Kriminal (17-03-2016, 16:12)
"Heç nəyə görə peşman deyiləm" - Jurnalisti döyənlərin məhkəməsi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətli ilə bağlı təqsirləndirilən Elşən İsmayılov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mediatv.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyib.
Elşən İsmayılov deyib ki, çıxışını yazılı formada hazırlayır, bitirə bilməyib. Buna görə də məhkəmədən çıxış üçün yenə vaxt istəyib. Samir Mustafayev və Camal Məmmədov çıxışa hazır olmadıqlarını, çıxış üçün vaxt istədiklərini deyiblər.
Kənan Mədətov çıxış edərək peşman olmadığını deyib: "Heç nəyə görə peşman deyiləm, çünki heç nə etməmişəm".
Arif Əliyev isə ədalətli qərar verilməsini istəyib: "Ailə vəziyyətimi nəzərə alın".
Məhkəmə prosesi martın 31-də davam etdiriləcək.
Dövlət ittihamçısı Elşən İsmayılovun 14 il, Arif Əliyevin 14 il, Camal Məmmədovun 12 il, Samir Mustafayevin 11 il 6 ay, Kənan Mədətovun 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
qafqazinfo.az