Problem (21-12-2017, 13:30)
Azərbaycanlı aktrisa həyat yoldaşının xəyanətindən danışdı - FOTO
Mediatv.az aktrisa Ruhiyyə Həsənovanın Milli.Az-a müsahibəsini təqdim edir:
- Ruhiyyə xanım, uzun illərdir teatrda çalışmağınıza baxmayaraq, "Laləli saray" serialındakı Aygün obrazı ilə geniş tamaşaçı kütləsi tərəfindən tanındınız. Bildiyimə görə, oynadığınız rola görə başınız az bəlalar çəkmir...
- Bəli, serialdan tanınmağım danılmaz faktdır. Buna görə mən serialın prodüseri Yaşar Əhmədova, rejissorlarımız Şahin Qəhrəmana, Zaura təşəkkür edirəm. Onlar bizim çox əziyyətimizi çəkir. Bütün günü setdə olduğumdan serialı izləyə bilmirəm, amma sonra internetdən izləyirəm, orada yazılan mənfi rəyləri görəndə sevinirəm. Tamaşaçını inandırmışamsa, deməli, bu, mənim və rejissorun uğurudur. Orada yazırlar ki, "Aygünün başından güllə əskikdir". Mən hərdən deyirəm ki, Aygünü də başa düşmək lazımdır. Bir çox qadınlar həyat yoldaşının xəyanətini qəbul etmir. Aygünün aqressiv olması məhz xəyanətə görədir.
- Adətən, rejissor çəkəcəyi serialı üçün aktrisa seçimi edərkən teatrda həmin aktrisanın tamaşalarını izləyir. Sizi tamaşadan, yoxsa tanışlıq yolu ilə seçdilər?
- Məndə olan məlumata görə, onlar Aygün obrazına aktrisa tapa bilməmişdilər. Bir aktrisa həmin obraza təsdiqlənmişdi, amma o, digər bir kanalda çəkildiyi üçün "yox" cavabını vermişdi. Şəkillərimə baxıb, məni çəkilişə dəvət etmişdilər.
İlk dəfə mən "Laləli saray"ın həyətinə daxil olanda hamı bir ağızdan dedi ki, nəhayət ki, Aygünü tapdıq. Amma bu obraz məndən çox uzaqdır. İnsanın özünü oynamağa nə var ki. Əsas odur ki, sənə yad olan obrazı oynayasan. Bəzən görürsünüz ki, nəsə alınmır, yenidən çəkməyə məcbur oluruq. Bu serial çəkilişləri başlayandan, demək olar ki, böyük stress, əsəb keçirirəm.
- Teatr fəaliyyətiniz necə, genişdir?
- Mən artıq 3 ildir ki, Şuşa teatrında çalışıram. Bizim teatrın rejissoru gözəl insan Loğma Kərimovdur. Həmişə deyirəm ki, Loğma müəllim mənim bir nömrəli rejissorumdur. Bu günlərdə biz "Dərviş Parisi partladır" tamaşasını təhvil verdik. Mən bu tamaşada Xanpəri rolunu oynayırdım. Həqiqətən də, tamaşaya baxan insanlar onu yüksək qiymətləndirdilər. Teatr mənim birinci evimdir. Mən ailə həyatı qurandan sonra bir müddət teatrdan uzaqlaşdım. İnanın Allaha, oturub ağlayırdım ki, teatrı istəyirəm. Teatrımızın direktoru Yadigar Muradova təşəkkür edirəm ki, bir aktrisa kimi mənə inanır və güvənir.
- Həyat yoldaşınız da bu sənətin sahibidir. Tanışlığınız haradan qaynaqlanıb?
- Həyat yoldaşım Vüqar Məmmədəliyev hal-hazırda Gənc Tamaşaçılar Teatrının aktyorudur. Biz həmkarım Mətanət Eresin ad günündə, həmin teatrın nəzdində fəaliyyət göstərən İlham Miniatür Teatrında tanış olmuşuq. O, bu teatrın nəzdində fəaliyyət göstərən digər bir - Gənclər teatrında çalışırdı. Sevgi onu İlham Miniatür Teatrına gətirdi. Elə burada tanış olandan sonra ailə həyatı qurduq. Bir müddət o istəmədi ki, mən teatrda işləyim. Çünki övladlarımız çox balaca idi. Amma buna baxmayaraq, mən yenə də teatrı tərk etmədim.
- Bildiyim qədərilə, evlilik prosesində bir çox əziyyətlərə qatlaşmısınız...
- Mən Vüqara qoşulub qaçmışdım, çünki anam istəmirdi onunla ailə həyatı qurum. Deyirdi ki, tanımadığım ailəyə qız verə bilmərəm. Xeyli orada qalandan sonra Bakıya qayıtdıq. Qız övladım artıq orada dünyaya gəlmişdi. Mən heç kimə qərib yerdə yaşamağı arzu etmirəm. Mən onu çəkdim...
- Həyat yoldaşınızın sevgisi ananızın sevgisindən daha üstün idi?
- Ana sevgisi tam başqadır, həyat yoldaşına olan sevgi isə tam başqa. Vüqarın sevgisi üstün olmasaydı, onunla qoşulub uzaqlara qaçmazdım. Orda bizim bir toyumuz oldu ki... Bütün millətlərdən toyumuzda nümayəndə var idi (gülür).
- İndiki ağlınız olsaydı, qaçardınız?
- Xeyr, indiki ağlım olsaydı, getməzdim. Ailə həyatı qurardım, amma ora getməzdim. İnanırsınız, mən oradan qayıdanda özümü əsirlikdən çıxıb gəlmiş insan kimi hiss edirdim. O qədər həsrət, fikir çəkirdim ki.
- Həyat yoldaşınız aktyordur, ətrafında həmişə gözəl xanımlar olur. Qısqancılığınız varmı?
- Desəm ki, qısqanclığım yoxdur, yalançı olaram. İkimiz də eyni sahədə olduğumuza görə bir-birimizi rahat başa düşürük. Bəzən kişi aktyorlarla oynayanda mənə kənardan deyirlər ki, "Nə yaxşı Vüqar qəbul edir? Mən də cavabında deyirəm ki, "Bəs mən nə yaxşı qəbul edirəm!" Bu, bizim işimizdir, sənətimizdir. Onu o zaman qısqanaram ki, bilərəm ki, ortada nəsə var.
- Nə vaxtsa sizə xəyanət etdiyini hiss etmisiniz?
- Bəli, xəyanətlər olub. Mən bunu qorxmadan, çəkinmədən deyirəm. Bilmişəm ki, nəsə olub, hətta üzünə də demişəm. Amma nəyəsə görə keçmişəm, qəbul etmişəm. Birinci gözümün qarşısında övladlarım dayanıb. Bəzən qadınlar deyirlər ki, yox, mən keçmərəm. Amma elə də yaxşı keçmək olur ki. Mən oynadığım iki ekran işində həyat yoldaşlarımın xəyanəti ilə üzləşmişəm. Bəxtimdən bütün həyat yoldaşlarım mənə xəyanət edib (gülür).