Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (22-04-2014, 23:05)
Qaraçuxurda 50 köçkün ailəsi ağır durumda

Qaraçuxurda 50 köçkün ailəsi ağır durumda

 

Məcburi köçkünlərin 1-ci mədən ərazisində məskunlaşdığı yataqxananın ətrafı zibil poliqonuna çevrilib

Suraxanı rayonundakı “Qazaliniy zavodu” kimi tanınan ərazidəki yataqxana binasında məskunlaşmış məcburi köçkünlər dözülməz şəraitdə yaşayırlar. Belə ki, Qaraçuxur qəsəbəsindəki 1-ci mədən sahəsində Dövlət Neft Şirkətinə məxsus köhnə binalarda məskunlaşmış 50 köçkün ailəsi bu günə kimi dövlət qayğısından kənarda qalıb. Həmin ünvanda, natəmizliyin və zibilliyin içərisində yaşayan köçkünlərin yaşayış tərzi demək olar ki, son həddə çatıb. 

Yataqxana sakinlərindən biri, Ağdam rayonundan məcburi köçkün Fəqan Ağayev “Həftə içi”nin əməkdaşı ilə söhbətində bu yaşayış sahəsindəki natəmizlikdən şikayətlənib. O, məcburi köçkün uşaqların təhsil aldığı məktəbin də yaşayış sahəsindən çox aralıda yerləşdiyini bildirir: “Marşrut avtobusları olmadığından uşaqlarımız məktəbə getmək üçün hər gün təxminən 2-3 kilometr yolu piyada gedib-gəlir. Soyuqlu-şaxtalı havalarda isə ümumiyyətlə, dərsə gedib-gələ bilmirlər”.
Çingiz Əliyev adlı məcburi köçkün isə bildirir ki, 20 ildən artıqdır müvəqqəti məskunlaşdıqları ərazi vaxtilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olub. Onun sözlərinə görə, 22 il əvvəl məskunlaşdıqları yataqxana binasının divarları da artıq uçur: “Binanın dam örtüyü uçub-tökülür. Burda təmir işləri aparmaqdan yorulmuşuq. Yağan yağış və qar suları üstümüzə tökülür. 5 nəfət ailə üzvümlə uçuq, nəmişlikdən kif bağlamış xırda otaqda qalmışıq, otaqların divarları da uçub tökülür. Həyət-baca natəmizlik içindədir, antisanitariya şəraitində yaşayırıq. Görün, burada da insan yaşayarmı? Uçuq daxmalarda çürüyürük. Dar bir həyətdə 3 ailə yaşayır. Axı, biz hansı əsrdə, hansı dövrdə yaşayırıq? Kanalizasiya xətti köhnə olduğundan artıq sıradan çıxıb. Üstünü köhnə dəmir parçaları ilə örtmüşük ki, üfunət ətrafa yayılmasın. Çünki kanalizasiya xətti tez-tez tutulduğundan çirkab sular evlərə axır. Otaqların nəmişlikdən çürümüş köhnə taxta döşəmələrinin altı siçan və siçovulların yuvasına çevrilib”.

Çingiz Əliyev döşəmənin altından otaqlara təbii qaz sızdığını da deyir. Onun sözlərinə görə, qazdan zəhərlənməmək üçün bütün gün otaqların pəncərələrini açıq qoymaq məcburiyyətindədirlər. O, 2011-ci ildə yerin altından keçən qaz kanalizasiya xəttinə dolduğundan gecənin birində partlayış baş verdiyini də xatırladır: “Həmin hadisə zamanı ev yerlə-yeksan olduğundan bir köçkün ailəsi həlak oldu. Biz də gecələr qorxu içində yaşayırıq. Allah eləməsin, istənilən vaxt bizim ev də qaz partlayışına tuş gələ bilər”.

Sakinlər müvəqqəti məskunlaşdıqları bu məhəllədə içməli suyun da problemə çevrildiyini deyirlər. Belə ki, bu əraziyə içməli su ən yaxşı halda hər 3 gündən bir verilir. Yay fəslində isə ümumiyyətlə, su olmur. Ramin adlı sakin deyir ki, içməli su xətti yaxın məsafədən, yaşayış sahəsinin təxminən 50-100 metrliyindən keçir. Lakin magistral xəttin bu qədər yaxın məsafədə olmasına baxmayaraq, aidiyyəti qurumlar məcburi köçkünlərin yaşadığı məhəlləyə su xətti çəkmək istəmir: “Yalnız seçkilər ərəfəsi su normal verilir. Elə ki, seçkilər qurtardı, içməli suyun verilməsi də dayanır. Bu barədə aidiyyəti qurumlara müraciət etmişik. Söz verirlər ki, tələsməyin, tezliklə sizi təzə binalara köçürəcəyik. Amma neçə ildir ki, beləcə söz verirlər. Cavabdeh şəxslər gözləyirlər ki, yaşadığımız binalarda bir bədbəxt hadisə baş versin, ondan sonra bizi münasib yerlərə köçürsünlər. Vəziyyət o həddə çatıb ki, sakinlər plastmas boru ilə öz həyətlərinə su xətti çəkiblər. Bu xətlər isə bir-birilərinə dolaşdığından yararsız hala düşüb. Xətlərin içərisinə zibil dolduğundan tez-tez tutulur, su küçəyə axır”.

Laçın rayonundan olan məcburi köçkünlər isə məskunlaşdıqları binanın dam örtüyünün uçduğunu söyləyirlər. Onların sözlərinə görə, artıq dam örtüyünün bir hissəsində şifer yoxdur. Yağış suları isə dam örtüyündən otaqlara axır. Məişət tullantıları illərlə yığılıb qaldığından sakinlər məcbur olub bəzən onu yerindəcə yandırırlar. Sakinlər deyirlər ki, tullantıların daşınması ilə Qaraçuxur qəsəbəsində yerləşən 137 saylı Mənzil Kommunal İstismar Sahəsi məşğul olur. Amma bu qurumun işçiləri 1-mədən yaşayış sahəsində bir dəfə də olsun, sanitar-təmizlik işləri aparmayıb.

Belə vəziyyətdə yaşamağın mümkün olmadığını deyən Məhəmməd adlı Zəngilan köçkünü deyir ki, indi onu narahat edən ən ciddi məsələ uşaqların sağlamlığıdır: “Uşaqlarımız zibilliyin içində oynadığından tez-tez qurd xəstəliyinə tutulurlar. Çünki uşaqların oynaması və sakinlərin asudə vaxtlarında istirahəti üçün heç bir şərait yoxdur”. 

Suraxanı Rayon Gigiyena və Epidemologiya Mərkəzinin direktoru Züleyxa Səmədova sakinləri narazı salan məsələlərə aydınlıq gətirərkən deyib ki, 1-ci mədən küçəsi, “Qazaliniy zavod” kimi tanınan ərazidəki yataqxananın ətrafında təmizliyə və məişət tullantılarının daşınmasına Dövlət Neft Şirkətinin tabeliyində olan 137 saylı MKİS məşğul olur. Direktor “Həftə içi”nə açıqlamasında ərazidəki natəmizliyə görə, 137 saylı MKİS-nin rəhbərliyini günahlandırıb. O, hətta həmin Mənzil İstismar Sahəsinin ərazidə təmizliyi təmin edə bilmədiyi üçün Suraxanı Rayon Gigiyena və Epidemologiya Mərkəzi tərəfimizdən cərimələndiyini də söyləyib: “Mənzil İstismar Sahəsi ərazidə təmizlik işlərini lazımi qaydada apara bilmir. Ona görə də dəfələrlə bizim qurum tərəfindən xəbərdarlıq edilib, cərimələr tətbiq olunub. Siçan və siçovulların məhv edilməsi, eləcə də ərazilərin və evlərin dezinfeksiya işlərinə isə Suraxanı Rayon Dezinfeksiya İdarəsi nəzarət edir”. 

шаблоны для dle 11.2

Xəbər lenti
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
17 09 2024
17 09 2024