Kriminal (18-11-2015, 21:19)
Biznesmenlər həbsdə qaldı - “Beynəlxalq Bank işi”
Adı “Beynəlxalq Bank işi” qalmaqalında keçən bir neçə iş adamının həbs müddəti Nərimanov Rayon Məhkəməsinin bu gün verdiyi qərarla uzadılıb.
Mediatv.az xəbər verir ki, bu barədə virtualaz.org-a vəkil Kamandar Nəsibov məlumat verib.
“Bu işdə adı keçən digər şəxslərin həbs müddətinin uzadılması məsələsinə yaxın günlərdə yenidən baxılacaq. Proses bu gün başlayıb”, - deyə vəkil bildirdi.
Qeyd edək ki, sözügedən cinayət işi ilə əlaqədar Beynəlxalq Bankın məsul şəxsləri və bankdan böyük məbləğlərdə kredit götürərək qaytarmayan sahibkarlar həbs olunub.
Həbs olunanlar arasında aşağıdakı şəxslər var: Beynəlxalq Bankın Mərkəz filialının keçmiş direktoru İlqar Abdullayev, bankın Nəqliyyat filialının keçmiş direktoru Kənan Orucov, Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, “Azərinşaatservis” MMC Müşahidə Şurasının sədri Arif Həsənov, “Azərinşaatservis” MMC-nin təsisçisi olduğu “Trek İnvest” SC-nin direktor əvəzi Əli Əlişov, “İnter Glass” ASC-nin direktoru Fariz Muradov və digərləri.
Bundan əlavə Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev də istintaqa cəlb olunub.