Region / Karusel / Slayd (15-03-2014, 14:53)
Mixail Saakaşvili Amerikadakı həyatından danışdı: “Prezident işlədiyim vaxtdan indi daha çox qazanıram”
“Kliçkonu çaxır içməyə həvəsləndirə bildim, onun bütün dostları gözlərinə inanmırdılar”.
2013-cü ilin payızında Gürcüstanda keçirilən seçkilərdən sonra ölkəni tərk edən keçmiş prezident Mixail Saakaşvili vətəninə qayıda bilmir.
Bunun əsas səbəbi “Gürcü arzusu” hərəkatının lideri Bidzina İvanişvilinin baş nazir seçiləndən sonra Saakaşvilinin “qara günləri”nin başlaması və prezident seçkilərində Saakaşvili başda olmaqla komandasının məğlub olmasıdır.
Keçmiş prezident məğlubiyyəti ilə əslində barışacaqdı. Lakin İvanişvilinin və onun tərəfdarlarının Saakaşvilinin prezidentlikdən getdikdən sonra bir sıra məsələlərə görə hətta həbsxanaya düşə biləcəyi haqda söylədikləri ehtimallar keçmiş dövlət başçısını ehtiyatlı davranmağa məcbur edib.
Bir sözlə, İvanişvilinin gəlişi ilə “qara günləri” başlayan Saakaşvili “ağ günə” çıxmaq üçün ABŞ-a yerini dəyişib. O, bu müddətdə vətəninə gələ bilməsə də, Ukraynadakı məlum hadisələrdən sonra dəfələrlə Kiyevə gəlib.
Məhz bu ölkə müxalifətinin prezident Viktor Yanukoviç hakimiyyəti üzərində qələbəsindən sonra Saakaşviliyə hətta yeni hökumətdə vəzifə təklif olunduğu söylənilirdi. Həmin günlərdə də Kiyevdə olan Gürcüstanın eks-prezidenti müsahibəsində həm bu məsələyə, həm də prezidentlikdən sonrakı həyatı ilə bağlı
Suallara cavab verib. Modern.az maraqlı olacağını nəzərə alaraq müsahibənin maraqlı məqamlarını təqdim edir.
- Biz sizinlə “Opera” otelində görüşürük. Bu, Rinat Axmedovun otelidir.
- Bəli.
- Nəyə görə siz məhz burada yerləşmisiniz?
- Bu otelin kimə məxsus olduğunu yalnız indi sizdən eşidirəm. Rinat Axmedovla tanış deyilik, mən burada adi otaqda yaşayır və haqqını tam ödəyirəm.
- Ukraynada baş verən hadisə sizə də tanışdır. İndi ukraynalılar dəstə-dəstə Mejiqoryada (keçmiş prezident Viktor Yanukoviçin rezidensiyası burada yerləşirdi-red.) gəzişir. Təxminən buna bənzər olay sizin də rezidensiyasınızda baş verib. Siz o vaxt adamları hesabat vermək üçün ora gəzintiyə buraxmışdınız. Sizi ittiham edirdilər ki, guya həmin rezidensiyaya 200 milyon dollar dövlət vəsaiti sərf edibsiniz…
- Prezidentliyimin son 3 günündə mən darvazaları açdım, özüm bu adamları çağırdım ona görə ki, sonradan deməsinlər, orada nəsə təmtəraqlıdır.
- Əlbəttə, sizin rezidensiyanı Mejiqorya ilə müqayisə etmək olmaz.
- Bəli, bu səbəbdən mən insanları ora buraxdım. Mənim şəxsi rezidensiyama gəldikdə, bu iki hektar üzüm bağçası və 80 metrlik evdən ibarətdir. Bu mənə bəs edir. Saray tikdirən adamlar sadəcə axmadırlar, hətta əgər mənim pulum olsaydı, heç vaxt saray tikdirməzdim, ona görə ki, bu çox axmaqlıqdır.
- Siz Mejiqoryadakı süjetləri görmüsünüz?
- Mən orada bir neçə dəfə olmuşam, ona görə həmin süjetlərə baxmağa ehtiyac olmadı.
- Sizi Viktor Yanukoviç dəvət etmişdi?
- Bəli, bir dəfə, müxalifət lideri olanda, sonra prezident olanda da gəlmişəm.
- Sizin təəssüratınız?
- Zövqlü deyil. Bu həqiqətdir. Sovet stilindədir. Bu, ömürlük xəstəılikdir. Məni dərədəki Pşonkanın evi heyrətləndirib. Hər yer qızıl kimi idi, hər otaqda balaca kilsə vardı. Ola bilsin ki, onlar hesab ediurlər ki, bununla Allahı ala bilərlər. Bir dəfə dostumun qonağı idim, yuxudan durub pəncərədən çölə baxanda onun evinin qonşuluqdakı vəzifəli şəxslərin, hökumət üzvlərinin evlərini görüb heyrətləndim.
- Bu, Ukraynada olub?
- Bəli. Buna görə bu xəstəlik yayılıb. Bu, bizim başlıca problemimizdir.
- Deyəsən, Arseniy Yatsenyukun qonağı olmusunuz?
-Yox, ancaq onların çoxu mənim qonağım olublar. Kliçko mənim evimdə olub, üzüm bağlarını gəzib. Mən çox fəxr edirəm ki, o heç vaxt spirtli içki qəbul etmir, ancaq mənim çaxırımı içdi, hətta həmin vaxt çempion idi. Mən onu çaxır içməyə həvəsləndirə bildim. Onun bütün dostları gözlərinə inanmırdılar.
- Sizin ailəniz iki yerə bölünüb: həyat yoldaşınız kiçik oğlunuzla Gürcüstanda qalıb, siz isə böyük oğlunuzla Amerikaya getmisiniz. Siz indi tez-tez görüşə bilirsinizmi? Çünki indi Gürcüstana uçmayacaqsınız.
- Yox, biz skaypla danışırıq, həyat yoldaşım bir neçə dəfə Amerikaya gəlib.
- İndi necə yaşayırsınız? Harada yaşayırsınız?
- Nyu-Yorkda yaşayıram, normal həyat tərzi keçirirəm, metro ilə hərəkət edirəm, ekonom-klassda uçuram. Prezident işlədiyim vaxtdan indi çox qazanıram. Ağıllı adamlar məsləhət gördülər ki, bir qədər istirahət edim, bir qədər pul qazanım.
- Necə qazanırsınız?
- Mühazirələr oxuyuram, hər pullu çıxışıma prezident olduğum zaman aldığım aylıq əmək haqqından çox ödəyirlər.
- Nə qədər?
- Çoxlu. Prezident olanda 5-6 min dollar alırdım, Amerikada isə bir çıxışıma bundan daha çox pul ödəyirlər.
- Amerikada, yəqin ki, 10 min və daha çox qazanırsınız?
- Daha çox.
- Bəs harada yaşayırsınız?
- Bruklində adi mənzildə.
- Bəs niyə Manhettendə yox?
- Ora bahalıdır, Bruklində dayımın mənzili var, ondan istifadə edirəm.
- İndi oğlunuz Amerikada oxuyur. O, kim olacaq? Bütün ailəniz özünü gələcəkdə amerikalı kimi görürmü?
- Nə üçün? Yox. Mənim həyat yoldaşım Gürcüstanda qalıb, kiçik oğlum gürcü məktəbində oxuyur, böyük oğlum isə orta məktəbi Gürcüstanda bitirib, indisə kollecdə oxuyur. Fizikanı ciddi öyrənir, fizik olmaq istəyir. Mən fizikanı görmək belə istəmirəm və heç nə də başa düşmürəm. Mən hətta başa düşmürəm ki, o fizikanı necə oxuya bilir.
- Siz indi Amerikadakı komfortlu həyatınızıdanUkraynanın gələcəyi naminə imtina etməyə hazırsınızmı? Burada sizə müxtəlif variantlar təklif olunur, məsələn, məsləhətçi.
- Yox, düşünmürəm ki, Kiyevə gəlmək lazımdır, mən burada olmağı sevirəm.
- Gənclik illərinizi xatırlayırsınızmı?
- Mən indi də hələ qoca deyiləm, amma burada yaxşı atmosfer var.
- Siz indi Gürcüstana qayıtmağa qorxmursunuz?
- Qorxmuram, amma hələ ki getmək istəmirəm. İstəyirəm ki, insanlar məndən uzaq olub istirahət etsinlər. Mən fiziki cəhətdən yorulmamışam, ancaq mənəvi cəhətdən çətindir.