Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz hərbi birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Orxan Adiyev, İbad Muxtarov, Məhəbbət Abdullayev və Nizami Mahmudovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Mediatv.az bildirir ki, Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Mayıl Bayramov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə prosesi noyabrın 4-ə təyin edilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin bu ilin fevral ayında yaydığı məlumata görə, adıçəkilən şəxslər 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisinə keçiblər. Onlar həmin dövlətlərin ərazisində qanunsuz fəaliyyət göstərən “İslam dövləti” (İŞİD) və digər terrorçu təşkilatların, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahlardan istifadə təcrübəsinə yiyələniblər. Təlimlər başa çatdıqdan sonra onlar Suriya və İraq ərazisində sabit terrorçu və digər qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda və döyüşlərdə iştirak ediblər.