Mədəniyyyət / Slayd (6-03-2016, 12:14)
Rəsulzadənin vəfatından 61 il ötdü – Dəfndən fotolar
Məhəmməd Əmin Rəsilzadənin dünyasını dəyişməsindən 61 il ötür. 61 il əvvəl – 1955-ci ilin 6 martında, saat 11-ə 10 dəqiqə qalmış ürəyində böyük Vətən, Millət sevgisi olan Azərbaycan fədaisi qürbətdə həyata gözlərini yumdu.
Mediatv.az: Məhəmməd Əmin Rəsulzadənin ölüm günündə musavat.coma istinadən oxuculaa bir yazı təqdim edirik. Qeyd edək ki, yazı 2014-cü ildə “Azadlıq” radiosunun saytında yerləşdirilib.
Görəsən, 1955-ci il martın 6-nı Azərbaycan, Bakı necə keçirdi?
Bunun üçün gərək köhnə qəzetləri vərəqləyəsən.
Nə fərqi var? Ömrünün önəmli hissəsini Sovetlərdə yaşayan biri kimi mən bu günü xəyalımda canlandıra da bilərəm.
Stalin erası artıq tarixə qovuşmuşdu. M.C. Bağırov dövrü da həmçinin…
Stalinə pərəstiş məsələsini gündəmə gətirəcək XX qurultaya hazırlıq gedirdi.
Ölkədə milli məsələ qabarmışdı. Mərkəzə aramsız «donos»lar axışırdı.
Ərzaq qıtlığı vardı…
Qərbi azərbaycanlıların 1948-ci ildən başlayan növbəti köçü artıq tamamlanmaq üzrə idi. Dağlıq ərazidə yaşayan minlərlə insan Kür-Araz ovalığının ilan mələyən düzlərinə yerləşdirilmişdi…
Amma qəzetlər, yəqin ki, cari beşilliyin nailiyyətlərindən, qarşıdan gələn beşillikdə görüləcək işlərdən, sovet adamlarının kommunizm uğrunda fəal mübarizəsindən yazırdı…
Bakı, Azərbaycan gündəlik həyatını, qayğılarını yaşayırdı. Gələcəkdə nələr yaşanacağının fərqində belə deyildi…
TÜRKİYƏ
1955-ci ilin martın 6-da Ankara Universitetinin Tibb fakültəsinin klinikasında bir azərbaycanlı mühacir yatırdı. Şəkər xəstəliyindən müalicə alan bu önəmli şəxsin durumu ürəkaçan deyildi. O, ölüm yatağındaydı…
Bu önəmli şəxsin öz ölkəsinə hansı xidmətlər göstərdiyi, çox güman, xəstəxana çalışanlarını maraqlandırmırdı.
Amma xəstənin yaxınları kimi itirdiklərinin fərqindəydilər.
Xəstənin yanında silahdaşları vardı. Onun qayğısına qalır, qulluğunda dururdular.
Ümidsiz xəstə huşu özünə gəldikcə keçmişi xatırlayırdı.
Əzablı keçmişi…
BAKI
Ölkəsində Milli Şuranın rəisi olan bu şəxsin qurduğu dövlət düz 35 il əvvəl devrilmişdi.
35 illik bir mücadilə gözləri önündən keçirdi.
Bu yolda nələr görməmişdi?
Cümhuriyyət qurmanın, üçrəngli bayrağın gətirdiyi əvəzsiz sevinc, gənc ölkəyə olan aramsız basqınlar, daxili və xarici didişmələr, Bakının azad olunmasının verdiyi qürur, milli ordu quruculuğu, Azadlığın dadı – bircə damlası!..
Məhəmməd Əmin Rəsulzadənin dəfni. Türkiyə, Ankara
1920-ci ilin qara apreli, XI Ordunun Bakıya hücumu, Azərbaycan parlamentinin son iclası, iclasda hakimiyyəti bolşeviklərə təslim xəbərini eşidən Şəfi bəyin hönkürtüsü, Vətəndən Vətənə mühacirət– Lahıc dağlarında keçən günlər…
Məhəmməd Əmin Rəsulzadənin dəfni. Türkiyə, Ankara
BAYIL-MOSKVA
Bayıl türməsi, Stalinin Bakıya gəlişi, Novxanıda ailəsiylə son görüş, balaca Azərin bələyindən gələn bənzərsiz qoxu, Stalinlə bir vaqonda Moskvaya səfər, bir «çust»da keçirdiyi şaxtalı Moskva qışı, ilk çəkmənin sevinci, Stalinin onu öz tərəfinə çəkmək yolunda çabaları, hər təklifinə «yox» cavabı alan «dost»un: «əcaib insandır Rəsulzadə» sözü, bir görüşdə səsləndirdiyi «Bəlkə Türkiyəyə gedəsən» təklifi və həmən fikrindən dönməsi, Fin körfəzi ilə gizli və qorxulu qaçış, neçə-neçə ölkədən sonra başlayan Türkiyə həyatı
Ümidsiz mühacirət illəri. Pulsuzluq, otaqlarda qaçışan siçovullar, təzədən Türkiyədən çıxarılma, Avropa həyatı, çıxardığı dərgilər, yazdığı kitablar, Sovetlərin iç üzünü açan çalışmalar, silahdaşlarının vaxtlı-vaxtsız ölümü, Vətəndən gələn faciəli xəbərlər…
LAHIC
Tez-tez yadına Lahıc dağlarında gizləndiyi vaxtlar düşür. Bir də orada yazdığı «Əsrimizin Səyavuşu» əsərinin əlyazması. Gizləndikləri evdə Firdovsinin «Şahnaməsi»ni oxuduğunu, yanındakı yoldaşına: «Tariximin Səyavuşunu dinlədin. İndi sənə «Əsrimizin Səyavuşu»nu yazacağam» demişdi.
7-8 gün içində əsəri tamamlayır. İstanbulda «əsəri təzədən yaz» söyləyənlərə: «O zamankı, ruh halı və vəziyyət bir daha geri verilməz» cavabını verdiyini xatırlayır.
İşə bax, hər şeydən əlini üzdüyü bir vaxtda Lahıcda bir kəndliyə əmanət etdiyi əlyazma 3 ildən sonra, özü demiş «bolşevik çəmbərini yarıb İstanbula çatır». Amma ölüm yatağında açar sözü eşitməyincə, əlyazmanı heç kimə verməyən həmin kəndliyə təşəkkür edə bilmədiyinə üzülür…
AVROPA
Sonra yenə Türkiyədən çıxarılma, yenə yad ölkələr, Vətəndən gələn qara xəbərlər, ölüm-itimlər, xəyanətlər, ittihamlar, yaşlanmalar…
Amma yoldan dönmək yox!
Amma dəyişmək yox!
Mübarizəyə davam!
Azərbaycanın gələcəyinə olan inam çox güclüdür.
O qədər güclüdür ki, ölmək istəmirsən…
Sonu görmək istəyirsən…
Heyhat! Sona hələ çox var!
Ən azı, daha 30-35 il dözməlisən, yaşamalısan, mücadilə etməlisən.
Bir də ki, Əmin bəy, son ürəyincə olacaqmı?
«Əsrimizin Səyavuşunun böyümüş oğulları» CÜMHURİYYƏT ideyalarını yaşada biləcəkmi?
Bu da bir dərd.
İndi o bunu düşünmür – mən deyirəm…
NOVXANI
Dünyanın işinə bax. «Dostu» Stalin iki il öncə elə martın 5-də dünyadan köçdü. Daha sonra «Stalinlə ixtilal xatirələri» yazıldı.
Ondan əvvəl nələr yazmadı, nələr dərc etdirmədi?
Amma bax, bütün bu keşməkeşlər bir yana, şüuru aydınlaşdıqca, yadına yenə Bakı, Novxanı düşür…
Doğma kənddə keçən uşaqlıq illəri, ata-anası, ilk dərs günü, həyatının Bakı illəri, Novxanıda nənəsinin qonağa (Stalinə) bişirdiyi aşı süzərkən ocağa dağıtması, sürgündə, zindanda keçən gəncliyi…
«Müsavat» partiyasının yaranması, çar hökumətinin süqutu, Moskvada keçirilən Ümumrusiya Müsəlmanlar Qurultayındakı məşhur çıxışı…
Fin körfəzini keçmək istərkən gecələdiyi evdə bir nəfərin onu bu çıxışına görə tanıdığı, təriflədiyi yadına düşür. Mən nə hayda, bu nə hayda?!… Gülümsünür…
Bir də, «1918-ci ilin 28 Mayıs»ı. Heçdən bir dövlət, bir bayraq yaratmağın şirin dadı. Cəmi 18 aylıq sevinc…
ANKARA
1955-ci il martın 6-sı gecə saat 11-ə 9 dəqiqə qalır.
Bu nədir? Yenə Bakını, Novxanını görür.
Əzizləri – ata-anası, övladları onu çağırırlar. Əl edirlər. «Gəl » – deyirlər.
O getməlidir!
Mütləq getməlidir!
35 ildir Azərbaycanı görmür.
35 ildir Bakıya həsrətdir.
35 ildir Novxanıdan ötrü burnunun ucu göynəyir.
35 ildir ailəsindən, övladlarından xəbərsizdir.
O gedir. Azərbaycana gedir.
«Azər…bay…can…can…can»!..
1955-ci il, martın 6-sı, saat 11-ə 10 dəqiqə qalır…