Kriminal (19-04-2018, 09:28)
Bibisini öldürənə hökm oxunub - FOTO
Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini 1994-cü il təvəllüdlü Vüsal Şıxəliyevin Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mediatv.az-ın məlumatına görə, ötən il dekabrın 4-də Masazır qəsəbəsində Vüsal Şıxəliyev bibisi, 1975-ci il təvəllüdlü Yeganə İmamverdiyevaya balta ilə çoxsaylı xəsarət yetirib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, bir gündən sonra keçinib. Şübhəli şəxs Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb, fakt üzrə rayon prokurorluğunda cinayət işi başlanıb. Tutulan Vüsal Şıxəliyev cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrum olunub.