Problem / Karusel / Slayd (15-03-2018, 09:28)
"Abşeronda rüşvət verməsən iş görmək olmur" Masazır sakinləri-Özəl-VİDEO
"Abşeronda rüşvət verməsən iş görmək olmur" Masazır sakinləri
Abşeronun yaddan çıxmış Masazır qəsəbəsinin “adsız” ünvan deyilən ərazisində yaşayan çoxsaylı sakinlər redaksiyamıza üz tutaraq onların ağır və dözülməz yaşayış durumunu işıqlandırmağı xahiş edirlər. Beləliklə redaksiyanın çəkiliş qrupu sakinlərin çağırışı əsasında əraziyə ezam olunur..
“Adsız” küçənin çoxsaylı sakinləri küçədə toplaşaraq öz problemlərini və düşdükləri ağır vəziyyət barədə kameraya danışdılar.
Bakının bir addımlığında yerləşən Masazır qəsəbəsinin problemləri bitmək bilmir. Yay aylarında su dərdi çəkən sakinlər, qışda da qaz, işıq, yol problemi yaşayırlar.
Yüzlərlə ailənin yaşadığı qəsəbəyə günlərdir ki, normal işıq, qaz verilmir. Sakinlər məcbur qalıb, alternativ istilik mənbələrindən istifadə edir. Bunlara da hər kəsin imkanı çatmır.
Küçələrin heç birində işıq dirəyi yoxdur. Yağışlı havada sakinlər tərəfindən “adsız” adlandırılan küçədə hərəkət etmək müşkülə çevrilir. Gecələr hər tərəf qaranlıq çökür. 21-ci əsrdə camaat evinə gedən yolu tapmaq üçün cib fanarlarından istifadə edir. Əslində isə bütün küçələrdə elektrik dirəkləri olmalıdır və gecələr gün işıqlanana kimi məhəllələrdə işıq yanmalıdır. Bizdə isə bunu sadəcə şəhərin mərkəzi yerlərində, turistlərin gördüyü, göz önündə olan küçələrdə müşahidə etmək mümkündür. Qısası, Hər şey var, amma Abşeronda yoxdur..
Son günlərdə yağan yağışlar da sakinlərin problemini ikiqat artırıb. Belə ki, qəsəbənin küçələrində hərəkət etmək problemə çevrilib.
Qəsəbə sakinləri bildirir ki, buranın yayı da, qışı da problemlidir: "Bir balaca külək əsən kimi işıqlar sönür. Hava azca soyuyan kimi qaz ya çox zəif gəlir, ya da ümumiyyətlə gəlmir. Düşünün ki, o qədər qaz zəif gəlir ki, kombini qoşan kimi mətbəxdə qaz sobası sönür. Onu yandıranda da kombi dayanır. Yayda içməyə su tapmırıq. Gündə bir neçə saat su gəlir, onda da hamı su nasosunu qoşur ki, çəni doldursun. Qışda isə su az istifadə edilir deyə, normal gəlir. Yəni bizim "Masazır" qəsəbəsində nəyə tələbat artırsa o tapılmır". Dəfələrlə Bələdiyyəyə, İcra hakimiyyətinə və digər qurumlara müraciət etmişik. Amma faydası yoxdur.
Qəsəbəyə işləyən marşurut avtobusları da kiçik tutumlu olduğu üçün əhalinin hərəkətini layiqincə təmin edə bilmir. Sakinlər deyirlər ki, buraya sadəcə 569 nömrəli marşrut avtobusu gəlir. O da həmişə tam dolu vəziyyətdə olur: "Bunun da üstünə 2 saat səhər, 2 saat da axşam tıxacını gələndə görün, nələr çəkirik də. Səhər işə gedirsən yol tıxac, avtobusda camaat bir-birinin üstündə... Axşam işdən evə gəlirsən, yenə tıxac, yenə də camaat avtobusda bir-birini əzə-əzə gəlir. Bu boyda qəsəbəyə sadəcə bir marşrut xətti ayırıblar. Daha geniş materialı videonu izləməklə tanış ola bilərsiniz;