Region (13-07-2015, 15:37)
“Həmin məmurlar işdən çıxarılacaq...” – Müsahibə
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzovun AzVision.az-a müsahibəsi:
- Siyavuş müəllim, I Avropa Oyunlarından sonra ölkədəki siyasi vəziyyəti necə dəyərləndirərdiniz?
- Hazırda ölkədə siyasi vəziyyət çox yüksək səviyyədədir. İlk olaraq qeyd edim ki, bir neçə gün öncə I Avropa Oyunları yekunlaşıb. Hesab edirəm ki, bu oyunlar çox yüksək səviyyədə keçirildi. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevi və I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı təbrik edirəm. Çünki, bu oyunların Avropa üçün görünməmiş hadisə olması, ən əsası Azərbaycanın Avropa Oyunlarının standartını müəyyən etməsi çox çox vacib və əhəmiyyətli hadisə idi. Ona görə də indiyə qədər ayrı-ayrı dövlətlərin rəhbərləri bu münasibətlə ölkəmizi təbrik edirlər. Bu həm Azərbaycanın iqtisadi qüdrəti, həm iqtidar-xalq birliyi, həm də xalqın öz prezidentini dəstəkləməsi ilə bağlıdır. Təsadüfi deyil ki, bu gün reytinq sorğularında Azərbaycan Prezidenti İlham Əliyevi vətəndaşların 90 faizdən çoxu dəstəkləyir.
Bu gün Azərbaycanda olan təşkilatçılıq qabiliyyəti istənilən böyük bir tədbiri keçirməyə imkan verir. Bu baxımdan isə Azərbaycanda böyük bir həmrəylik var. Bu həmrəylik iqtidar-xalq arasındadır. Hesab edirəm ki, bu baxımdan yeni bir era, dövr başlayır.
- I Avropa Oyunları öncəsi və oyunların keçirildiyi dövrdə Azərbaycana qarşı böyük qarayaxma kampaniyası aparıldı. Sizcə, ölkəmiz bu sınaqdan necə çıxdı?
- Bu proses Azərbaycana qarşı bir neçə mərhələdə həyata keçirildi. Azərbaycan Avropa Oyunlarının keçirilməsi üçün müraciət etdikdə belə bu dairələr öz məkrli niyyətlərini ortaya qoydular. Onlar inandırmağa çalışırdılar ki, ölkəmiz qısa müddətdə bu tədbiri yüksək səviyyədə keçirə bilməyəcək. Bundan da istifadə edərək Azərbaycana qarşı yeni bir kampaniyaya başladılar. Bu onların hiyləsi idi.
Amma, Azərbaycan özünə arxayın idi və oyunları yüksək səviyyədə keçirdi. Çünki, Azərbaycanda idman siyasəti Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdığı dövrdən başlamışdı. Yəni, 1994-cü ildə ölkədəki gərgin vəziyyətə baxmayaraq, Gənclər və İdman Nazirliyi yaradıldı. Bundan sonra ölkədə 40-dan artıq olimpiya mərkəzləri tikildi. Ona görə də Azərbaycan I Avropa Oyunlarını keçirilməsində o qədər də əziyyət çəkmədi. Oyunlar ərəfəsində tikilən idman qurğuları gələcəkdə ölkəmizə böyük gəlirlər gətirəcək.
Azərbaycanın öz uğurunu nümayiş etdirməsi müəyyən Qərb dairələrini, ermənipərəst qüvvələri, onların Azərbaycandakı nümayəndələrini ciddi şəkildə narahat etməyə başladı. Ona görə də oyunlara 6 ay qalmışdan başlayaraq Azərbaycana qarşı müxtəlif dairələr qarayaxma kampaniyasına başladılar. İlk növbədə Avropa Parlamenti bir necə dəfə öz qərəzli münasibətini bildirdi. Son olaraq dünyada analoqu olmayan “idman və insan hüquqları” adı altında dinləmə keçirdilər. Ancaq, onlar unutdular ki, BMT-nin qəbul etdiyi qətnamədə idmanın siyasətə qatılmaması öz əksini tapıb.
Buna baxmayaraq erməni diasporu tərəfindən ələ alınan siyasi xadimlər Azərbaycana qarşı uğursuz bir kampaniyaya başladılar. Həmin ermənipərəst qüvvələrə Azərbaycanda işləyən, ölkə ərazisindən qeyri-qanuni yollarla Ermənistana gedən, dövlət və hərbi sirlərini erməni xüsusi xidmət orqanlarına ötürən, o cümlədən ayrı-ayrı qurumlar vasitəsi ilə əlbir olub, verilən qrantları mənimsəyən, təyinatına uyğun istifadə olunmayan QHT rəhbərlərinin təzyiq vasitəsi ilə azad olunmasına çalışırdılar. Çünki, onlar istintaqda nə işlər gördükləri, hansı təşkilatdan nə qədər pul mənimsəmələri barədə məlumat verirlər. Belə olan təqdirdə isə bu təşkilatların özü ifşa olunur. Ona görə də pərdə altında canfəşanlıq edirdilər ki, həmin insanları məsuliyyətdən azad etsinlər. Amma kimliyindən, peşə fəaliyyətindən asılı olmayaraq hər bir şəxs qanun qarşısında bərabərdir. Hüququn aliliyi, demokratiya, insan hüquqları da budur. Ancaq I Avropa Oyunları kimi möhtəşəm tədbirin üzərinə kölgə salmağa çalışanlar bunu bacarmadılar.
- Siyavuş müəllim, qarşıdan parlament seçkiləri gəlir. Təmsil etdyiniz Yeni Azərbaycan Partiyası seçkilərə necə hazırlaşır?
- Azərbaycanda seçki qanunvericiliyi olduqca mükəmməldir. Bir çox post-sovet və Şərqi Avropa ölkələrindən fərqli olaraq Azərbaycanın özünün Seçki Məcəlləsi var. Bu məcəllə ilə bir çox seçkilər keçirilib. Parlament seçkilərində istənilən siyasi partiya, QHT rəhbərləri, KİV rəhbərləri və nümayəndələri, ictimai xadimlər, ziyalılar iştirak etməyə və mandat əldə etməyə çalışırlar.
Azərbaycan Respublikasının konstitusiyasına uyğun olaraq yaşı 25-dən yuxarı hər bir şəxs seçkidə namizəd qismində iştirak edə bilər. Yeni Azərbaycan Partiyası ölkənin və regionun əsas aparıcı siyasi təşkilatıdır.
Partiya seçkiyə 1 il qalmış hazırlaşmağa başlayıb. Bununla əlaqədar bizim iki proqramımız var. Birincisi İdarə Heyəti tərəfindən təsdiqlənən Mərkəzi Qərargahın görəcəyi işlərdir. İkincisi isə rayon, şəhər seçki qərargahlarının fəaliyyəti ilə bağlıdır. Proqramların özü üç hissədən ibarətdir. İlkin mərhələ bu ilin əvvəlindən seçkilər elan olunana qədər görüləcək işlər nəzərdə tutulur. Bura nəzəri və praktiki işlər daxildir. Yəni, seçki proqramının, bukletlərin, namizədlərin plakatlarının, seçki şüarlarının, mesajları, kütləvi tədbirlərin, görüşlərin qrafiklərinin hazırlanması daxildir.
Yeni Azərbaycan Partiyası 125 seçki dairəsinin hər birindən namizəd irəli sürmək niyyətindədir. Bundan başqa YAP məntəqələr üzrə 10 min müşahidəçi və məşvərətçi səs hüquqlu üzv təyin edəcək. Seçki qərargahının üzvləri müəyyənləşdirilib və partiyanını qərargahına daxil olmaqdadır.
YAP namizədlərinin hansı dairələrdən seçkilərdə iştirak edəcəyini seçki elan olunmamışdan bir neçə gün əvvəl elan edəcək.
Parlament seçkilərində hər kəs Yeni Azərbaycan Partiyasının namizədlərinə qarşı mübarizə aparır. Bu baxımdan çalışacağıq ki, seçicilərin etimadını qazana biləcək namizədlər irəli sürək.
- YAP-ın namizədləri sırasında yeni simalar görə biləcəyikmi? İddialar var ki, bu seçkidə universitet rektorları, yaşlı şəxslər YAP-dan namizəd ola bilməyəcək.
- Bunu söyləyənlər fikirləşmir ki, nə vaxtsa yaşlanacaq? Seçkinin yaş senzi aşağı həddə qoyulur, yuxarı yox. Bu, seçkidir, təyinat yox. Seçici kimi istəyirsə, onu da seçir. Azərbaycanda seçkiyə yuxarı yaş məhdudiyyəti ümummilli lider Heydər Əliyevə qarşı qoyulub. 1992-ci ildə ulu öndərə qarşı belə bir məhdudiyyət qoyulmuşdu ki, 65 yaşından yuxarı olanlar prezident seçkilərində iştirak edə bilməz. Kimin yaşlı, universitet rektoru olmağı məsələni həll etmir. Söhbət profesionallıqdan, müxtəlif sahələri bilməkdən, qanunvericiliyin təkmilləşməsində fəal iştirakdan, seçicinin etimadını doğrultmaqdan gedir.
Parlament bir labarotoriya deyil ki, təcrübə həyata keçirəsən. Parlamentdə bir stabillik olmalıdır. Ona görə də yenilik həmişə olub və davam etməlidir. Yeni insanlar formalaşır. Kifayət qədər nufuz qazanır, siyasi yetkinliyə çatır. Bu gün Azərbaycanda kifayət qədər yaxşı təhsilli, dövlətə, xalqa sədaqətli yeni nəsil formalaşıb. Son anda isə seçim seçicinindir.
- Seçki ərəfəsində müxalifətin fəaliyyətini necə dəyərləndirirsiniz?
- Azərbaycanda müxalifətin bir qismi parlamentdə təmsil olunur, digəri isə parlamentdə təmsil olunmur. Onların demək olar ki, müxalifətin demək olar ki, hamısı seçki prosesinə qatılıb. Hazırda parlamentdə təmsil olunan müxalifət uzun müddətdir Azərbaycan siyasi sistemində formalaşaraq, qaragüruh əhvalından uzaqlaşaraq, real, praktik, dünyada mövcud olan müxalif təşkilatlar kimi formalaşmağa başlayıb və bu proses gedir. Onların da hər biri dərk edir ki, siyasi mübarizə siyasi meydanlarda deyil, ideyada, proqramlarda, təşkilatların alternativ fikirlərindədir. Hər hansı bir partiya müxalifətdədirsə, bu o demək deyil ki, söyüş söyməlidir və görülən işlərə qarayaxma ilə məşğul olmalıdır. Müxalifətdə olan partiyalar alternativ layihələr verməlidir. Hesab edirəm ki, 90-cı illərin ab-havasında, əhval-ruhiyyəsində və düşüncəsində olan təşkilatlar artıq deqradasiyaya uğrayıb.
Bu günlərdə AXCP və Müsavatda yeni-yeni qopmalar baş verir. Bu, həmin partiyaların tərkibində islahatların aparılmaması, idarəetmənin bir adamın əlində cəmləşməsi və “bir adamın düşüncəsi ilə digərləri hərəkət etməlidir” fikri ilə bağlıdır. Vaxtilə AXC Azərbaycanda ən böyük siyasi təşkilatlardan biri idi. Mərhum Əbülfəz Elçibəy böyük bir təşkilat qoyub getmişdi. Əli Kərimli bu gün həmin təşkilatı dərnək səviyyəsinə endirib. Əli Kərimli sayəsində AXC adı insanlarda ikrah hissi doğurur. İndi isə Milli Şuraya qoşulmaqla özünü sığortalıyır. Bu hal anti-mili, anti-dövlət, anti-xalq fəaliyyətinin nəticəsidir.
Onlar erməni lobbisi və ermənipərəst qüvvələrdən maliyyə dəstəyi almaqla xalqın əleyhinə işləyirlər. Bunu isə partiya üzvləri, tərəfdaşları görür. Nəticə etibarı ilə oradan uzaqlaşırlar. Görürlər ki, bu adam ancaq öz şəxsi maraqlarını güdür. Yəni, özündən başqa heç kim onu maraqlandırmır. Eyni zamanda özünə yaxın bir neçə adamı dolandırmaqdan başqa heç bir partiya işləri onu maraqlandırmır. Yəni, xaricdən gələn diqtəni həyata keçirir. Ona görə də orada olan insanlar alət olmaq istəmir. Bu baxımdan da partiya funksiyasından uzaqlaşır.
AXC-dən qopan adamların demək olar ki, hər biri özünə partiya yaratdı və az-çox fəaliyyət göstərirlər. Onlardan parlamentdə təmsil olunan və olunmayanalar var. Amma bu gün alternativ fikir və rəylərini ortaya qoyurlar. AXC-ni 25 il islahatsız bir vəziyyətdə saxlayıb, məhv edən Əli Kərimli bu təşkilatın axırına çox biabırçı şəkildə çıxdı. Yəni, o qarşıya qoyduğu ideyalar deyil, ancaq erməni lobbisinə, erməpərəst qüvvələrə xidməti ilə xalqın yadında qalır və qara hərflərlə qalmaqda davam edir. Seçkiyə qədər orada kimlərinsə qalmamağına isə təəccüblənmək lazım deyil.
- Nədən müxalif cəbhədən qopanların əksəriyyətinə “iqtidara işləmək” damğası vurulur? Həqiqətənmi onlar iqtidara işləyir?
- Məsələn AXCP-dən son istefa verən sədr müavini Əbülfəz Qurbanlı ömrü boyu Əli Kərimlinin, Milli Şuranın mitinqlərini aparan adam olub. Təbii ki, o mitinqləri aparanda yaxşı idi, istefa verəndə isə iqtidara işləyən oldu. İqtidara işləmək xalqa, dövlətə işləməkdir. İqtidara işləmək erməniyə, ermənipərəst qüvvələrə işləməkdən, xalqın kürəyinə bıçaq saplamaqdan on dəfə yaxşıdır.
Bu yaxınlarda bir neçə “konqresmen” səlahiyyətlərinə uyğun olmayan bəyanat yayır. Bunlar dünya konqresmeni, senatoru deyil, kim onlara hüquq verib ki müxtəlif ölkələrdə monitorinq aparsınlar? Yoxsa nəzarət mexanizmi aparan qurumun üzvləridirlər? Yoxsa dünya nəzarət təftiş komissiyasının üzvləridir? Hansı ixtiyarla belə bəyanat yayır? Bir ölkənin “konqresmeni” digər bir ölkə haqqında müraciət göndərir, bəyanat verir. Gülünc doğurur. Doğrudan da bu beynəlxalq hüquq prinsiplərinin pozulmasıdır. Eyni zamanda bu mövqenin özü ədalətsizdir. 20 ildən artıqdır Azərbaycanın əraziləri işğal olunub, 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz var, 20 mindən artıq dinc sakin həlak olub. Xocalı kimi soyqırım hadisəsi baş verib. Belə başa düşək ki, bunlar insan hüquqlarını pozulması hesab edilmir. 5-6 nəfər xain, ermənilərə işləyən, vergidən yayınan, peşə fəaliyyəti ilə deyil, anti-Azərbaycan fəaliyyəti ilə məşğul olanların hüquqları guya pozulub, bərpa olunmalıdır. Biz də sabah Azərbayacan parlamenti olaraq yığışıb Barak Obamaya müraciət göndərəcəyik.
Qoy, hesabat versin ki, qaradərililəri niyə qırırlar? Onlara qarşı niyə soyqırım həyata keçirir? Son altı ayda 100-dən artıq insan öldürülüb. Kütləvi aksiyalar amansızcasına dağıdılır. O cümlədən 70-dən artıq jurnalist məsuliyyətə cəlb olub. Quantanomada insanlıq əleyhinə olmazın cinayətlər törədilib. Hansı ki, insan mənəviyyatına olmazın işgəncələr verilib. İŞİD-in həyata keçirdiyi qətliamlara susqunluq nümayiş etdirilir.
Bəs, bunlar insan hüquqlarının pozulması deyil? İŞİD 10 minlərlə insanın başını kəsir. Senatorlar bunu görmür? Yoxsa sərf etmir? Niyə məktub yazmırlar ki, öz prezidentləri insan ölümünün qarşsıını alsın. Liviyada bilinmir dövlət var, ya yox, Gül kimi dövlətləri vardı. Yəmən, Tunis, Misir onun kimi. Qatıb-qarışdırıblar. Sual verin. Bunlara izahat istəyin. Yoxsa, Xədicə İsmayıl belə gəlidi, Leyla Yunus elə getdi. Yəni, ABŞ-da oturan senator Xədicə İsmayılın, Leyla Yunusun kim olduğunu bilmir. Bu bəyanatı oxuyan kimi görürəm ki, Əli Kərimlinin yazıb göndərdiyi materialdır, senatorlar qol çəkib yenidən qaytarıblar. Bunu uşaqda oxuyub başa düşə bilər. Bu gün belə işlərlə məşğuldurlar, bununla çörək pulu qazanırlar. Ondansa, gedib əlinə bel alıb, ağac əksə, yer şumlasa daha çox öz xalqına xeyir verə bilər, nəinki bu cür əməllərlə məşğul olmaqla.
- Azərbaycanın radikal müxalifəti haradan maliyyələşir? Özləri bildirir ki, heç bir yerdən maliyyyələşmirlər. Amma görünən odur ki pis yaşamırlar.
- Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda 12 siyasi partiyanın maliyyələşməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Siyasi partiyalar haqqında qanuna və Seçki Məcəlləsinə dəyişikliklərdən sonra hər bir siyasi partiya öz maliyyə qaynaqları ilə bağlı kütləvi informasiya vasitələrində, MSK saytında ildə bir dəfə hesabatını yerləşdirməlidir. Bu dövlətdən maliyyələşən və maliyyələşməyən siyasi partiyalara aiddir. Parlamentdə təmsil olunan partiyalar dövlətdən maliyyə alır. Həmçinin üzvlük haqqı və ianələr də toplayır. Hər bir partiya hansı maliyyə vəsaiti ilə fəaliyyət göstərdiyini açıqlamalıdır. Bu şəffaflığın təmin olunması ilə əlaqədardır.
Ötən seçkilərdən birində İsa Qəmbər maliyyə hesabatı vermişdi. Gəlirləri ilə bağlı deklarasiyada “0” yazılmışdı. Yəni, heç bir gəliri yoxdur. Belə çıxır hava ilə dolanırlar? O qədər gülməli hesabatlar verirlər. Baxırsan ki, bahalı maşınlarda gəzirlər, cangüdən saxlayırlar, normal geyinirlər. Baxanda rəng ruhlarından heç ac adama da oxşamırlar. Bu baxımdan da verdiyi hesabatlarda şəffaflıq təmin olunmalıdır. Azərbaycan qanunvericiliyində belədir ki, siyasi partiya xarici təşkilatlardan, vətəndaşlardan, dövlət və din orqanlarından ianələr və üzvlük haqları qəbul edə bilməzlər.
YAP ildə bir dəfə ictimaiyyəti maliyyəsi ilə bağlı məlumatlandırır. Əgər şəffaflıqdan, düzgünlükdən qorxmurlarsa, maliyyə mənbələrini açıqlasınlar. Onsuz MSK-nın səlahiyyəti var ki, audit yoxlamaları həyata keçirsin. O cümlədən buna icazə verməyəndə Ədliyyə Nazirliyinə müraciət olunur. Xəbərdarlıq yerinə yetirilməsə, onların qapadılması ilə bağlı müvafiq orqanlara müraciət olunacaq.
- Növbəti iqtidar-müxalifət dialoqu gözlənilirmi?
- Bundan öncə baş tutan iqtidar-müxalifət dialoqlarında AXCP və Müsavat kənar olmaqla əksər ciddi partiyalar iştirak edib. Bunun bəlli səbəbləri var. Müsavatda legitimlik yoxdur. Çünki, qeyri-qanuni qurultay keçirilib və partiya üzvləri bu seçkinin nəticələrini tanımır. Həmçinin orada azad sözə qarşı təpkilər var. Kim öz fikrini azad şəkildə ifadə edirsə, partiya sıralarından xaric olunur. Hazırda partiyada ikitirəlikdir və heç bir tərəf bir-birinin fikirlərini qəbul etmir. Ona görə də Müsavatdan heç kim dialoqa qatılmır. Çünki, ora qatılan adamın fikirləri partiya daxilində qəbul olunacaqmı? Bu məsələlər gündəmdədir. Amma bu partiya həmişə dialoqa dəvətlidir. AXCP isə partiya sferasından çıxıb. Onlar ancaq gözləyir ki, hansısa səfir, təşkilat desin ki, get dialoqda iştirak et. Yəni, öz rəyi ilə hərəkət etmir. Bunlar bir növ Ermənistan dövlətinə bənzəyir. Elə ideyaları da bənzəyir, həmfikirdirlər. Bəlli bir dövlət tapşırıq verməyincə, Ermənistan heç bir addım atmır. AXCP-də yuxarıdan tapşırıq gəlməsə, bu proseslərdə iştirak etmir. Əgər yuxarıdan desələr, hamıdan birinci onlar gəlib o tədbirdə oturarlar.
- Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Bako Saakyanın "Chatham House" - Kral Beynəlxalq Münasibətlər İnstitutu tərəfindən Böyük Britaniyaya dəvət olunması münaqişənin həllinə necə təsir göstərəcək?
- Bu, Dağlıq Qarabağ münaqişəsinin həllinə maneçilik törədən addımlardan biridir. Eyni zamanda münaqişənin qızışmasına rəvac verən addımlardan biridir. Bununla bağlı Azərbaycan tərəfi etiraz bəyanatını bildirib. Hesab edirəm ki, bu hərəkət Cənubi Qafqazda stabilliyin pozulmasına yönəldilmiş hərəkətlərdən biridir. Bako Saakyanın ora dəvət olunması beynəlxalq hüquqa ziddir. Bu sırf ara qatışdırmağa hesablanmış addımdır.
- Avropa Oyunlarından öncə belə məlumatlar yayılırdı ki, oyunlardan dərhal sonra hakim komandada ciddi kadr dəyişiklikləri olacaq. Bu nə dərəcədə həqiqətə uyğundur?
- Bəzən xaricdən və daxildən müxtəlif qüvvələr Azərbaycan hakimiyyətində qarşıdurmanın, qrupların olması barədə yalan və cəmiyyəti çaşdırmaq üçün fikirlər ortaya atırlar. Azərbaycan iqtidarı vahiddir və ölkə başçısının ətrafında sıx birləşib. 20 ildən artıqdır belə söhbətləri eşidirirk. Bunlar yalan və düzgün olmayan məlumatlardır. Çünki, Azərbaycan iqtidarı bir komanda kimi fəaliyyətini I Avropa Oyunlarında göstərdi. Təbii, öz işinin öhdəsindən gəlməyən məmurlar var ki, bu məsələ isə bilavasitə Prezident İlham Əliyevin səlahiyyətlərinə daxildir. Əgər kimsə öz işinin öhdəsindən gələ bilmirsə, tutduğu vəzifədən azad olunur. Bunu ölkə başçısı İlham Əliyev də dəfələrlə bəyan edib. Məmur vəzifəyə xalqa xidmət etmək üçün təyin olunur, xalqı hakimiyyətdən narazı salmaq üçün yox. O baxımdan kim bu işləri layiqincə yerinə yetirməsə, nöqsanlara yol verəcəksə, nəinki həmin adam vəzifədən azad olunacaq, hətta məsuliyyətə cəlb olunacaq. Hərdən ortaya belə bir fikir atırlar ki, gələn ay hakim komandada kütləvi dəyişiklikllər olacaq. Azərbaycan öz stabil xətti ilə inkişaf edir və kifayət qədər ciddi iqtisadi göstəriciləri var, sosial və siyasi islahatlar həyata keçirilir. Bu islahatlarda kim mövcud ictimai-siyasi proseslərə, gedən islahatlara cavab verməyəcəksə, maneçilik törədəcəksə, o adam haqqında ölkə başçısı tərəfindən qərar qəbul olunacaq. Kütləvi şəkildə dəyişiklik bu günün gündəmində deyil.
- Deputatların bizneslə məşğul olması məsələsi ilə bağlı məsələ bir müddət gündəmdə idi. Sizin də fikirlərinizi bilmək istərdik. Belə bir qanun qüvvəyə minə bilərmi?
- Qəti şəkildə bu mümkün deyil. Qanunvericiliyə görə deputat və məmur sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz və məşğul olmur da. Ola bilər kimsə deputat seçilənə qədər məşğul olub. Ancaq, onlar seçildikləri təqdirdə deputat fəaliyyəti ilə uyğun olmayan fəaliyyətlə məşğul olmamaqla bağlı öhdəlik götürür. Ona görə kimin biznesi varsa, onu övladı, yaxın qohumu idarə edir. Bəzən bu halı yenidən deputatın adına yazırlar. Halbuki, həmin adam deputat seçilən kimi biznes fəaliyyətini dayandırır. Əks təqdirdə deputatlıq fəaliyyətində azad olunur.