Region (11-10-2016, 16:14)
Bakı metrosunda qiymət artımı labüddürmü?
Mediatv.az xəbər verir ki, 2016-cı ilin ilk yarısında Bakı Metropolitenində sərnişindaşımaya əvvəlki ildəkindən çox xərc çəkilməsi, bir sərnişinin daşınma xərcinin həddən çox artması və “Bakı Metropoliteni” QSC-nin maliyyə hesabatlarını açıqlamaması məsələləri ilə bağlı Trend-in suallarını “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev cavablandırıb.
- Ümumiyyətlə, maliyyə hesabatlarının ictimaiyyətdən gizli saxlanılması, statistik rəqəmlərin açıqlanmaması nə ilə bağlıdır?
- “Bakı Metropoliteni” QSC qanunvericiliyin tələbinə uyğun olaraq, rəsmi statistikaları daim müvafiq dövlət qurumlarına vaxtında təqdim edir və illik maliyyə hesabatlarını ictimaiyyətə açıqlayır. Maliyyə hesabatı ilə hətta rəsmi veb səhifəmizdən də (http://metro.gov.az/az/about/metropoliten/fin) tanış ola bilərsiniz. Bütün bunlar müstəqil audit şirkəti tərəfindən tərtib edilib.
- Cari ilin ilk 6 ayında metropolitendə sərnişindaşımaya ötən illə müqayisədə 40 milyon manat artıq xərc çəkildiyi bildirilir. Qeyd olunur ki, bu da ötən ildəkinə nisbətən 1,7 dəfə artım deməkdir. Bu həqiqətdirmi və səbəbi nədir?
- Rəsmi olaraq bəyan edirik ki, Dövlət Statistika Komitəsinə təqdim edilmiş rəsmi məlumatlara əsasən Bakı Metropolitenində 2015-ci ilin I yarısında sərnişindaşıma üzrə xərclər 50359,8 min manat, 2016-cı ilin müvafiq dövrü üçün isə 55618,1 min manat təşkil edib. Göründüyü kimi, qeyd olunan dövr üzrə xərclər 40 milyon manat deyil, 5,3 milyon manat artıb ki, bu da əsasən 2015-ci ilin sonunda “Elmlər Akademiyası” stansiyasının II çıxışının istismara verilməsi, metropolitenin mövcud stansiyalarında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, əsas fondların dəyərinin artması ilə bağlı amortizasiya xərclərinin çoxalmasından ibarətdir.
- Həmçinin “Bakı Metropoliteni” QSC-nin yanvar-iyun aylarında sərnişindaşımadan əldə etdiyi gəlirin 28 milyon 920,6 min manat – ötən ilin eyni dövrü ilə müqayisədə 33,6 faiz çox olduğu bildirilir. Bildiyimiz qədərilə, ötən ilin müvafiq dövrü ilə müqayisədə metrodan istifadə edən sərnişinlərin sayı azalıb. Bunu necə izah edərdiniz?
- Məlumat üçün bildiririk ki, sərnişindaşıma üzrə 2015-ci ilin 6 ayı ərzində 112,2 milyon, o cümlədən gediş haqqını ödəyən 108,2 milyon və 2016-cı ilin müvafiq dövrü ərzində 109,3 milyon, o cümlədən gediş haqqını ödəyən 106,2 milyon sərnişin daşınıb. Sərnişindaşımadan gəlirlər 2015-ci ilin 6 ayı ərzində 21637,1 min manat, 2016-cı ilin müvafiq dövründə 21245,5 min manat təşkil edib. Göründüyü kimi, 2016-cı ilin 6 ayı ərzində keçən illə müqayisədə 2,0 milyon az sərnişin daşınıb və buna uyğun olaraq gəlirlər də 391,6 min manat və ya 1,8% az olub. Yəni qeyd olunan o rəqəmlər həqiqəti əks etdirmir.
- Açıqladığınız rəqəmlərə görə, bir sərnişinin daşınma xərcinin heç də yazıldığı kimi 82 qəpik olmadığı anlaşılır. Əgər belədirsə, real rəqəm neçədir və qiymət artımı ola bilərmi?
- Yuxarıda açıqlanan rəsmi rəqəmlərə əsasən sərnişindaşımanın maya dəyəri 2015-ci ilin yekunlarına görə faktiki olaraq 54 qəpik təşkil edirdi (amortizasiya nəzərə alınmadan 32 qəpik). 2016-cı ilin 6 ayı ərzində isə sərnişindaşımanın maya dəyəri bir az da azalaraq 52,4 qəpik təşkil edib. Xatırladaq ki, Hesablama Palatası da ötən ay açıqladığı hesabatında 2015-ci il üçün Bakı Metropolitenində bir sərnişinin daşınma xərcini 54 qəpik olaraq göstərmişdi. Ancaq cari ildə yeni tikilən obyektlərin balansa götürülməsi, kommunal xidmətlərin (su təchizatı və tullantı suları, elektrik enerjisi) qiymətlərinin artması metropolitendə xərclərin çoxalmasına gətirib çıxaracaq. Bu da öz növbəsində, bir sərnişinin daşınma xərcini artıra bilər. Ancaq tarifi müəyyən etmək “Bakı Metropoliteni” QSC-nin səlahiyyətində olan məsələ deyil. Bakı metrosunda gediş haqqını Azərbaycan Respublikasının Tarif Şurası müəyyən edir.