Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (15-07-2015, 17:49)
“İlham Əliyev kifayət qədər ağıllı, təcrübəli, xarizmatik liderdir”

“İlham Əliyev kifayət qədər ağıllı, təcrübəli, xarizmatik liderdir”

 

Müsahibimiz Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevdir

- Qüdrət bəy, Nazirlər Kabinetinin iclasında Prezidentin çıxışlarını müxalifət partiyasının sədri olaraq necə qarşılayırsınız?
 
- Mən belə bir çıxışı çoxdan gözləyirdim. İlin əvvəlində verdiyim müsahibədə qeyd etmişdim ki, sahibkarlığa aidiyyəti olmayan qurumların bu sahəyə müdaxiləsi, onlardan pul tələb etməsi fəaliyyətə mane olur. O cümlədən vergi və hüquq mühafizə orqanları ilə bağlı danışmışdım. Bildirmişdim ki, vaxtilə mərhum prezident Heydər Əliyev qeyd etmişdi ki, hüquq mühafizə orqanları onlara daxil olan şikayət əsasında və ya konkret cinayət hadisəsi ilə bağlı sahibkarların işinə müdaxilə edə bilər. Və bu da müvafiq qaydada baş verməlidir. Yəni sahibkarların maliyyə-təsərrüfat fəaliyyətini yoxlamaq səlahiyyəti olan dövlət orqanlarına müvafiq məktub göndərilir, həmin yoxlamanın nəticələri hüquq mühafizə orqanlarına təqdim edilir və onlar da tədbir görürlər. Ancaq təəssüf ki, belə müdaxilələr var və son dövrlər artıb. Mən bununla bağlı həyəcan təbili çalmışdım. Çünki bu, həm insanları hakimiyyətdən narazı salır, həm də sahibkarların vəziyyətini çətinləşdirir. Son nəticədə yeni iş yerlərinin yaradılmasının qarşısı alınır, büdcəyə qanuni daxilolmaları məhdudlaşdırır və s. Hesab edirəm ki, Prezidentin ətrafında olan müvafiq şəxslərin təqdim etdiyi hesabat əsasında Prezident bu məsələyə şəxsən müdaxilə etməsi zəruriliyi qənaətinə gəlib. Ümid edirəm ki, onun göstərişləri icra ediləcək və sahibkarlar rahat nəfəs ala biləcəklər. Sahibkarlar da susmamalı, bu haqda Prezidenti və ictimaiyyəti məlumatlandırmalıdır.
- Prezident çıxışı zamanı turizm haqqında danışdı, otellərin qiyməti ilə xidmətinin uyğun gəlməməsi, təyyarə biletlərinin qiymətinin yüksək olmasını vurğuladı. Sizin bu mövzuya baxışınız necədir?
 
- Əlbəttə, bizi narahat edən məsələ idi. Media bu barədə dəfələrlə yazır, insanlar şikayətlənirdi. Bəzi hallarda Bakıdan 150 kilometr kənarda 3-4 gün istirahət etmək Antalyada 1 həftə dincəlməkdən baha başa gəlirdi. Eləcə də, təyyarə biletlərinin qiymətinin yüksək olmasını hamı deyirdi. Mən bu məsələləri parlamentdə qaldırmışdım, müqayisə etmişdim. Məsələn, Türkiyə yanacağı idxal, biz isə ixrac edən ölkəyik. Bakıdan Naxçıvana olan təyyarə biletinin qiyməti ilə İstanbul-Ankara təyyarə biletinin qiymətini müqayisə etmişdim. Axı niyə dövlət əlavə olaraq Naxçıvan-Bakı reysindən istifadə edən hər şəxsə görə, 30-40 manat dotasiya ödəməlidir. Axı onsuz da 50 manat təyyarə qiyməti yetərlidir ki, şirkət rentabelli işləsin. Fikrimcə, bu şirkətdə ciddi yoxlamalar aparılsa, bəlli olacaq ki, niyə bu müəssisələr qiymətin aşağı olmasını onlara sərf etmədiyini deyirlər. Çünki 1 manatlıq işi 5 manata gördürəndə vəsait qıtlığı yaranır. Vəsait çatışmazlığı olan kimi isə avtomatik təyyarə biletlərinin qiyməti qaldırılır. Bu da ona səbəb olur ki, insanlar AZAL-ın xidmətindən istifadə etmir. Eyni zamanda, bu, turizmə zərbə vurur, kənardan ölkəyə adam gəlmir. Həmçinin kənar ölkələr AZAL vasitəsilə harasa uça bilər, amma onlar bu xidmətdən istifadə etmirlər. Səbəb kimi bahalıq göstərilir. Biz də xeyli vəsait itiririk. Bunun da yeganə yolu şəffaflığın təmin edilməsidir. Prezidentin özü də Respublika Günü ilə bağlı tədbirdə qeyd etdi ki, ictimai nəzarət olmalıdır. Amma bir var ictimai nəzarət, bir də var institusional nəzarət. İnstitusional nəzarət isə parlament tərəfindən həyata keçirilə bilər. Nəzərə alın ki, mətbuat hansısa faktı yaza bilər. Amma bu fakta görə, hakimiyyətdən məsuliyyəti müxalifət tələb etməlidir. Bizdə isə müxalifət faktiki olaraq çox zəifdir. Biz dünən partiyada müzakirələrdən sonra iqtidarı islahatlar aparmağa çağırdıq. Bu islahatlar iqtisadi, siyasi, məhkəmə islahatları olmalıdır. Bunsuz ölkəni yeni mərhələyə çıxarmaq mümkün deyil. Əlbəttə, indiyə qədər ölkədə çox işlər görülüb və bunu etiraf etmək lazımdır. Mən görülən işlərin üzərinə kölgə salmaqdan çox uzağam və bu işləri zamanında vurğulamışam. Amma Azərbaycanı yeni mərhələyə keçirmək lazımdır, bunun üçün isə islahatlar olmalıdır. Bu islahatlar da yuxarıdan aparılmalıdır. İslahatları iqtidar güclü olanda aparmalıdır. İndi iqtidar güclüdür. Güclü olanda aparılan islahatlar öz məqsədinə çata bilir. İqtidar zəif olanda isə aparılan islahatlar bir çox hallarda nəticəni vermir, əksinə, qarşıdurmalara yol açır. Əslində, Prezidentin çıxışı böyük islahatları hədəfləyən çıxış idi. Bunun ardınca institusional islahatlar aparılmalıdır ki, qanunu pozan şəxsləri cəzalandırmaq mümkün olsun.
 
“Beynəlxalq təşkilatlar Azərbaycana heç bir töhfə verməyib”
 
- Dövlət başçısının müşavirədə Avropa qurumları və Almaniya Bundestaqı ilə bağlı sərt çıxışı oldu. Dedi ki, onların qətnaməsi bizim üçün kağız parçasıdır, heç kim Azərbaycanla diktə dili ilə danışa bilməz. Bu bəyanatı necə şərh edərsiniz?
 
- Bu, normal yanaşma idi. Hazırda Avropadan olan tənqidlər gözdən salmaq, ləkələmək xarakteri daşıyır. Baxın, I Avropa Oyunlarını Avropanın bir çox dövlət başçıları boykot etdilər. Baxmayaraq ki, bu ilk oyunlar idi və onu tanıtmaq, əhəmiyyətini artırmaq üçün Avropa liderləri bura qatılmağa borclu idilər. Amma qatılmadılar. Bu da əks reaksiya doğurmalı idi. İkincisi, dövlətə bu yolla təzyiq göstərmək olmaz. Həmin dövlətlərin xüsusi xidmət orqanları var və onlar gözəl bilirlər ki, hər dövlət başçısı hansı xarakterin sahibidir və onunla necə işləmək lazımdır. Onlar gözəl bilirdilər ki, cavab necə olacaq. Bəlkə də, çoxları bunda maraqlı idi. Həmin dövlət liderlərinin Oyunlara gəlib Prezidentin yanında əyləşməsi və problemləri dostcasına müzakirə etməsi daha ciddi effekt verərdi, nəinki boykot yolu. Hazırda Avropada islamafobiya, anti-semitizm mövcuddur. Fransadan İsrailə yəhudi köçü müşahidə olunur. Bunlar düşünür ki, Qarabağ kimi problemi olan kiçik ölkə onların sözü ilə oturub-durmalıdır. Reallıq odur ki, biz Cənubi Qafqazda böyük  dövlətik, amma Avropa üçün kiçik dövlətik. Bəzən belə kiçik ölkələrin müstəqil siyasət aparması böyük dövlətləri qıcıqlandırır. Beynəlxalq təşkilatlar bu günə qədər Azərbaycana heç bir töhfə verməyib. Mən ilk olaraq bunu deyəndə ən ağrılı problemimizə onların münasibətini əsas götürürəm. İndi media yazır ki, niyə Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə dialoq tərəfdaşı olmaq istəyir, amma ATƏT, Avropa Şurası, Avropa Parlamenti, Almaniya Bundestaqı Azərbaycanın ərazi bütövlüyünü tanısa da, ona qarşı kampaniya aparılır. Çünki bunlar siyasi gedişlərdir. Onların qəbul etdiyi qətnamə Prezidentin dediyi kimi kağız parçasından başqa şey deyil. Onlar səmimi olsaydılar, BMT-nin Qarabağla bağlı 4 qətnaməsinə hörmət edərdilər. Ancaq onlar, sadəcə olaraq, Azərbaycanın daxilində ictimai rəylə oynamaq üçün belə qərarlar qəbul edirlər. Ermənistana hansı sanksiya tətbiq ediblər? ABŞ bu il də Dağlıq Qarabağa yardım edilməsinə dair qərar qəbul edib. Niyə Abxaziya, Osetiya, Dnestryanı bölgəyə yardım ayırmırlar? Ancaq Dağlıq Qarabağa yardım edir, separatçı rejimin liderini Londona çağırırlar. Qondarma Donetski respublikasının başçısını da Londona dəvət etsinlər, niyə etmirlər? Riyakarlıq göz önündədir. 
 
“Oğurlanan vəsaitlərin geri qaytarılması üçün dövlət ən sərt addımlar atmalıdır”
 
- “Azadlıq” qəzeti hökumətin  Rusiyaya üz tutduğunu, siyasətində dəyişiklik etdiyini, Azərbaycan iqtidarının Qərbdən imtina etdiyi haqda kampaniya aparır. Həqiqətdirmi?
 
- Çünki Rusiya bunlardan prezident seçkiləri ərəfəsində istifadə edərək atıb. Cəmil Həsənli də buna görə aqressivdir. Əli Kərimli və Milli Şura da Rusiyadan buna görə acıqlıdır. Bunu oxucular bilməlidir. Guya bunlar anti-Rusiya mövqeyindədir. Milli Şuranın təsis bəyannaməsində özləri yazmışdı ki, Azərbaycanın xarici siyasətini referendumla müəyyən edəcəyik. İndi bu adamlar iqtidarın üzərinə gəlirlər ki, niyə Şanxay Əməkdaşlıq Təşkilatı ilə dialoq əməkdaşlığı barədə razılıq vermisən. Birincisi, bu, hələ üzvlük deyil. İkincisi, mən ora üzv olmağı qəbahət görmürəm. Nə mənada? Bu iqtisadi əlaqələrin genişlənməsi əhalinin sosial-iqtisadi həyatına töhfə verəcəksə, çox gözəl. Bundan qorxmaq lazım deyil. Şanxay Əməkdaşlıq Təşkilatında Çin kimi nəhəng dövlət təmsil olunur. Hazırda bank sektorumuzda problemlər var. Burada kadr, struktur islahatları aparmağa ehtiyac var. Biz əvvəllər təklif edirdik ki, xaricdə olan valyuta ehtiyatından 2 milyard ölkəyə gətirib aşağı faizlə yerli banklara vermək lazımdır. İndi isə düşünürük ki, minimum 4 milyard gətirmək lazımdır ki, sahibkarlara ucuz faizlə kreditlər verilsin. Bunun iqtisadi əhəmiyyəti qədər psixoloji əhəmiyyəti də var. İnsanlar baxır ki, dövlət valyuta ehtiyatını ölkədə saxlamır. Biz xaricdə olan pulu gətirib 7-8 faizlə iş adamına verə bilərik. Bu gün sahibkarlar 25-35 faizlə kredit götürür. Bu pulun 4 milyardını ölkəyə gətirməklə insanlarda psixoloji inam artacaq, öz pullarını banklarda saxlamağa üstünlük verəcəklər. Həm də, bu imkan verəcək ki, iqtisadiyyat inkişaf etsin. Ölkə iqtisadiyyatı canlı orqanizmdirsə, bank institutu onun qan-damar sistemidir. Bizdə bankların iqtisadiyyatın inkişafında rolu aşağıdır. Bildiyiniz kimi, ayrı-ayrı şəxslərə Beynəlxalq Bank böyük məbləğdə kreditlər verib. Bu kreditlər səmərəsiz istifadə edilib. Krediti alanlar da neqativ hallara yol veriblər. İndi də kreditlərin qaytarılmasında problem yaranıb. Bu da ona gətirib ki, əslində, bu vəsaitlər batıb. Mərkəzi Bank da vaxtında buna nəzarət etməyib. İndi də, həmin kreditlərlə tikilən binalar və müəssisələr rentabelli deyil. Oğurlanan vəsaitlərin geri qaytarılması üçün dövlət ən sərt addımlar atmalıdır. Bunu qaytarmayan şəxslər də onun əvəzini azadlığı ilə ödəməli, gedib cəzalarını çəkməlidirlər.
 
“Xalq heç vaxt Əli Kərimli və Cəmil Həsənlinin arxasınca getməyəcək”
 
- Son zamanlar AXCP-də istefalar baş verir. Sizcə, niyə?
 
- Əli Kərimlini yaxından tanıyıb onunla bir yerdə olmaq mümkün deyil. Gənclər bir qədər çılğın və emosional olur. Ola bilsin ki, Əli Kərimlinin radikal çıxışı gəncin ürəyindən olur və ona qoşulur. Amma onu yaxından tanımaq üçün müddət lazımdır. Əli Kərimlini yaxından tanıyan kimi qaçacaqlar. Mümkün deyil ki, Əli Kərimlini tanıyasan və onunla bir yerdə olasan. Açığı, orada bir qrup insanın maliyyə asılılığı var. Maaş alırlar deyə oradan uzaqlaşa bilmirlər. Bir qrup insan Əli Kərimlini hələ yaxından tanımır deyə orada qalıb. Bir qrup insan isə hökumət tərəfindən rədd edilən insanlardır. Özləri də bilir ki, hökumətlə yaxınlaşmaq imkanları yoxdur. Məsələn, Cəmil Həsənli və adını çəkmədiyim başqa şəxslər. Biri var ki, statuslu insan bəyanat verir, hakimiyyətin siyasətini qəbul etmədiyini elan edir və müxalifətə keçir. Bunu insanlar normal qarşılayır. Amma biri də var ki, səni pis əməllərinə və ya qeyri-səmimiliyinə görə qovurlar və sən də deyirsən ki, mən müxalifətəm. Təbii ki, bu halda cəmiyyət səni qəbul etməyəcək və arxanca getməyəcək. Xalq narazı ola bilər, amma Əli Kərimli və Cəmil Həsənlinin arxasınca heç vaxt getməyəcək. Mən bunu illər əvvəl demişəm və zaman da dediklərimi təsdiq edir. 
 
- Milli Şuranın parlament seçkilərində aktivliyini necə qiymətləndirirsiniz, seçkiyə qatılacaqlar, yoxsa boykot yolu tutacaqlar?
 
- Onlar prezident seçkilərindən fərqli olaraq parlament seçkilərində hər zaman iştirak ediblər. Düşünüblər ki, bəlkə seçilə bilərik. Odur ki, seçkiyə qatılacaqlar. Keçmiş təcrübə də göstərir ki, Prezident seçkilərini boykot etsələr də, parlament seçkilərinə daima qatılıblar. Mən də həmişə sual vermişəm ki, niyə parlament seçkilərinə qatılırsınız, Prezident seçkilərinə qatılmırsınız. Deməli, Prezident seçkilərində şansınızın olmadığını görürsünüz, amma parlament seçkilərində seçilə biləcəyinizə ümid edirsiniz. Əslində, bu seçkiləri eyni komissiyalar keçirir. Bir seçkiyə getməyib, seçki komissiyasının tərkibinə etiraz etmək, amma deputat seçkilərində iştirak etmək siyasi baxımdan riyakarlıqdır. Onlar seçkiyə qatılacaqlar, amma düşünmürəm ki, xalqdan səs ala bilsinlər. Proporsional seçki sistemi olsaydı, bəlkə də, 2-3 faiz səs yığa bilərdilər. Amma majoritar seçki sistemi elədir ki, 3-4 namizəd olanda minimum  30-35 faiz səs toplamalısan. Mən ümidliyəm ki, iqtidar bəzi dairələrdə namizəd irəli sürməyəcək ki, parlamentdə müxalifət formalaşsın. YAP funksionerləri qeyd edib ki, 125 dairə üzrə namizədlər irəli sürəcəklər. İqtidarın resursu böyükdür. Seçki zamanı da ən ciddi faktor maliyyə resursudur. Məncə, YAP öz siyasətinə baxmalıdır. Düşünürəm ki,  3-4 partiyanın parlamentə seçilmək imkanı var və bu partiyalar fraksiya yarada bilməsə də, rəqabət, debat mühiti yarada bilərlər. 
 
“Ölkə üzrə dairələrin yarısından namizəd irəli sürəcəyik”
 
- BAXCP-nin seçkilərdə hədəfi nədir?
 
- Partiyanın seçkilərdə yer tutması ilə yanaşı həm də, gələcək üçün proqramının təbliğatını aparmaq vacibdir. Odur ki, çalışacağıq ki, ölkə üzrə dairələrin yarısından namizəd irəli sürək. Məsələn, Sumqayıtda 4 seçki dairəsi var. Vacib deyil ki, hər bir dairədən namizəd irəli sürəsən. Bölgələri əhatə etmək, proqramımızı yaymaq baxımından 60-70 dairədən namizədimiz olacaq. Ancaq real olaraq bəzi dairələrdə təbliğatımızı qurmaq üçün bu işi görəcəyik, bəzi dairələrdə isə qalib gəlmək üçün ciddi işləyəcəyik. Bu da bizim alternativlərimizin kim olmasından asılı olacaq. Əlbəttə, biz hansı dairədən kimin namizəd olmasını araşdıracaq, təhlil aparacağıq. Bəzi dost partiyalarla razılaşmaların olması da mümkündür. Vaxtilə bir blokda olduğumuz, əməkdaşlıq etdiyimiz partiyalar var. Çalışacağıq ki, bəzi dairələrdən bizim razılaşdırılan namizədlərimiz olsun, eləcə də, dost partiyaların aparıcı şəxslərinin namizəd olduğu dairədən biz namizəd irəli sürməyək. 
- Seçkilərdə namizədliyinizi hansı dairədən irəli sürəcəksiniz?
 
- Böyük ehtimalla namizədliyimi deputat olduğum dairədən irəli sürəcəyəm. Amma bu, daha çox seçki zamanı həmin dairədən YAP-ın namizəd irəli sürüb-sürməyəcəyindən, sürəcəksə, kimi irəli sürəcək faktorlarından da asılı olacaq. Biz bu məqamları nəzərə alacağıq. Partiya üçün önəmlidir ki, onun sədri mütləq şəkildə parlamentdə olsun. Odur ki, son qərarı seçki ərəfəsində verəcəyik. İndilikdə qərarımız budur ki, həmin dairədən namizədliyimizi irəli sürək. Əslində, bunun üçün də əsas var. Mən indiyə qədər hansı dairədən deputat olmuşamsa, həmin bölgənin problemlərini maksimum şəkildə qaldırmışam. O, cümlədən də təkcə Ordubadın deyil, bütövlükdə Naxçıvanın problemlərini qaldırmışam. Düşünürəm ki, seçicilər məni dəstəkləyər.
 
“Parlamentə siyasi hazırlığı yüksək insanlar gəlməlidir”
 
- İndi siyasi partiyalardan kənar QHT və media sistemində yeni nəsil formalaşıb, beyin mərkəzi olaraq müxtəlif analitik məqalələr, yeni ideyalarla çıxış edirlər. Bu yeni nəsillə bağlı nə düşünürsünüz?
 
- Azərbaycanda çoxpartiyalı sistem bizim istədiyimiz şəkildə inkişaf etmədi. Parlamentdə 46 bitərəf deputat var. Bu göstərir ki, iş adamları parlamentə yol tapa bilirlər. Bunun qarşısı alınmalıdır. İndi partiyalardan kənar QHT və mətbuatda kifayət qədər güclü region və dünya siyasətindən baş çıxaran hazırlıqlı insanlar var. Onlar parlamentari kimi Azərbaycanı beynəlxalq qurumlarda yüksək səviyyədə təmsil edə, ermənilərlə polemikada Azərbaycanın maraqlarını qoruya bilərlər. Dil bilənə üstünlük verilə bilər. Amma onun siyasi hazırlığı cavab vermirsə ki, sabah beynəlxalq təşkilatda Azərbaycanın mövqeyini qoruya bilsin, bu halda o, kimə lazımdır. Söhbət siyasi hazırlıqdan gedir. Siyası hazırlığı olmayan adam parlamentə düşməməlidir. Mən media sahəsində 10-15 tanınmış jurnalistin adını çəkə bilərəm ki, onlar hər gün medianı, dünyada baş verənləri izləyir. Ancaq partiya funksioneri var ki, həftələrlə qəzet oxumur, televiziyaya baxmır. Düşünürəm ki, fərqli yanaşma olmalı, parlamentə hazırlıqlı insanlar gəlməlidir. Belə hazırlıqlı şəxslər QHT sektorunda, daha çox jurnalistikada var. BAXCP olaraq bizim müəyyən fikrimiz var. Elə hazırlıqlı media nümayəndəsi var ki, seçkiyə qatılmaq istəmir. Amma bizim müraciətimiz olacaq. Dünyagörüşü, baxışları bizə yaxın olan hazırlıqlı jurnalistlər var. Əgər etiraz etməsələr, namizədliyini partiya xətti ilə irəli sürəcəyik. Vacib deyil ki, bizim üzvümüz olsun. Sadəcə, onun yazılı ərizəsi olmalı və namizədliyinin partiya tərəfindən irəli sürülməsinə etiraz etmədiyini qeyd etməlidir. Belə olan halda biz bu kimi hazırlıqlı şəxslərin namizədliyini irəli sürəcək və onun seçki kampaniyasının da maliyyələşməsinə yardım edəcəyik. Bu, Azərbaycan üçün lazımdır. Bizim də partiya özündən çox Azərbaycanı düşünür. Biz bu işi görəcəyik. Mən bir məqama da aydınlıq gətirmək istərdim. Son zamanlar kampaniya aparılır ki, Azərbaycan hökuməti ölkəni Rusiyadan asılı hala salır. Burada iki məqam var. Dəfələrlə demişəm ki, Rusiya Qarabağı Azərbaycana güzəştə gedəcəyi halda biz Rusiyanın bölgədəki maraqlarını nəzərə ala bilərik. Azərbaycan Avrasiya İttifaqına yalnız Rusiya Qarabağ məsələsində güzəştə gedəcəyi təqdirdə qoşula bilər. Mən hətta Qarabağ naminə Rusiyanın Azərbaycanda hərbi baza saxlamasını mümkün saymışam. Qəbələdə vaxtilə Rusiyanın hərbi bazası var idi, guya bizim suverenliyimiz məhdudlaşmışdı? Əlbəttə, elə şərtlər var ki, onu qəbul etmək olmaz. Məsələn, sərhədlərin birgə qorunmasını. Buna qətiyyən getmək olmaz. Biz, əlbəttə, iqtidarı bir çox məsələlərdə tənqid etsək də, İlham Əliyev kifayət qədər ağıllı, təcrübəli siyasətçidir, xarizmatik liderdir. Prezident başa düşür ki, hansısa dövləti özündən asılı duruma salmaq istəyən dövlətlər onun kimi liderlərlə işləmir. Onlara sözə baxan siyasətçi lazımdır. Azərbaycanı Rusiyadan asılı hala gətirmək birinci Prezidentə ziyandır. Çünki böyük dövlətlər müstəqil siyasət aparan liderlərlə işləmir. Onlar sözə baxan, müti xarakterli siyasətçilərlə işləməyə üstünlük verirlər. Prezident bunu hamıdan gözəl bilir. Odur ki, iqtidarın marağında deyil ki, Azərbaycanı hansısa böyük dövlətin təsir dairəsinə salsın. Prezident də bütün bu məsələləri ola bilməz ki, nəzərə almasın. Dünən Prezident elan etdi ki, pula satılan insanlar üstümüzə gəlir. Prezident ad çəkmədi. Ermənilər düşməndir, bu, bəllidir. Amma  pula satılanların bir hissəsi də Rusiyanın puluna satılanlardır. Bunu xüsusi qeyd edim ki, Rusiyanın Almaniyada güclü dayaqları var. Rusiyanın böyük bir kəşfiyyat agenturası var. Birinə deyirlər atan bizim agent olub, açıb ortaya qoyarıq, digərini pulla satın alırlar. Rusiyanın da marağındadır ki, Azərbaycanın Qərblə münasibətləri tamam korlansın. Korlanandan sonra Azərbaycanın ona yaxınlaşmaqdan başqa yolu qalmasın. Əlbəttə, Prezident ad çəkmirsə, o demək deyil ki, bunları bilmir. Elə məsələlər var ki, bağlı qapılar arxasında müzakirə edilməlidir. Qərb Azərbaycanla bağlı siyasətinə yenidən baxmalıdır.  (teleqraf.com)
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024