başqa bölgələrdə möhkəmlənə bilərlər.

– Komitə gənc nəslin dini sahədə doğru maarifləndirilməsinə böyük əhəmiyyət verir. Bu sahədə maarifləndirmə tədbirlərindən əlavə gənc nəslə orta və ali məktəblərdə sağlam dini biliklərin lazımi səviyyədə verilməsi məsələsi yaxın gələcəkdə müsbət həllini tapacaqmı?

– Hazırda orta məktəblərimizdə "Həyat bilgisi" adlı fənn tədris olunur və dinlər haqqında müəyyən məlumatı əhatə edir. Bu məsələ ilə bağlı Təhsil Nazirliyinin mütəxəssisləri ilə söhbətlərimizdən belə bir nəticəyə gəlmişik ki, həmin dərslikdə məlumatlar genişləndirilsin.Yuxarı sinif şagirdləri üçün isə dünya dinləri, mədəniyyətləri haqqında, o cümlədən hər bir dindəki radikal qruplar, cərəyanlar, onları yaradan səbəblər, nəticələri və fəsadları barədə geniş məlumat ala biləcəkləri müəyyən müddətdə fənn və ya kurs keçirilə bilər. Ali məktəblərin tədris proqramına isə bu kimi fənlərin salınmasına ehtiyac duyulmur.

Əlbəttə, orta məktəblərlə bağlı söylədiklərim Dövlət Komitəsinin səlahiyyətləri çərçivəsində həll olunan məsələ deyil. Bunlar təkliflərdir və mütəxəssislər həll etməlidirlər. Məndə olan məlumata görə, Təhsil Nazirliyində də bununla bağlı fikir mübadilələri aparılır.

– Hansı şəhər və rayonlarda mədrəsələr açılacaq?

– Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə bir çox gənclərimiz ölkədə müvafiq dini təhsil ocaqları olmadığı üçün təhsil almaq üçün xarici ölkələrə üz tutdular. Məzun olduqdan sonra vətənə qayıtdıqda isə bəlli oldu ki, bir çoxu bir müddət oxuduqları ölkələrin mənimsədikləri həyat tərzini, dünyagörüşünü, hətta dünyəvi məsələlərə baxış tərzini mənimsəyiblər və burada da eyni sistemin qurulmasında maraqlıdırlar.

Təbii ki, dövlətimiz bu kimi insanların məscidlərə, digər ibadət ocaqlarına ayaq açmalarına imkan vermir və bundan sonra da verməyəcək. Çalışırıq, ölkədə savadlı, milli kadr saya biləcəyimiz din xadimlərinin sayı daha çox olsun ki, bu sahədəki problem həll edilsin. Mədrəsələr savadlı din xadimlərinin yetişdirilməsində mühüm rolu olan təhsil ocaqlarıdır. Hazırda ölkədə 3 mədrəsə fəaliyyət göstərir. Sayın artırılması ilə bağlı təkliflər var və bunun üzərində işləyirik.

– Azərbaycanda dini kimliklə milli kimliyin qarışdırılması problemi mövcuddurmu?

– “Ümmətçilik, yoxsa millətçilik?” – sualı, demək olar ki, müstəqilliyini qazanmış bütün ölkələrin qarşısına çıxan ilk suallardan biri olub. Hətta 1918-ci ildə Azərbaycan müstəqilliyini elan edəndə də bu məsələ böyük problemə çevrilmişdi. Müasir Azərbaycan isə artıq öz seçimini edib, bizim ideologiyamız bəllidir: Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq. Məhz bu məfkurə bizi bir bayraq, bir vətən ətrafında toplayıb.

Azərbaycan çoxkonfessiyalı, çox mədəniyyətli ölkədir və əsrlərdir burada bir çox dinlərin nümayəndələri dinc yanaşı yaşayırlar. Ümummilli Liderimiz Heydər Əliyevin də dediyi kimi, bu, bizim mənəvi sərvətimiz, zənginliyimizdir. Biz məhz bu zənginliyimizlə bir çox dünya ölkələrinə nümunə göstərilirik, sahib olduğumuz bu zənginliyimiz tədqiq edilir, model kimi təqdim olunur. Buna görə də hesab edirəm ki, biz artıq “ümmətçilik, yoxsa millətçilik?” –mərhələsini çoxdan keçmişik və seçimimiz də bəllidir. Mediadan izləyirik, bu sualı gündəmə gətirmək istəyənlər olur zaman-zaman, ancaq biz onu hələ 1993-cü ildə – Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra birdəfəlik kənara qoymuşuq və bundan sonra da aktuallaşdırmaq mənasızdır.Çünki bunlardan birinin seçilməsi digərinin tərəfdarlarını ikinci plana atmaq, dolayısı ilə yuxarıda qeyd etdiyim mənəvi sərvətdən imtina etmək deməkdir. Dini və ya milli kimliyindən asılı olmayaraq, bizim hamımızın bir vətəni var: Azərbaycan.

– Komitənin strateji planında qızların təhsilə cəlb edilməsi, erkən nikahların qarşısının alması probleminin həlli istiqamətində nəzərdə tutulan işlər var. Qız uşaqlarının doğulmadan öldürülməsi – (abort) probleminin həlli istiqamətində maarifləndirici tədbirlər aparmaq nəzərdə tutulurmu?

– Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sıx əməkdaşlıq etdiyimiz dövlət qurumlarındandır və biz bu Komitə ilə indiyədək həm paytaxtımızda, həm də bölgələrimizdə müxtəlif mövzularda – erkən nikah, qadın hüquqları və s. – bir sıra tədbirlər həyata keçirmişik. Bu tədbirlər çərçivəsində, şübhəsiz, qeyd etdiyiniz məsələni də gündəmə gətirmişik, bunun yolverilməz olduğunu vurğulamışıq. Bundan başqa, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytında, dövri nəşrlərində (“Cəmiyyət və Din” qəzeti və “Dövlət və Din” jurnalı) mütəmadi olaraq doğulmamış körpənin tələf etdirilməsinin bütün dinlər tərəfindən qadağan olunması, onun həm də mənəvi cəhətdən doğru qərar olmaması ilə bağlı müxtəlif yazılar dərc edilir ki, bu da maarifləndirmənin bir istiqamətidir. Hesab edirəm ki, bu istiqamətdə görülən işlər artıq bəhrəsini verməkdədir, son vaxtlar qız uşaqlarının doğulmadan öldürülməsi faktları kifayət qədər azalıb. Çox istərdik ki, bu hal tamamilə aradan qalxsın.

– Mübariz müəllim, Azərbaycandan İŞİD-ə ailəsi ilə deyil, təkbaşına qoşulan qadınlar olubmu?

– Xatırlayırsınızsa, keçən ilədək radikal qruplar öz çirkin təşviqatları ilə bəzi gənclərimizi öz təsir dairələrinə salaraq, digər ölkələrdə din adı altında aparılan döyüşlərə cəlb edirdilər. Təbii ki, gedənlərin məqsədləri fərqli idi. Kimisi maddi maraq naminə getmişdi və gedib real vəziyyəti yerində gördükdən sonra peşman olaraq artıq geri qayıdıb, kimisi də yeniyetməlikdən gəncliyə keçən yaş dövrünü yaşayırdı və yeni macəra axtarırdı. Çox az qismi cihad adı ilə döyüşməyə yollanmışdı ki, onlar da, yuxarıda qeyd etdiyim kimi, radikal qrupların təsiri altına düşənlər idi. Sadəcə olaraq vaxtında anlamayıblar ki, məsələn, Suriyadakı döyüşlərin dinə, azərbaycanlılara heç bir aidiyyəti yoxdur və bu, geosiyasi maraqların toqquşmasıdır.

Dövlət Komitəsi bu sahədə xeyli maarifləndirici iş aparıb və aparmaqdadır. Bilirsiniz ki, Komitənin sifarişi ilə “Fitnə” adlı sənədli film çəkilib. Suriyaya döyüşməyə gedən, sonradan peşman olub qayıdanların və qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilənlərin peşmanlığını əks etdirən həmin filmin ölkə boyunca nümayişi keçirilir və çox bəyənilir. Artıq yeni filmin üzərində iş gedir. Analitik təhlillərimiz və müşahidələrimiz göstərir ki, son 1 ildə Azərbaycandan başqa ölkələrdə döyüşməyə bir nəfər də getməyib. Əvvəllər gedənlərdən peşman olub qayıdanlar isə çoxdur. Azərbaycandan digər ölkələrə döyüşməyə gedənlərə mənəvi dəstək verənlər də zərərsizləşdirilib, fəaliyyətlərinin qarşısı tamamilə alınıb. Tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycanda vətəndaşlarımızı başqa ölkələrdəki silahlı birləşmələrə sövq edən, bu yöndə təbliğat aparan məscid yoxdur.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024