Kriminal (27-10-2016, 09:22)
Polkovnik İlqar Əliyevi “aradan götürmək” kimə lazım idi?
Odioz general “mahmudovçu” polkovnikin öldürülməsinin detallarını vəkilinə ötürüb
Mediatv.az: Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov vəkili Kamandar Nəsibova sensasion sayıla biləcək məlumatlar verib. Sitat: “Akif Çovdarov rəisə (BİT rəisi nəzərdə tutulur - E.M.) dedi ki, İlqar Əliyevi döyüb, sonra asıb öldürmüsünüz, o biri təqsirləndirilən şəxs Orxan Osmanovu döyüb, yalandan ifadə almısınız. İlqarı necə döyüb öldürüb sonra asıblar, hamısı dəqiqdir. Akif də deyir ki, mən bunlara etiraz olaraq özümü aclıq edib öldürəcəyəm. Eldar Mahmudova qarşı İlqar Əliyevdən ifadə almaq istəyiblər. Orxan Osmanovdan isə Akif Çovdarova qarşı ifadə almaq istəyiblər”.
Yada salaq ki, E.Mahmudov “vurulandan” sonra “MTN işi” üzrə ilk həbs edilənlərdən biri də məhz İ.Əliyev olmuşdu. 2015-ci il oktyabrın 17-də həbs edilən İ.Əliyevin asılmış vəziyyətdə olan meyitini 2 ay sonra - dekabrın 20-də saxlanıldığı BİT-dəkı kamerada aşkarlamışdılar...
BİT-dən İ.Əliyevin meyiti çıxan gündən onun öldürülə biləcəyi haqda ehtimallar vardı. İndi isə bu ehtimalları inandırıcı edən detallı açıqlama ortalıqdadır. Bunu söyləyən isə sıradan bir şəxs deyil. A.Çovdarov İ.Əliyevin öldürülüb sonra asıldığını dilə gətirirsə, dediklərinə inanmamaq üçün hər hansı bir ciddi əsas yoxdur.
A.Çovdarov İ.Əliyevin öldürülməsinin mümkün səbəbini də açıqlamaqdan çəkinmir. Deyir ki, İ.Əliyevdən Eldar Mahmudovun əleyhinə ifadə istəyiblər. Verməyib və onu döyüblər, adam ölüb. A.Çovdarov İ.Əliyevin asılmasını ölümünün ört-basdır edilməsi məqsədi daşıdığını da açıqlayır.
İ.Əliyev Baş Prokurorluğun araşdırdığı “MTN işi” üzrə əsas fiqurantlardan biri idi. Sabiq milli təhlükəsizlik naziri E.Mahmudovun yaxın çevrəsinə daxil olan bu şəxsin adı jurnalistlərə, sahibkarlara qarşı həyata keçirilən qanunsuzluqların əsas icraçısı kimi hallanırdı. Bu haqda mətbuatda kifayət qədər məlumat var. Onun qəfil olümü çoxsaylı suallar yaratmışdı. MTN-çinin saxlanıldığı təcridxanada özünü asmasına Akif Çovdarovun açıqlamasına qədər də inananlar az idi.
İ.Əliyevin ailəsi də onun özünü öldürməsinə çox ciddi şübhələrinin olduğunu gizlətmirdi. “Yeni Müsavat”ın 8 yanvar 2016-cı il tarixli sayında dərc edilən “Ailəsi MTN polkovnikinin özünü öldürməsinə inanmır” http://musavat.com/news/olke/ailesi-mtn-polkovnikinin-ozunu-oldurmesine-inanmir_317110.html sərlövhəli yazıda bu haqda məlumat verilirdi.
Sitat: “İ.Əliyevin ailəsinə yaxın mənbə ”Yeni Müsavat"a deyib ki, ailə üzvləri onun həyatla öz xoşu ilə vidalaşdığına inanmadıqlarını istintaqçılara da deyiblər. “İlqar Əliyev ölümündən az əvvəl həyat yoldaşı ilə telefonla danışıb, hər şeyin normal olduğunu deyib. Onun iki uşağı var, yoldaşından uşaqlarını soruşub. Deyib ki, hər şey yaxşı olacaq. Yəni özü də bilirdi ki, 10-12 il cəza verilə bilər. Həbsə düşməyindən narahat olub, bədbin, fikirləri qarışıq olub. Amma özünü asması heç ağla gələn məsələ deyil... Deyib ki, atası, qardaşı çox da qüssələnməsin. Bir işdir başına gəlib. Yəni İlqar Əliyev həbs olunmasından narazı olub. Amma onun özünü asması üçün əsasları olmayıb. Onun ölümündən sonra vəkili də ailəsinə deyib ki, İlqarın vəziyyəti pis olmayıb. Onunla məsləhətləşmələr aparıb, müdafiə taktikası qurub, vəsatətlər hazırlayıblar. Vəkili hər gün onunla görüşüb, nə edəcəklərini müzakirə ediblər. Adam özünü asacaqdısa, niyə müdafiə olunmağa hazırlaşıb?”
“Yeni Müsavat”ın əməkdaşı İlqar Əliyevin vəkili olmuş Rəşad Mehdizadə ilə əlaqə saxlayaraq A.Çovdarovun fikirlərinə münasibətini öyrənib. Vəkil deyib ki, İ.Əliyevdən Eldar Mahmudovun əleyhinə ifadə onun iştirakı ilə alınmayıb. R.Mirmehdizadə A.Çovdarovun fikirlərini şərh etməyib.
Mümkündür ki, İ.Əliyevi vəkilsiz çağırıb Eldar Mahmudovun əleyhinə ifadə istəyiblər. Ola bilər ki, o, belə bir ifadə verməkdən imtina edib və Akif Çovdarovun söylədiyi ssenari işə düşüb. İ.Əliyevin tələb ediləndən artıq danışması da onun həyatı üçün təhlükə yarada bilərdi. Bu xüsusda “Yeni Müsavat”ın 18 yanvar 2016-cı il tarixli sayında “MTN polkovnikinin müəmmalı ölümünün şok sirri- ”Danışacam..." http://musavat.com/news/olke/mtn-polkovnikinin-muemmali-olumunun-shok-sirri-danishacam_319251.html sərlövhəli yazıda söhbət açılırdı.
Həmin yazıdan sitat: “Əldə etdiyimiz son bilgilər İlqar Əliyevin həbsindən sonra susmaq niyyətində olmadığını deməyə əsas verir. Belə ki, qaynağımız iddia edir ki, saxlanıldıqdan sonra barəsindəki həbslə əlaqəli təqdimata baxılarkən İlqar Əliyev konkret ünvanları silkələyəcək fikirlər səsləndirib. Tezliklə azad edilməyəcəyi təqdirdə bildiklərini geniş ictimaiyyətə çatdıracağı ilə bağlı mesajlar verib. Bir sözlə, kompromatları üzə çıxaracağının anonsunu verib. Səbayel Rayon Məhkəməsində barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilərkən bir qədər ümumi danışan İlqar Əliyev Bakı Apelyasiya Məhkəməsində fikirlərini konkretləşdirib, daha kəskin çıxış edib. Ona ”bu gedişlə özünü yandıracaqsan", - deyilsə də, İlqar Əliyev susmayacağını dəfələrlə ifadə edib".
İ.Əliyevin bildikləri siyasi-kriminal janrda çoxsaylı kitabların ana xəttini təşkil edə bilərdi. Onun adı ictimai-siyasi olaylarda daim qırmızı xətlə keçib, ən qalmaqallı proseslərin yönləndiricisi kimi məhz MTN polkovnikinin silueti görünürdü. Belə bir şəxsin danışmasının hədəf götürdüyü şəxslər üçün elə də yaxşı nəticələr verməyəcəyini izah etməyə də ehtiyac yoxdur. Bəlkə elə İ.Əliyev E.Mahmudovun özünü hədəf götürüb?
O Eldar Mahmudovu ki, Azərbaycanın təhlükəsizliyinə cavabdeh bir qurumu özünün şəxsi maraqlarına tabe etdirə bilmişdi. Nazirlər, komitə sədrləri, bir çox hüquq-mühafizə orqanlarının yüksək çinli məmurlarını özünün istəyinə uyğun qərarlar verməyə qədər asılı duruma salmağı bacarmışdı. E.Mahmudovun həbsi həmin məmur tayfasının da ən azı karyeralarının sonunu gətirməsi demək olardı. Odur ki, vaxtilə Eldar Mahmudovdan asılı olanlar özlərini, kreslolarını qorumaq üçün İ.Əliyevin susdurulmasına ayaq verə bilərdilər.
Qeyd edək ki, İ.Əliyevin BİT-də ölümündəın sonra özünü asmasını şübhə altına alan çoxsaylı məlumatlar dolaşırdı. Belə ki, polkovnikin özünü asması üçün mələfəni haradan alması, özünü haradan və necə asması, BİT nəzarətçilərinin həmin vaxt harada olmaları, həmçinin kamera yoldaşının kimliyi və digər suallar cavabsız qalıb. Məsələn, İlqar Əliyevin meyiti BİT-dən çıxandan 2 gün sonra - 2015-ci il dekabrın 22-də orada saxlanılan digər məhbus Manaf Paşayevin də meyiti aşkar olunub. Rəsmi məlumatda onun da özünü asdığı bildirilib. M.Paşayevin İlqar Əliyevin kamera yoldaşı olduğu haqda məlumat vardı. Belə ehtimallar da irəli sürülür ki, M.Paşayev İ.Əliyevin ölümü haqda məlumatlara malik olub və bu üzdən o da eyni üsulla aradan götürülüb...
Üstəlik, İ.Əliyevin Sabunçu Rayon Prokurorluğundan Bakı Şəhər Prokurorluğuna, bir müddət sonra isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə ötürülməsi də müəyyən nəticələr çıxarmağa imkan verir. Birincisi, İlqar Əliyevin ölüm işi prokurorluq orqanlarında dövr etdiyi bir vaxtda elə həmin təcridxanada eyni üsulla dünyasını dəyişmiş məhbus Manaf Paşayevin işi Sabunçu Rayon Prokurorluğunda qaldı. Nə baş verib? Eyni təcridxanada 2 gün fərqlə iki məhkum eyni səbəblə dünyasını dəyişib.
Bəs nə üçün 1 məhbusun ölüm işi bir istintaq qurumunda, o biri isə bir başqasında araşdırılıb?
Həm də hər iki iş üzrə nəticə bu gün də ortada deyil. İlqar Əliyevin ölüm işini daha dərindən araşdırmaq üçün alıb prokurorluğun əsas qurumuna ötürmüşdülərsə, nəticə niyə yoxdur?
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024