Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (19-02-2016, 11:33)
“Nazirlərimiz çox varlıdır, çünki monopolistdirlər” - Müsahibə

“Nazirlərimiz çox varlıdır, çünki monopolistdirlər” - Müsahibə

 

“Topu bir-birinizə atırsınızsa, sizdən islahatmı gözləmək olar?”

  “Atlas” Araşdırımalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu gündəmdə olan məsələlərlə bağlı “Qafqazinfo”nun suallarını cavablandırıb

- Fevralın 17-də Türkiyənin paytaxtı Ankarada 28 nəfərin ölümü ilə nəticələnən terror hadisəsi baş verdi. İlkin versiyalara görə, buna səbəb Türkiyənin son bir həftədə Suriyada terror qruplaşması olan PYD və YPG-ni top atəşinə tutması səbəb olub. Bu terrorla Türkiyədən qisas almaq istəyiblər...

- Türkiyə terrorla 40 ildir ki, mübarizə aparır. Bu müddətdə müəyyən uğurlar da qazanıb. Amma təəssüf ki, terrorçuların sayı azalmır, onlar Türkiyəni zəiflətməyə çalışırlar. Suriyada da müharibə başlayıb. Orada da PKK-nın qanadı yaranıb ki, onlar da Türkiyəyə təhlükə yaradırlar.

Ankarada baş verən terror hadisəsi ilə bağlı isə bir neçə versiya var. Ya bunu PKK törədib, ya PKK-nın Suriyadakı qolu PYD, ya da İŞİD törədib. Əgər araşdırmalar nəticəsində bilinsə ki, partlayışı PKK deyil, onun Suriya qanadı olan PYD həyata keçirib, bu zaman düşünürəm ki, Türkiyənin Rusiyaya hərbi müdaxiləsi aktuallaşacaq.

- Bu şəkildə terror törətmək elə də asan məsələ deyil. Nəzərə alsaq ki, paytaxt Ankaranın ən strateji nöqtələrindən birində bomba maşını partladılıb...

- Bəli, demək ki, bu, əvvəlcədən planlaşdırılmış bir məsələdir. Bunun arxasında müəyyən xarici dövlətlər də dura da bilər. Məqsəd Türkiyəni zəiflətmək, onu müharibəyə cəlb etmək, Rusiya-Türkiyə toqquşmasını sürətləndirməkdir. Kim maraqlı ola bilər Rusiya-Türkiyə toqquşmasında? PKK, onun Suriya qanadı, və İŞİD.

“Biz bilirik ki, Türkiyə haqlıdır. Amma seçim etməkdə çətinlik çəkirik”

- Bu teraktı həm də Ərdoğanın Bakıya planlaşdırılmış səfərinin axşamı həyata keçirirlər. Ehtimallardan biri də odur ki, buradakı görüş zamanı hər hansı qüvvələrə sərf etməyən razılaşmalar əldə oluna bilərdi. Bu terroru Bakıya mesaj kimi də qəbul etmək olarmı?

- Hesab etmirəm ki, terror aktını törədənlər Ərdoğanın Bakıya səfərini təxirə salmaq məqsədilə bunu ediblər. Ərdoğan bu gün gəlməyəcək, sabah gələcək, nə dəyişəcək ki? O başqa məsələ ki Rusiyada müəyyən qüvvələri Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi qıcıqlandırır. Rusiya bilməlidir ki, Türkiyə hərbi strateji müttəfiqimizdir. Bəli, hazırda Suriyada savaş gedir. Biz bilirik ki, bu məsələdə Türkiyə haqlıdır. Amma seçim etməkdə çətinlik çəkirik. Bundan əlavə, mümkün idi ki, Ərdoğan Bakıda olarkən Rusiya ilə bağlı kəskin ifadələr işlətsin. Çünki bir neçə gün öncə Türkiyənin baş naziri Əhməd Davudoğlu Kiyevdə mühüm açıqlama verdi. Dedi ki, Rusiya bir neçə ölkənin ərazisinə müdaxilə edib. Gürcüstan, Ukryana, Suriya. Eyni zamanda Azərbaycan torpaqlarının işğalında Ermənistana dəstək verib. Bu ifadə Bakıda da səslənə bilərdi. Azərbaycan hakimiyyəti çətin vəziyyətə düşə bilərdi. Çünki bunu təkzib etmək mümkün deyil. Biz də bilirik ki, torpaqlarımızın işğalını Ermənistan təkbaşına edə bilməzdi, arxasında Rusiya dayanmışdı. Amma rəsmi səviyyədə təsdiq etsək, Rusiya ilə münasibətləri gərginləşdirmiş olarıq. Həmçinin Ərdoğanın səfəri baş tutsaydı, İlham Əliyev Rusiya ilə Türkiyəni barışdırmaq üçün vasitəçilik missiyasını təklif edə bilərdi.

- Türkiyəni qeyd etdiyiniz kimi savaşa çəkmək istəyən qüvvələr var. Hətta quru savaşı üçün Səudiyyə Ərəbistanı, Qatar, Küveyt kimi dövlətlərin Türkiyə ilə eyni koalisiyada yer alacaqları bildirilir. Amerika isə qarışmır. PKK terror qruplaşmasının Suriya qanadı olan PYD və onun silahlı ordusu YPG-yə Rusiya ilə bərabər dəstək verir. Belə olan təqdirdə, sözügedən ittifaqla Türkiyənin Suriyada uğur qazanması nə dərəcədə mümkündür?

- Aydındır ki, təkbaşına Türkiyənin Suriyaya müdaxilə etməsi problematikdir. Düzdür, Ankara terroru vəziyyəti dəyişdi. Aşkarlansa ki, terror aktı PYD tərəfindən törədilib, çox ciddi cavab veriləcək. Ola bilsin ki, ordu girməsin, amma hava bombardmanları baş verə bilər.

Amerika prezident seçkilərinə hazırlaşır. Barak Obama risk etmək istəmir. Amerikanın iştirak etmədiyi koalisiya uğur qazanmaz. Ona görə də sözügedən dövlətlərin koalisiyası Suriyada elə də uğur qazana bilməz. Ona görə də risk etmirlər. İslam koalisiyasından da bəhs edilir. Azərbaycana da bu barədə təklif olsa da qəbul edilmədi. Çünki bu Rusiya və İranı qıcıqlandıra bilər.

“Onların hamısı kürdlərə dəstək verir”

- Düzdür, Amerika seçkilər ərəfəsindədir, bundan əlavə də, son İraq savaşından sonra amerikan xalqı da müharibənin tərəfdarı deyil. Suriyada isə illərlə planlaşdırılmış bir plan həyata keçirilir. Demək olar ki, kürd koridoru planının gerçəkləşməsinə az qalıb. Və Suriyada kürd dövlətinin qurulmasında həm Amerika, həm Avropa, həm də Rusiya maraqlıdır...

- Türkiyə silahlı terrorçulara qarşı savaş elan edib. Bunun içərisində PKK, YPG, PYD var. Rusiya-Türkiyə münasibətləri pozulandan sonra artıq Rusiya da həmin kürdlərə dəstək verir. Amerika guya Rusiya və İranla ziddiyyət yaşayır. Amma onların hamısı kürdlərə dəstək verir. Bunu isə Türkiyə anlamır. Həqiqətən də Ərdoğan Amerikadan soruşur ki, siz kiminləsiniz? Dostunuz bizik, yoxsa o silahlı kürdlər? Nəticə olaraq bütün oyunçular silahlı kürdlərə dəstək verir. PKK-nın əlində həm Rusiya, həm də Amerika silahları var.

- Amerikanın vitse-prezidenti Co Bayden Suriya ilə bağlı qeyri-rəsmi bir söhbət zamanı demişdi ki, neyləyək, Rusiya ilə savaşaqmı? Bu əslində Amerikanın açıq-aşkar mövqeyi deyilmi?

- Suriya məsələsinin həllinə Amerika daha öncə müdaxilə edə bilərdi. İndi isə planları yoxdur. Türkiyə bölgədəki təhlükə ilə üz-üzəyə qalıb. Heç kim Rusiya ilə savaşmaq istəmir, nüvə dövlətidir. Azərbaycanın özü də narahatdır. Çünki Rusiya Türkiyə toqquşması baş verərsə, bölgədə gərgin vəziyyət yaranar.
Rusiya Dağlıq Qarabağ probleminin həll olunmasına heç vaxt maraqlı ola bilməz. Çünki bu zaman Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşa bilər. Suriya münaqişəsinin isə həll edilməsi yaxın gələcəkdə mümkünsüz görünür.

“Belə hallar ona görə baş verir ki, məmurlar media ilə işləmir”

- Azərbaycan XİN nazirinin müavini Araz Əzimovun Bəşər Əsəd hakimiyyəti ilə bağlı fikirləri müzakirələrə səbəb oldu. Siz də buna şərh vermişdiniz. XİN rəsmisi fikirlərinə ikinci dəfə münasibət bildirdi. Amma yenə də onun dilindən Bəşər Əsəd hakimiyyəti ilə birmənalı fikir sanki hiss edilmədi...

- Mən sizinlə razılaşmazdım. Çünki ikinci müsahibə birincidən fərqlənir. Birincidə Araz Əzimov Əsəd rejiminin və ordusunun legitim olduğunu demişdi. Dövlət başçısı öz çıxışlarında heç zaman Əsədə dəstək verilməsi ilə bağlı ifadələr işlətməyib. Biz bu məsələdə iki cümlə bildirə bilərik. Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik, sülh istəyirik. Amma Araz Əzimov Əsəd rejiminə dəstək ifadə etdi. İkinci müsahibədə isə, Əsəd və ordusunun legitim olmasına dair ifadələri işlətmədi.

Belə hallar ona görə baş verir ki, məmurlar media ilə işləmir. Müsahibə verəndə də çox böyük yanlışlıqlar ortaya çıxır.

- Xaricdə olduğu qədər öz daxili siyasətimizdə də maraqlı məqamlar yaşanır. Ölkə iqtisadi böhranla üz-üzədir. Sizcə, neftin qiymətinin qalxmayacağı təqdirdə daxildə vəziyyət necə cərəyan edəcək?

- Manat iki dəfə devalvasiya oldu. İqtisadi və sosial sahədə həqiqətən çətinliklər yaşanır. Neftin də qiyməti yaxın illərdə qalxan deyil. Bu zaman da bizdə sürətli islahatlar getməlidir. Dövlət başçısı da tezislərini ifadə edib. Sahibkarlığın inkişafına kömək etməli, inhisarçılığa son qoyulmalı, kənd təsərrüfatı inkişaf etdirilməlidir. Amma təəssüf ki müşahidələrim Azərbaycan hökumətinin ciddi islahatlar apardığını görmür. Dollar ehtiyatlarımız sürətlə azalırsa, mümkündür ki, üçüncü devalvasiya da baş versin. Bunun olmaması üçün deyilən sözlər reallığa çevrilməlidir.

“Bizdə hətta təmirsiz evlərin qiyməti fantastik qiymətə qalxmışdı”

- İki gün öncə tikinti sektorunda canlanma baş verəcəyi ilə bağlı da çıxışlar da edildi...

- Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tikinti sektorunu canlandıracağını dedi. Amma çıxışında bir ifadə işlətdi ki, onu da anlamaqda çətinlik çəkirəm. Nazir tikinti şirkətlərinin rəhbərlərinə dedi ki, daha problemlərlə üzləşməyəcəksiniz. Demək ki, bu illərə qədər problemlər olub. Niyə görə mənzillər Azərbaycanda bu qədər bahadır? Çünki o tikinti şirkətləri ola bilsin ki, qeyri-qanuni pullar ödəyirlər, lisenziyalarla bağlı rüşvət verirlər. Sonda da sahibkar öz binasını çox baha qiymətə satır. Bizdə hətta təmirsiz evlərin qiyməti fantastik qiymətə qalxmışdı. İndi Kəmaləddin Heydərovun sözlərindən belə başa düşdüm ki, rüşvət, əsassız lisenziya tələbləri yığışdırılır, mənzillər real qiymətə satılacaq. Bu dövlət başçısının təlimatıdır ki, tikinti sektoru canlansın. Çünki işsizliyi bu sektorun canlanması hesabına bir qədər azaltmaq olar. Deyilənə görə, köhnə mikrorayonda olan binaları söküb yenilərini tikəcəklər. Bu zaman da yeni işçi qüvvəsi tələb olunacaq.

Amma əsas kənd təsərrüfatında islahat aparmaq lazımdır ki, insanlar əkdiyi məhsulu sata bilsin. Dövlət başçısının bildirdiyinə görə rayonlarda dövlətsatınalma mərkəzləri olacaq. Kəndlilərin sata bilmədiyi bu mərkəzlər məhsulu alacaq. Bəs həmin dövlətsatınalma mərkəzləri kəndlilərdən aldığı məhsulu hara satacaq? Xarici bazara çıxara biləcəklərmi?

- Dövlət büdcəsinin gəlirlərinin azaldığı bir vaxtda bu köhnə binaları söküb yerində təzələrini tikmək nə qədər doğru bir addımdır? Nəzərə alsaq ki, həm də vətəndaşların köçürülməsi üçün hər ay kirayə pulları da verilməlidir...

- Mən belə başa düşdüm ki, bu iş özəl tikinti şirkətlərinə həvalə olunacaq. Onlar həmin binaları sakinlərin ora yenidən qayıtması şərtiylə sökəcəklər. Binalar hündürmərtəbəli olacaq, boş qalan mənzillər də satılacaq. Dövlətin xərci kirayə haqlarına çıxacaq. Bir şərtlə ki həmin tikinti şirkətləri yeni işçi qüvvələri cəlb etsinlər.

Bir şeyi də qeyd edim ki, ölkə başçısı vətəndaş cəmiyyətinin də iştirak edəcəyi ictimai şuraların yaradılacağını dedi . Mən bu təklifi ikiəlli dəstəkləyirəm. Burada ictimaiyyət nümayəndələri iştirak edəcəksə, qanunsuz işlərin qarşısını ala bilərik. Onlara müstəqillik verilməlidir. Mən Putin hakimiyyətini tez-tez tənqid edirəm, amma Putinin bir işini təqdir etmək istəyirəm. O da öz yanında bir Xalq Cəbhəsi Hərəkatı yaradıb. Putin bu yolla məmurları nəzarətdə saxlayır. Neçə qubernator rüşvət üstündə işdən çıxarılıb. Azərbaycanda da güclü nəzarət olsa, monopoliyaların qarşısını almaq olar.

“Onlar yəqin bizi yenidən inhisarçı dövrə qaytaracaqlar”

- İslahatların hansı istiqamətdə olmasını istəyirsiniz?

- Real islahatlar həyata keçirilmir, vədlər verilir. Amma mən bu hökumətdən heç islahat da gözləmirəm. Bir çoxu keçmiş sovet rejimində çalışıb, kommunist təfəkkürə sahibdirlər. Bir çoxları da monopoliyaların yaranmasında bilavasitə iştirak edirlər. İndi monopolist nazirlər deyir ki, bundan sonra qanuni çalışacağıq, rüşvət olmayacaq, sahibkara hər cür şərait yaradacağıq. Bu onu öz istəyindən demir axı. Sadəcə prezidentin siyasətini görüb qorxur, çəkinir. Bu açıqlamaları deməyə məcbur qalır. Amma məndə təminat yoxdur ki iki aydan sonra bunun siyasəti əvvəlki siyasətinə qayıtmayacaq. Ona görə də hökumət dəyişməlidir. İslahata meyilli olan gənclər bu işlərə cəlb olunmalıdır. Belələri də kifayət qədərdir.

Həmçinin indiki Nazirlər Kabineti ilə də real islahatların həyata keçiriləcəyini düşünmürəm. Onlar yəqin bizi yenidən inhisarçı dövrə qaytaracaqlar. Onu da anlamalıdırlar ki, nazirlər əməlləri ilə ölkəni uçuruma aparırlar. Biz gördük ki, Azərbaycanın bir nömrəli nazirliyi rəhbərlik səviyyəsində hansı işlərlə məşğul olub. Akif Çovdarov əslində sahibkarlardan tutub pul almaqla Azərbaycana dövlətinə olan inamı sarsıdıb. Həmin sahibkarlar pulunu götürüb xaricdə iş görür. Niyə azərbaycanlıların Rusiyada, Türkiyədə başqa ölkələrdə olan işləri uğurlu alınır? Onlar həmin işləri burda da təkrarlamağa hazırdılar. Burada nazirlər, bürokratlar imkan vermirlər, çünki sahibkaralara, düşünmək istəyən insanlara problemlər yaradıblar. Anlamırlar ki, bununla əslində milli təhlükəsizliyimizə problem yaradırlar. Ona görə də bu insanlarla sağollaşmaq lazımdır.

“AZTV tərifdən qurtarsın!”

- İnsanlarda aqressiya yüksəlib, intiharlar, özünü yandırmalar baş verir. Elə dünən biz bəlkə də ilk dəfə idi ki, vətəndaşın polis maşınını çəkiclə döyəclədiyinin şahidi olduq...

- Bu da onun nəticəsidir ki, dialoq mühiti azalıb. Bizdə daha çox monoloqu xoşlayırlar. Məsələn, rəsmi “Azərbaycan” qəzeti bəzən tənqidə yer verir, bu çox normaldır. Mən istəyərdim ki, AZTV də tərifdən qurtarsın, real dialoqa imkan yaratsın. İnsanlar bu kanalda problemlərindən də danışa bilsinlər. Ona görə də hardasa insan öz acığını nədənsə çıxarır. Polisin maşınını vurur, cinayətkarlığın, intiharların da sayı artır. İslahatları ona görə dərinləşdirmək lazımdır ki, insanların iş yerləri olsun, evlərinə pul apara bilsinlər. Aparmayanda cinayətkarlıq çoxalacaq.

İndiyə kimi biz axşamlar rahat küçədə gəzə bilirdik, indi isə gəzə bilməyəcəyik, çünki işıqları da söndürürlər. Bu durumu anlaya bilmirəm. Biri çıxıb bunu camaata anlatmalıdır. “Azərişıq” deyir ki, mənlik deyil, BŞİH onluq deyil. Kimsə real izah eləsə ki, enerjiyə qənaət etməliyik, heç kim nəsə deməyəcək. Amma qurumlar topu bir-birlərinə atırlar. Onda biz sizə necə inanaq ki, siz islahatlar aparacaqsız? Siz topu bir-birinizə atırsınızsa, sizdən islahatmı gözləmək olar?

Yaxud Mərkəzi Bank Maliyyə Nazirliyini ittiham edir, ya əksi baş verir. Dolayısı yolla məsuliyyətdən qaçmaq istəyirlər. İkisi də dövlətin inkişafına məsuldur. Hər biri vahid komandada işləməlidir. İkisi arasındakı bu dolaşıq ifadələr komandanın olmamasından xəbər verir. İki dəfə Mərkəzi Bank rəhbəri dedi ki, devalvasiya olmayacaq, amma oldu. Bundan sonra kim o Mərkəzi Bankın rəhbərinə inanar?

Sizə bir faktı açıqlayım. AŞPA-nın yanvar sessiyasında bizim deputatlar Qarabağla bağlı qətnamənin Azərbaycanın lehinə qəbul edilməsi üçün əllərindən gələni etdilər. Amma məndə məlumat var ki Azərbaycan XİN-ni bunun üçün real iş görməyib. Avropalı deputatlarla təmas qurmalısan, lobbi fəaliyyəti aparmalısan. Ermənistan XİN-nin müavini tək-tək həmin qətnamə komitələrdən keçəndə avropalı nazirlərə zəng edib ki, deputatlarınıza təsir edin, o sənədə səs verməsinlər. Amma bizim səfirliklər sadəcə bir neçə deputata məktub göndəriblər ki səs verməsinlər. Məndə məlumat var ki, onlar da əksinə, yəni bizim əleyhimizə səs veriblər.

- Nəzərə alsaq ki, lobbiçilik fəaliyyəti üçün büdcədən kifayət qədər pullar ayrılır...

- Bəli. Bundan əlavə, bizim Diasporalarla iş üzrə Dövlət Komitəmiz də var. AŞPA-dakı nümayəndə heyəti, XİN, Komitə bir yerdə çalışmalı idi. Amma bütün məsuliyyət AŞPA-dakı nümayəndə heyətinin üstünə düşdü. Amma o üçü bir arada olsaydı, biz həmin dörd səsi alardıq, Qarabağ qətnaməsinə bizim xeyrimizə səs verərdilər.

“Döşəklər o monopolist nazirlərdədir ki, xariclərdəki banklarda gizlədiblər”

- Bir ölkənin maliyyə nazirinin vətəndaşlara xitabən “pullarınızı yastığın altında gizlətməyin, banka qoyun” deməsini siz necə dəyərləndirdiniz?

- Əslində sivil dövlətlərdə bu normal mesajdır. Yastığın, döşəyin altında saxlamaqdansa banka qoy, həm özün qazan, təhlükələrdən qorun, həm də dövlət qazansın. Amma Azərbaycanın indiki şəraitində adamlar pulu döşəyin altına qoyurlar. Əslində döşəyin altında da pul yoxdur ey. Uzaqbaşı hər döşəyin altından 1000-1500 manat pul çıxar. Döşəklər o monopolist nazirlərdədir ki, xariclərdəki banklarda gizlədiblər. Bunları ölkəyə gətirmək lazımdır ki, Azərbaycan iqtisadiyyatı inkişaf etsin. Yoxsa Samir Şərifov deməklə ki yastığın altından çıxardıb banka qoyun, belə vəziyyət düzəlmir.

Necə insan banka qoysun ki, bank bağlanır, ikinci də ki əmanətlərə 30 min manatlıq sığorta var. Bəlkə biri 50 min qoyub, o deməkdir ki, 20 mini batacaq. Dollarla qoyulan əmanətlərdə məsələn, əvvəllər 30 min dollar elə 30 min manat idisə, indi isə 45 minə manata yaxın pul edir. Burada vətəndaş itirəcək.

O da var ki evdə çox pul saxlamaq da təhlükəlidir. Samir Şərifov deyir ki, oğrular girib evi yara bilər. Əslində bununla dövlətin başqa bir qoluna Daxili İşlər Nazirliyinə top atmış olur. Yəni oğruların sayı o qədər çoxdur ki, yastıqların altındakı pulların hamısı oğurlana bilər.

Azərbaycanda rəsmi varlı adam varmı? Amma qonşu ölkələrdə rəsmi şəkildə varlı olan adamlar var. Adları da bəllidir, şirkətləri də. Biz bilirikmi ki, hansı sahibkarımızın neçə milyard pulu var? 
Ancaq onu bilirik ki, bəzi nazirlərimiz çox varlıdır, çünki monopolistdirlər. Hansısa rayonlara təhkim olunublar. Onların icra başçılarını da təyin edirlər. Otelləri, şirkətləri var. Ona görə də Samir Şərifov üzünü onlara tutub deməlidir ki, birinci dövlət vəzifəsi tutursansa, sahibkarlıqla məşğul olma. İkincisi, əgər kənarda pulun varsa, bunu xarici bankda yox, Azərbaycanda saxlamalısan ki iqtisadiyyatımız inkişaf etsin. Amma o neyniyir, üzünü orta, kasıb təbəqəyə tutub deyir ki, pulunuzu gətirin. Halbuki bir monopolistin pulu həmin kasıb və orta təbəqənin pulundan bəlkə də artıqdır.

- Bu günlərdə “Əli və Nino” kitab evinin sahibi Nigar Köçərli polisin təzyiqinə məruz qaldığını açıqlayıb, ölkə prezidentinə də bu barədə müraciət ünvanlayıb. Eyni zamanda o ictimaiyyətdən də bu istiqamətdə ona dəstək verilməsini istəyir. Siz öz dəstəyinizi ifadə etmisinizmi?

- Məsələdən xəbərim var. Hər iki tərəf bir- birini ittiham edir. İki tərəfin də öz iddiası var. Burada tərəf tutmaq da çətindir. Əlbəttə, Nigar xanım vətəndaş cəmiyyətinin tanınan simasıdır, ali bir işlə məşğul olur. Bakıda kitab mağazaları açıb, baxmayaraq ki, elə güclü gəlir də əldə etmir. Əslində dövlət ona dəstək verməlidir ki, kitab mağazalarının sayı çox olsun. Belə baxanda simpatiyam Nigar xanımın tərəfindədir. Yenə də deyirəm ki, məsələ araşdırılmalıdır. Əslində DİN deməli idi ki, biz bunu araşdıracağıq. Araşdırma olmadan polis rəisini dəstəkləməyi düzgün hesab etmirəm.

Günel Türksoy

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024