Mədəniyyyət (11-05-2016, 17:38)
Nərimanovda Azərbaycanın xalq şairi Səməd Vurğunun 110 illik yubiley tədbiri keçirilib - FOTOLAR
Mediatv.az xəbər verir ki, "Odlar Yurdu" Universitetində Nərimanov Rayon İcra Hakimiyyətinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və "Odlar Yurdu" Universitetinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında Azərbaycanın xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr edilmiş yaradıcılıq festivalı keçirilmişdir.
Festivalın keçirilməsində məqsəd Səməd Vurğunun həyat və yaradıcılığına məktəbliləri cəlb etmək, şagirdlərin istedadlarını və yaradıcılıq qabiliyyətlərini üzə çıxartmaq, onların mövcud potensiallarının reallaşdırılmasına şərait yaratmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Odlar Yurdu” Universitetinin rektoru, professor Əhməd Vəliyev, rayon ərazisində yerləşən orta ümumtəhsil müəssisələrinin 500 nəfər şagirdi iştirak etmişdir.
Yubiley tədbirində çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Odlar Yurdu” Universitetinin rektoru, professor Əhməd Vəliyev Səməd Vurğunun həyat və yaradıcılığından danışaraq qeyd etdilər ki, Səməd Vurğun təkcə şair deyil, eyni zamanda böyük alim, filosof idi. Səməd Vurğun Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən, yaradıcılarından biri olmuşdur, ömrünün son illərində həmin akademiyanın vitse-prezidenti vəzifəsində çalışmış və Azərbaycan elminin, ədəbiyyatşünaslığının inkişafında çox əvəzsiz xidmətlər göstərmişdir.
Sonra bədii qiraət, inşa-yazı, dram əsərlərindən kiçik səhnəciklər və hekayə yazarlar nominasiyalar üzrə qalib gəlmiş şagirdlər təşkilatçılar tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Rəsmi hissədən sonra tədbir qalib gəlmiş şagirdlər tərəfindən hazırlanmış şeirlər və dram əsərlərdən kiçik səhnəciklər ilə davam etdirilmişdir.