Region (16-11-2015, 14:50)
“Lazımsız adların hamısına qadağa qoymağa çalışırıq”
Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yanında fəaliyyət göstətən Terminologiya Komissiyası yad dillərdə olan bir çox termin və sözlərin Azərbaycanca qarşılığını elan edib.
Mediatv.az xəbər verir ki, bu isə sosial şəbəkələrdə birmənalı qarşılamadığından müzakirələrə səbəb olub. Terminologiya Komissiyasının məsələn, “rozetka” sözünü “elektrik mənbəyi”, “cakkuzi”ni “suçiləyən” kimi yazmağı tövsiyə etməsi bəzilərində hətta gülüş doğurub.
Başqa bir maraqlı məsələ artıq bayağı və utanc gətirən adların get-gedə istifadədən uzaqlaşdırılmasıdır. Bu işlə məşğul olan Terminologiya Komissiyasının işi həddindən artıq çətindir. Adlarını çəkdiyimiz və çəkmədiyimiz terminlərin dilimizə gətirilməsi ilə də bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin yanında fəaliyyət göstərən bu qurum məşğul olur.
Modern.az saytı bu məsələlərlə bağlı Nəsimi adına Dilçilik İnstitutun terminologiya şöbəsinin müdiri, AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmlər doktoru Sayalı Sadıqova ilə müsahibəni təqdim edir:
- Sosial şəbəkələrdə, mətbuatda hazırladığınız terminologiya lüğətinə daxil edilən bəzi sözlər az qala gülüşlə qarşılındı...
- Əvvəlcə onu deyim ki, mətbuatın bu məsələlərə dəstək verməsi çox müsbət haldır. Mətbuatı, ümumilikdə hər bir vətəndaşı Azərbaycan dilinin təmizliyi düşündürməlidir. Bizdə müzakirə olunan terminlər lüğəti hələ ki təklif formasındadır. Yəni çıxmayıb və istənilən sözün təklif olunan qarşılığı müzakirə zamanı dəyişə bilər. Biz hələlik onları təklif kimi hazırlamışıq. Amma sevinirik ki, bu halda belə, bəzi terminlər sosial şəbəkələrdə , mediada müzakirə olunur, təkliflər söylənilir.
- Bəzi terminlərin, anlayışların, sözlərin dilimizə uyğun qarşılıqlarının olması mütləq vacibdir?
- Biz bütün alınma sözləri, terminləri olduğu kimi dilə daxil edə bilmərik. Dilin öz daxilində əgər artım, inkişaf getmirsə, o məhvə doğru addımlayır. Terminologiya Komissiyası artıq 90 ildir ki fəaliyyət göstərir. Onun əsas məqsədi dilin saflığını qorumaq və daxili potensialını inkişaf etdirməkdir.
- Terminlərin siz tərəfdən verilən qarşılıqları niyə narazılıq doğurur?
- Bildiyimiz kimi, dildə ümumişlək olan və ümumişlək olmayan sözlər var. Birincilər əsasən öz dilimizin potensialı hesabına yaranır. İkincilər isə əsasən alınma sözlər və terminlərdən ibarətdir. Həmin terminlər elmin müxtəlif sahələrinə - texnologiyaya, iqtisadiyyata, fizikaya, kimyaya, riyaziyyata və digərlərinə aid olan sözlərdir. Bunlar da kütləni yox, konkret həmin sahələrdə çalışan insanları düşündürür. Çünki bu terminlərdən yalnız aidiyyəti sahələrin insanları istifadə edir. Əgər onlar buna reaksiya vermirlərsə, mütəxəssislər bunu normal qarşılayırsa, deməli, iş normal görülüb. Mən fəxr edirəm ki, Terminologiya Komissiyasının səyi nəticəsində bizim artıq elmi dilimiz formalaşıb. Bu gün artıq Azərbaycanın istənilən riyaziyyatçısı, kimyaçısı, incəsənət xadimi, hətta bədən tərbiyəsi üzrə mütəxəssisi də öz sahəsi ilə bağlı danışanda dilimizin imkanlarından istifadə edir. Deməli, bu sahələrlə bağlı terminologiyamız artıq formalaşıb. Müəyyən sözlər toplanaraq bizə təqdim olunub. Terminologiya Komissiyasının 16 bölməsi var və burada mütəxəssislər çalışır. Onlar da uzun müzakirələrdən sonra son qərarı verirlər. Biz son təklifləri layihə şəklində hazırlamışıq. Təkcə komissiyanın mütəxəssisləri yox, başqa mütəxəssislər də hər hansı bir terminin qarşılığı üçün təkliflər verirlər. Bizim terminologiya lüğətimiz də bütün müzakirələrin nəticəsindən sonra çapa veriləcək.
- Təklif etdiyiniz yeni qarşılıqları, anlayışları mütəxəssislərin qəbuluna şübhəmiz yoxdur. Bəs, onlar geniş ictimaiyyətin, kütlənin istifadəsində ola biləcəkmi?
- “Rozetka” sözünün “elektrik qovşağı”, “elektrik mənbəyi” kimi işlənməsi, sadəcə, təklifdir. Əgər biz dilimizi bu sahədə inkişaf etdirməsək, onun sonu hara gedib çıxar? Məsələn, “kvorum” sözünün qarşılığını biz “yetərsay” kimi verdik. Məgər pis səslənir? Bir sözün dildə öz təsdiqini tapması üçün azı 4-5 il lazımdır. Məsələn, 5 il “bilgisayar” sözü “kompüter”lə birlikdə səsləndi. Nəticədə cəmiyyətdə “kompüter” sözü daha üstün oldu. Sözlər arasında da dubletlər var. Bu zaman iki eyni mənanı ifadə edən sözlər zaman keçdikcə bir-birini vurub sıradan çıxarırlar. O zaman hamı bizə deyirdi ki, “bilgisayar” sözü daha uyğundur. Amma dil zamana tabedir. O zaman Rəsul Rza “svetafor” sözünü “işıqfor”la əvəz olunmasını deyəndə, hamı ona qarşı çıxdı. Amma görürük ki, bu gün həmin söz öz təsdiqini tapıb.
- Nəşr olunacaq “Terminlər lüğəti”ndə nə qədər təzə termin olacaq?
- Hazırda 2500-ə qədər termin toplanılıb. Bəzi terminlər son illər dildə yaranan anlayışları ifadə edir. Demək olar ki, həmin lüğətin haradasa 30 faizi alınma sözlərdir. Biz istəyirik ki, alınmaların qarşısını bacardığımız qədər alaq. Onların Azərbaycan dilində qarşılığını yaradaq. Odur ki, yeni terminologiya lüğətində sözlərin 70 faizi dilimizin daxili imkanları hesabına yaranan sözlər olacaq. Mübahisəli terminlər də var. Məsələn, “cakkuzi” sözünün qarşılığını mətbuatda düzgün də verməyiblər. “Cakkuzi” bütün dünyanın qəbul etdiyi ümumişlək söz olduğu üçün biz onun qarşılığını verməmişik. Sadəcə, onun izahını yazmışıq. İzahda isə “su çiləyici vanna” kimi yazmışıq. Amma bəzi saytlarda bunu qarışdırıblar. Elə biliblər ki, biz “cakkuzi” sözünün qarşılığını “su çiləyici qurğu”, “su çiləyici hovuz” kimi vermişik”. Əslində isə “su çiləyici qurğu” tamam başqa qurğudur. Bunu istilikkeçirmə, energetika sahəsinin mütəxəssisləri tam başqa qurğu kimi götürüblər. Bu bir nümunə idi. Bu kimi başqa sözlər də qarışdırılıb.
- Sizin komissiyanın hazırladığı “Şəxs adları lüğəti” hansı zərurətdən yarandı?
- Bizə çox müraciət edilirdi. Şəxs adlarının əksəriyyətinin yazılışını bizdən soruşurlar. Sonra gördük ki, həqiqətən də rəsmi idarələrdə yazılmasında çətinlik yaşanan adlar var. Məsələn, Fuad, Afad, Bəsti kimi adlarda “t” yoxsa “d” samitinin işlənməsini soruşurlar. Bu cür sorğular tez-tez olurdu. Ona görə qərara aldıq ki, həqiqətən də belə lüğətin hazırlanıb dövlət qeydiyyat idarələrinə verilməsi çox vacibdir. “Məhəmməd” sözü bəzi yerlərdə Məmməd, bəzi yerlərdə Məhəmməd kimi yazılıb. Amma görürük ki, bəzi yerlərdə onun “Mamed “ və “Məmiş “ formaları da var. Axı bu sözlər “Mamed”, “Məmiş” kimi yazıla bilməz. Dilimizdə təxminən 200-ə yaxın müzakirəli şəxs adları var. Ona görə də biz 5000 addan ibarət “Şəxs adları lüğəti” hazırladıq. Orada adların düzgün yazılış formaları qeyd olunub. Əvvəllər belə məsələlər bəlkə də insanları maraqlandırmırdı. Amma müasir dövrdə istəyirik ki, şəxs adları dilimizin normalarına uyğun yazılsın.
- Digər problem uşaqlara çox qəribə, dilə yatmayan bayağı adlar qoyulmasıdır. Bunun qarşısını almaq nə qədər çətindir?
- Dünən bizə müraciət edib deyirlər ki, övladıma Ayasofiya adı qoymaq istəyirəm. Hazırda bu məsələlər barəsində düşünürük. İstəyimiz odur ki, övladlara bayağı, dilə yatmayan adlar qoyulmasın. Axı, nəyə görə uşağa bayağı adlar qoyulmalıdır?! Valideyn övladına təkcə ad vermir, ad həm də həmin övladın sabah cəmiyyətə özünü təqdimat forması deməkdir. O, özünü cəmiyyətə hansı adla təqdim edəcək? Bundan əlavə, hər bir ad aid olduğu millətin tarixini, mədəniyyətini özündə əks etdirir. Bizim bəzi bayağı, lazımsız adlara qoyduğumuz qadağa mediada müsbət qarşılanır.
- Komissiya təxminən neçə adı qadağan edib?
- Nə qədər lazımsız və yaxşı olmayan adlar varsa hamısına qadağa qoymağa çalışırıq. “Ansambl”, “Kombayn”, “Tutma” kimi adların əksəriyyətini biz istifadədən çıxarmışıq.