Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (18-12-2015, 13:53)
Siyavuş Novruzov: “Nardaran hadisələrində İranın təsiri var”

Siyavuş Novruzov: “Nardaran hadisələrində İranın təsiri var”

 

“Məsuliyyətə cəlb edilənlərin ifadələri göstərəcək ki, keçmiş nazirlər həbs olunmalıdır, ya yox” 

 

Mediatv.az Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun APA-ya müsahibəsini təqdim edir:
 
- 2015-ci il başa çatmaq üzrədir və bu il Azərbaycan üçün bir sıra hadisələrlə yadda qaldı. Bəziləri bu proseslərin Azərbaycanda hakimiyyətin durumunu çətinləşdirdiyini bildirir. Ümumiyyətlə, başa çatmaqda olan ili necə xarakterizə edərdiniz və bundan çıxış edərək növbəti ili necə proqnozlaşdırmaq olar?
 
- Mən deyərdim bu il ilk növbədə Azərbaycan üçün uğurlu il oldu. Azərbaycan bir neçə siyasi, ictimai, idman və humanitar aksiyalar həyata keçirdi. Ölkənin iqtisadiyyatı inkişaf etdi. Baxmayaraq ki, neftin qiymətinin düşməsi müəyyən problemlər yaradır, amma vaxtilə əsası qoyulan uğurlu siyasətin nəticəsi olaraq qeyri-neft sektorunun inkişafına ayrılan diqqət Ümumi Daxili Məhsulun artımında özünü göstərdi. Azərbaycan ilk dəfə olaraq Avropanın ən böyük tədbirini – ilk Avropa Oyunlarını keçirdi. Oyunlar o qədər yüksək standartlarla təşkil olundu ki, başqa dövlətlərin gələcəkdə bu standartlara çatmaq üçün hansı addımları atacaqları bəlli deyil. Çünki növbəti illərdə bu oyunlar ayrı-ayrı ölkələrdə keçirilməlidir. Həmçinin ölkəmizdə bir sıra böyük forumlar təşkil olundu. Həm humanitar forumlar, həm tolerantlıqla bağlı bütün dünyanın mötəbər siyasətçilərinin iştirak etdiyi tədbirlər keçirildi. Bundan başqa, ölkədə mühüm siyasi aksiya keçirildi ki, bu da növbəti parlament seçkiləridir. Azərbaycan Milli Məclisini xalq yenidən formalaşdırdı. Şəffaf və ədalətli seçki keçirildi. Həm daxili müşahidəçilər, həm ayrı-ayrı dövlətlərdən gələn müşahidəçilər öz bəyanatlarında seçkilərin azad şəkildə keçirildiyini açıq ifadə etdilər. Bu seçki həm müşahidəçilərin say çoxluğu ilə, həm də keçirilən tədbirlərlə əvvəlkindən fərqləndi. Dünyanın hər yerindən müşahidəçilər iştirak edirdi. Bu, onu göstərdi ki Azərbaycan dünyanın diqqətini cəlb edir.
 
Növbəti il üçün də hesab edirəm ki, Azərbaycan əsası qoyulmuş uğurlu siyasət sayəsində öz inkişaf strategiyasını davam etdirəcək.
 
- ATƏT PA və qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkiləri müşahidə etməkdən imtina etdilər. Azərbaycan tərəfi isə müxtəlif səviyyələrdə bu qurumla əməkdaşlığa yenidən baxılacağı barədə bəyanatlar verdi. Əməkdaşlıq dayandırıla bilərmi?
 
- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu əvvəldən Azərbaycana qarşı qərəzli yanaşıb, Azərbaycan haqqında həmişə mənfi rəy formalaşdırmağa çalışıb. Biz onları yenə də seçkilərə dəvət etdik və bildirdik ki, 125 dairənin hər birinə 1 müşahidəçi gəlsin. Bu, qısamüddətli müşahidəçilər barədə idi. Bundan başqa, 6 nəfər də uzunmüddətli müşahidəçi dəvət etdik. Onlar isə bunun əvəzində 360 nəfər müşahidəçi göndərəcəklərini dedilər. Buradan sual doğur. Bu sualı ATƏT PA-da da veriblər ki, nəyə görə Azərbaycandan ərazisinə və əhalisinin sayına görə dəfələrlə böyük olan Ukraynaya 200-ə yaxın, Rusiyaya cəmi 47 nəfər, Qazaxıstana 100-ə qədər müşahidəçi göndərildiyi halda, bizə bu qədər çox göndərmək istəyirsiniz? Cavabında dedilər ki, maddi imkanlarımız məhduddur. İndi biz soruşuruq, bəs Azərbaycana göndərmək lazım gələndə niyə maddi imkanlarınız məhdud olmadı? Ermənistana isə 60-dan yuxarı müşahidəçi göndərmirlər. Bütün bunların hamısı bilavasitə onların qərəzindən irəli gəlirdi. Biz də cavab verdik ki, tələbimiz bundan ibarətdir, istəyirsiniz müşahidəçi göndərin, istəyirsiniz göndərməyin. Amma artıq onların məqsədi məlum idi. Müşahidəçi məsələsi bəhanəydi. Onlar o bəyanatı vermək üçün bəhanə axtarırdılar və tapdılar. Ermənistanda keçirilən seçkilərdə namizədlərə təzyiqlər oldu, prezidentliyə namizədin birini güllələdilər, ikili pasportla səs verildi və sair və ilaxır. Amma bütün bunların ardınca ATƏT-in bu qurumu bəyan etdi ki, guya Ermənistanda azad seçkilər keçirilib. Halbuki, minlərlə fakt sübut edir ki, Ermənistanda heç vaxt azad seçki keçirilməyib. Durub Əfqanıstanla bağlı bəyanat verirlər ki, demokratik seçkilər keçirilib. Əfqanıstan əhalisinin 80 faizi heç yazı-pozunu bilmir, orda necə demokratik seçki keçirilə bilər?..
 
Yəni bunlara harada maraqlıdırsa, orada seçkilərə demokratik deyirlər. Harada tapşırıq gəlir ki, demokratik keçirilən seçkilərə kölgə salınsın, dərhal kölgə salırlar və sair. Bu baxımdan da bizim onların qarşısında heç bir öhdəliyimiz yoxdur. Biz Avropa Şurasının üzvüyük və Avropa Şurası ilə əməkdaşlıq edirik. Onların da bilavasitə vəzifəsinə daxildir ki, bu seçkilərin monitorinqini həyata keçirsinlər. Onlar da keçirdilər və Azərbaycanda azad, ədalətli seçkinin keçirilməsi ilə bağlı bəyanat verdilər. O ki qaldı ATƏT ilə bundan sonrakı münasibətə, əgər istəsələr, əməkdaşlığı davam etdirəcəyik, istəmirlərsə, bizim də onlarla əməkdaşlıq etməyə elə də həvəsimiz yoxdur.
 
 - Avropa Şurası demişkən, bu qurumun baş katibi Tyorbyorn Yaqland ilk dəfə öz səlahiyyətindən istifadə edərək Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi ilə bağlı ölkəyə araşdırıcı missiya göndərməyi qərara alıb.
 
- Bilirsiniz, onlarla ölkə var ki, Avropa Şurasının üzvüdür, lakin insan haqları ilə bağlı hər hansı proseduru yerinə yetirmir. Hətta Avropa Məhkəməsinin çıxardığı qərarları icra etmirlər. Məsələn, Böyük Britaniyada yerinə yetirilmir. Başqa dövlətlərdə də belə hallar var, bəzən görürsən ki, milli qanunvericiliyi beynəlxalq hüquqdan üstün tuturlar. Hərdən o qədər ədalətsiz qərarlar qəbul edirlər ki, nəticə etibarilə bu cür proseslər yaranır. Artıq onların çıxardığı qərarların ədalətliliyinə insanlarda ciddi şübhə yaranır.
 
Azərbaycanda insan haqları ilə bağlı heç bir problem yoxdur. Hər bir kəsin oxumaq, siyasi partiyalarda birləşmək hüququ, dini etiqad azadlığı və digər hüquqları var. Bunlar heç vaxt məhdudlaşdırılmır. O vaxt məhdudlaşır ki, qanun pozulur. Azərbaycanda məsuliyyətə cəlb olunan insanlar bu və ya digər şəkildə qanunu pozduqları üçün məsuliyyətə cəlb olunublar. Onların siyasi, peşə fəaliyyəti ilə əlaqəli deyil. Amma onlar hesab edir ki, guya burada insan haqları pozulur. Bu da onunla əlaqədardır ki, orada bəzi şəxsləri erməni lobbisi maliyyələşdirir və təbii ki, ermənilərin istəklərini yerinə yetirirlər. Onlara ayrılan bu kimi qrantlar hesabına öz funksiyalarını yerinə yetirmək əvəzinə, başqa işlər – ölkələrdə iğtişaşlar yaratmaq, insanları küçələrə çıxartmaq, bir sözlə, qarışıqlıq yaratmaq planlayırlar.
 
- ABŞ-ın Helsinki Komissiyasının sədri Konqresə qanun layihəsi təqdim edib. Layihədə Azərbaycan hakimiyyətinin yüksək vəzifəli nümayəndələrinə sanksiya tətbiq edilməsi, onlara viza verilməsinə qadağalar tətbiq olunması nəzərdə tutulur.
 
- Mən hesab etmirəm ki, o layihə Konqresdə qəbul olunacaq. Bu, sadəcə erməni lobbisinin növbəti həmləsidir. Erməni lobbisi növbəti dəfə Azərbaycanın adının hallandırılması, Azərbaycanın reytinqinə təsir göstərilməsi üçün ortaya nəsə atıb. Özü də burada tək Azərbaycanın adı yox, 10-dan artıq ölkənin adı var. Amma bəzi mətbuat vasitələri məqsədli şəkildə Azərbaycanın adını kontekstdən çıxardıb, qabardırlar. Ona görə də inanmıram ki, Konqres bu layihəni qəbul edib hansısa sərt qərar qəbul edəcək. ABŞ Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycan antiterror əməliyyatlarında həmişə iştirak edir, dövlətlərarası münasibətlər normaldır.
Azərbaycana ABŞ-dan bir ara səfir təyin olunan vaxt da erməni lobbisi aranı qatmışdı. Metyu Brayzaya imkan vermədilər bir ildən artıq işləsin. Erməni lobbisinin basqısı ilə elə vəziyyət yarandı ki, prezident xüsusi səlahiyyətindən istifadə edib onu yalnız 1 il müddətinə səfir təyin edə bildi. Sadəcə olaraq, erməni lobbisi istəmirdi ki Azərbaycanı sevən, Azərbaycan-ABŞ münasibətlərini gözəl inkişaf etdirəcək biri bura səfir təyin olunsun. İndi Konqresdə birdən görürsən ki, dinləmələr keçirilir, Azərbaycanı söyürlər. Hamısı da vaxtilə burada bizneslə məşğul olanlardır. Məsələn, o vaxtkı səfir Kozlariç vaxtilə burada bizneslə məşğul olub, özü də güzəştli bizneslə. İndi hansısa institutda çalışmasına baxmayaraq, bütün günü Konqresdə Azərbaycanın məsələsini qaldırır. Bütün bunlar 100 ildir orada yaşayan erməni lobbisinin ayırdığı maliyyə hesabınadır.
 
- Azərbaycan Milli Məclisinin yeni tərkibi siyasi partiyaların təmsilçiliyi baxımından da dəyişdi. Əvvəlkindən fərqli olaraq, artıq 3 tanınan partiya sədri parlamentdə təmsil olunmur və onlardan ikisi - İqbal Ağazadə (Ümid Partiyası) və İlyas İsmayılov (Ədalət Partiyası) nəticədən razı deyil.
 
- Bu, seçkidir. Seçkidə hər bir namizəd çalışır ki, öz platformasını insanlar qarşısında açıq qoysun. Seçici də ona uyğun şəkildə səs verir. İkincisi, burada sosial baza və elektorat məsələsi var. Bu, sırf seçkidir, təyinat deyil. Artıq parlamentdə yeni nəfəs, yeni insanlar var. Gənclərin, qadınların sayı daha çoxdur. İndi kimsə seçkinin nəticələrindən narazıdırsa, aidiyyəti instansiyalar var, müraciət edə bilər. Bu, onların hüquqlarıdır. Amma artıq Azərbaycanın Konstitusiya Məhkəməsi nəticələri təsdiq edib və məsələ bitib. İqbal Ağazadə və İlyas İsmayılov seçicilərin səsini bu dəfə yığa bilməyiblər, onların dəstəyini qazana bilməyiblər.
 
- Parlament seçkilərindən sonra adətən Mərkəzi Seçki Komissiyasının tərkibi yenidən müəyyənləşir. Əvvəl Milli Məclisdə təmsil olunan bir neçə partiya bu dəfə parlamentə keçə bilməyib. MSK ilə bağlı məsələ necə olacaq?
 
- Belədir ki, Milli Məclisin tərkibi yenidən seçildikdən sonra MSK yenidən formalaşdırılmalıdır. Orada 6 nəfər Yeni Azərbaycan Partiyasının, 6 nəfər bitərəflərin, 6 nəfər isə digər siyasi partiyaların nümayəndələri olur, namizədlikləri müvafiq olaraq irəli sürülür. Yəqin ki, növbəti sessiyada bu məsələ parlamentdə həll olunacaq.
 
- Nardaran hadisələrinin ardınca parlamentdə qanunvericiliyə edilən dəyişikliklər birmənalı qarşılanmayıb, hətta bunu Azərbaycanda dini ayinlərə, mərasimlərə təzyiq kimi xarakterizə edənlər var. Bu barədə nə deyə bilərsiniz?
 
- Dəyişikliklərin səbəbi qətiyyən Nardaran hadisələri deyil. Bu, sosial sifariş idi. Dünyada dini ekstremizm geniş yayılıb. Söhbət tək İslam dinindən getmir. Birdən görürsən ki, Avropada müsəlmanlarla xristianlar arasında kütləvi qarşıdurmalar yaranır, başqa-başqa ölkələrdə silahlı münaqişələr var. Azərbaycanda da buna meyl yaranıb və ölkəni tərk edərək o ölkələrdə din adı altında münaqişələrə axın edənlər var. Suriya, İraq və sair... Bununla əlaqədar biz qanunvericiliyimizi sərtləşdirdik və yeni dəyişikliklər və əlavələr layihəsi qəbul etdik ki, belə halların qarşısını alaq. Bu məsələlərin əsas mahiyyəti nədir? Açıq deyək, son vaxtlar Azərbaycanın dövlət quruluşunun dəyişdirilməsinə cəhdlər var. Yəni hansısa bir ölkənin quruluşunun Azərbaycanda tətbiqini həyata keçirmək istəyirlər. Azərbaycan xalqı isə referendum yolu ilə öz müqəddəratını müəyyən edib, dünyəvi dövlət yaradıb. Xalq hüquqi və demokratik dövlət qurub. Lakin bəzi şəxslər bəzi ölkələrin təhdidi, sifarişi ilə Azərbaycanda dini dövlət, başqa-başqa dövlət formalarının tətbiqinə cəhd etməyə başlayıblar. Çağırışlar edirlər. Ən əsası da bu funksiyanı yerinə yetirmək üçün fəaliyyətə başlayıblar. Bunların qarşısı mütləq alınmalıdır. Ona görə də biz bu qanunvericilik dəyişikliyini həyata keçirdik. Xaricdə təhsil alaraq, gəlib Azərbaycanda dini ayinləri yerinə yetirənlərlə bağlı məsələyə gəldikdə isə, bunun özü də çox ciddi məsələdir. Məsələn, ABŞ-da iki məsələyə xüsusi diqqət verilir: 1) ABŞ prezidenti mütləq ölkədə doğulan ölkə vətəndaşı olmalıdır; 2) İbtidai siniflərdə dərs deyən müəllim mütləq ABŞ-da doğulmalıdır, ölkənin vətəndaşı olmalıdır. Çünki uşağın ilk dəfə şüurunun formalaşmasında, təlim-tərbiyəsində rol oynayan şəxs Amerika psixologiyasına malik olmadan, hansısa bir ölkənin psixologiyasını daşıyıb o uşağın beyninə yeritdiyi təqdirdə, uşaq artıq Amerika düşüncə tərzinə malik olmayacaq. O baxımdan da dini ayinləri insanlara çatdıran insan Azərbaycanda təhsil almalıdır. Çünki o insan hansısa xarici ölkədə oxuduğu müddət ərzində - hansı ki, erkən yaşlarından etibarən 10 müddətinə təhsil alır - bu müddətdə təhsillə yanaşı, həmin ölkənin yaşam tərzini, təfəkkürünü, düşüncələrini özü ilə daşıyıb gətirir. Burada dini mərasimlərin, ayinlərin yerinə yetirilməsində də o psixologiya ilə hərəkət edir. Hətta bəzən görürsən ki, o ölkələrdə oxuyan şəxs oranın kəşfiyyat orqanlarının təsiri altına düşür. İndi biz eyni zamanda çalışırıq ki, öz ölkəmizdə bu cür məktəblərin sayı artırılsın və ibtidaidən başlayaraq uzunmüddətli bir dini təhsil sistemi qurulsun ki, xaricə getməyə ehtiyac qalmasın. Müxtəlif dini mədrəsələrin yaradılmasını da düşünürük.
 
- Bu məsələ Azərbaycanın bir sıra müsəlman ölkələri ilə dini təhsil sahəsində əlaqələrinə və tələbə mübadiləsinə zərər vurmayacaq? Məsələn, başqa ölkələr iddia edə bilərlər ki, onlarda təhsil alan məzunların burada çalışmasına məhdudiyyətlər yaranır, yaxud işlə təmin olunmur və s...
 
- Onlar sadəcə, dini ayinləri yerinə yetirə bilməz. Məsələn, məsciddə oturub xütbə oxuya bilməz. Axund və ya imam təyin oluna bilməz. Amma gedib Elmlər Akademiyasında çalışa bilər, təhqiqat apara bilər, orta məktəbdə dərs deyə bilər və sair. Bilirsiniz, Azərbaycanda İslam modeli ən doğru modeldir. Bizdə din dövlətdən ayrıdır, amma dövlət dinə həmişə qayğı göstərir. Bu model çox düzgün seçilmiş modeldir. Bunu dəyişdirməyə cəhd göstərənlər isə çox yanlış yoldadırlar.
 
- Nardaran hadisələrinə qayıdaq. Nardaranda həyat tərzinin ölkənin digər yerlərindən fərqli olduğu, orada dini qayda-qanunların hökm sürdüyü hər kəsə məlum idi. Necə oldu ki, dövlət məhz indi qəti addım atmağa qərar verdi?
 
- Nardaranda mütəmadi olaraq sosial problemlər adı altında müxtəlif hadisələr baş verib. Nardaran camaatının böyük hissəsi inanclı insanlardır. Lakin etiraf etmək lazımdır ki, Nardaranda başqa dövlətin təsiri altına düşənlər, həmin ölkədə təhsil və təlim alanlar, oranın maliyyə diktəsi ilə hərəkət edənlər var. Bir çox dini ekstremistlər də oranı özlərinə baza seçmişdilər. Son hadisələr zamanı orada tutulanların əksəriyyətinin Nardarana heç bir aidiyyəti yoxdur. Oranın sakini deyillər, Azərbaycanın digər bölgələrindədirlər. Baza kimi Nardaranı seçmək, orada gizlənmək, orada təlimlər keçmək və ən əsası da, buradan mərkəzləşib dövlət quruluşunun dəyişdirilməsi planının qurulması bilavasitə o qəsəbənin ölkə qanunları ilə deyil, özlərinin qurduğu qaydalarla, daha dəqiqi, başqa dövlətin qaydaları ilə idarə olunmasını pik nöqtəsinə çatdırdı. Ona görə dövlət hərəkətə keçdi. Artıq məlumat çatmışdı ki, vəziyyət ciddi şəkil alıb və orada toplaşan ekstremist insanlar digər bölgələrdə də özlərinin yerli təşkilatlarını yaradıblar. Əsas məqsəd isə Azərbaycanın dövlət quruluşunun dəyişdirilməsidir. Açıq şəkildə buna cəhd göstərirdilər. Ayrı-ayrı bölgələrə məktublar, müraciətlər göndərirdilər. Yaxud başqa bölgələrdən bəzi insanlar bu məqsədlə Nardarana axın edirdilər, ekstremistlərə biət edirdilər. Bütün bunların üstü açılandan sonra orada təmizlənmə işinə qərar verildi.
 
- Bu hadisənin ardınca qonşu İranın bəzi ayətullahları, deputatları Azərbaycan dövlətini qınadılar və orada həbs olunanları qəhrəman elan etdilər. Siz başqa dövlətin bu işə təsirindən danışırsınız. Həmin dövlət İrandır?
 
- Bəli. Ümumiyyətlə, İran və Azərbaycanın münasibətlərinin pozulmasına ciddi cəhd edənlər var. İran parlamentinin təhlükəsizlik komitəsinin sədr müavini, general Mənsur Həqiqətpur Nardaran hadisələri barədə danışmazdan əvvəl də Azərbaycanla bağlı çoxlu xoşagəlməz bəyanatlar səsləndirib. Bu yaxınlarda orada yerli televiziya kanallarının birində azərbaycanlılar təhqir olundu. Baxmayaraq ki, Həqiqətpur özü deputat kimi o bölgədən - Ərdəbildən seçilib və deyilənə görə azərbaycanlıdır, amma öz seçicilərinin hüquqlarını müdafiə etmədi. İndi oradan bura guya Nardaranın təəssübünü çəkir, Nardaranda tutulan təxribatçı qrupların hüquqlarının müdafiəsi ilə məşğuldur. Həqiqətpur keçmiş kəşfiyyat generalıdır və onunla bağlı Azərbaycanda cinayət işi qaldırılıb. Vaxtilə burada səfirlikdə çalışdığı müddətdə təxribatçı əməllərlə, ermənilərə məlumat ötürməklə məşğul olub. Onun Nardaranda da adamları var idi. Belələrinin məkrli niyyətləri ilə Nardaranda inanclı insanlar təsir altına alınmağa cəhd edilir. Yoxsa, Nardaranda xeyli inanclı, ziyalı, vətənini sevən insanlar var.
 
Ümumiyyətlə, İranın bu işdə marağı olması məsələsinə gəldikdə, açıq demək lazımdır ki, əlbəttə, hər dövlət istəyir ki, yaxınlığındakı ölkə onun istəyinə uyğun şəkildə dövlət qursun. Biz isə istəyirik ki, dövlətimiz azad, demokratik dövlət olsun. O baxımdan, yəni bunların cəhdlərinə baxmayaraq, Azərbaycan öz yolu ilə gedir. Qonşu dövlət təbii ki, Azərbaycanın bu qədər inkişafını, güclü və müstəqil dövlət olmasını istəməz. Azərbaycanda söz, mətbuat azadlığı var, azad telekanallar var, İnternet azaddır, hər şey göz qarşısındadır. Bu da bəzilərinə sərf eləmir. Nəticə etibarilə də bu cür insanlar vasitəsilə niyyətlərini həyata keçirirlər. Burada bəzi insanların şüuruna yeritməyə çalışırlar ki, guya Azərbaycanın dövlət quruluşu səhvdir və dəyişdirilməlidir.
 
- Nardaran hadisələrinin ardınca “Günəşli” yatağında faciə baş verdi, insan itkisi oldu. Bu hadisə ilə bağlı cəmiyyətdə birmənalı fikirlər səsləndirilmir. Siz nə düşünürsünüz?
 
- Bu, sırf faciədir. İndi bununla bağlı istintaq da gedir və öz nəticələrini açıqlayacaq. Bilirsiniz, ən yüksək texnologiyaya malik olan Yaponiyada da sunami qalxanda minlərlə insan həlak olur. Yaponiyada AES qəzası yarandı, nə qədər insan tələf oldu. Bizdə də bu, təbii fəlakət idi. Küləyin həmin gün güclü olması, dənizdə təbii şəraitin çətinləşməsi və sair amillər buna əsas yaratdı. Bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə nəzərdə tutulmuşdu. Oradakı bütün qayıqlar Cənubi Koreyadan alınmış son modellərdir. Deyildiyi kimi köhnə deyil. Yəni dövlət üzərinə düşən hər şeyi edib, edir və edəcək.
 
- Bu ərəfədə eyni zamanda ölkədə milli təhlükəsizlik, rabitə və yüksək texnologiyalar nazirləri səviyyəsində vəzifədən azad edilmələr, ardınca isə o qurumlarda islahatlar, kütləvi işdən çıxarmalar və həbs dalğası başladı. Xüsusilə MTN olayı ilə əlaqədar üzə çıxan faktlar cəmiyyətdə şok yaratdı.
 
- Bəzən sadalayarlar ki, hansısa nazir nöqsan əsasında işindən kənarlaşdırılanda hökumət istefaya getməlidir və sair. Prezident ali icra hakimiyyətidir. Dəfələrlə cənab prezident bütün məmurlara xəbərdarlıq edib ki, borcunuz xalqa xidmət etməkdir, xalqı dövlətdən narazı salmayın. Lakin bəziləri yolunu azdı, tamah ardınca başqa istiqamətə getdi. Prezident də son dəfə xəbərdarlıq etdi ki, bu cür şəxslər nəinki işdən çıxarılacaq, hətta vəzifəsində xoşagəlməz əməllərə yol verənlər həbs olunacaq. Biz də bu gün şahidi oluruq ki, həmin insanlar cəzalandırılır. Amma insanlar gərək bunu adi hal kimi qəbul etsinlər. Əlbəttə, aidiyyəti strukturlar gərək vaxtında o qurumlardakı halları görüb, məsələ qaldıraydılar ki, bunlar daha da dərinə getməsin.
 
Hər iki qurumda baş verən bu hadisəyə hərə bir cür yanaşır. Təbii ki, burada xəyanət də, vəzifə səlahiyyətlərini aşma da, cinayət də var və sair. İndi bununla bağlı istintaq gedir və nəticəsi məlum olacaq. Keçmiş MTN-də aparılan struktur islahatı isə artıq bu qurumun daha mükəmməl işləməsinə əsas yaradacaq.
 
Digərləri də baş verənlərdən ibrət götürməlidir. Qalanlarına dərs olmalıdır ki, belə əməllərə yol verməsinlər.
 
- Siz necə düşünürsünüz, hər iki qurumun keçmiş rəhbərinin bu sadaladığınız məsələlərə əsasən həbs olunma ehtimalı varmı?
 
- Bu, istintaqın işidir. Amma onu deyim ki, cənab prezident xəbərdarlıq etmişdi ki, qanunsuzluqlara yol verənlər həm işdən çıxarılacaq, həm də həbs olunacaqlar. İndi müxtəlif adamlar məsuliyyətə cəlb edilib. Onların verdiyi ifadələr göstərəcək ki, hər iki keçmiş nazir həbs olunacaq, ya yox. 
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024