Kriminal (30-09-2015, 15:31)
Namus üstündə qətl törədənə hökm oxundu - 13 il
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşı arvadı ilə intim münasibətləri olan gənci öldürməkdə təqsirləndirilən Elşad Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Mediatv.az-ın verdiyi xəbərə görə, məhkəmənin hökmü ilə E. Mustafayev 13 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı şəhər sakini, əvvəllər beş dəfə məhkum olunan 1966-cı il təvəllüdlü Elşad Əlikram oğlu Mustafayev Maştağa qəsəbəsində həmyerlisi, 1986-cı il təvəllüdlü Namiq Arif oğlu Əliyevi bıçaqlayaraq öldürüb.
E.Mustafayev ifadəsində qətli namus üstündə törətdiyini deyib, lakin Namiqi öldürmək niyyəti olmadığını bildirib: “Mən onu ölməsi üçün vurmadım ki... Dedim, qoy yaralansın, gəlsin sizə və bilinsin söhbət... Mən onu öldürmək istəsəydim, heç özüm təcili yardım çağırardım? Mən onu vurdum, yolla gedirdi, mən də maşına oturub, yanıyla sürdüm. Əgər öldürmək istəsəydim, ya maşınla vurardım, ya da yerə düşüb, bıçaqlayardım. Görürdüm ki, özü gəzə-gəzə gedir".
Elşad Mustafayevin qardaşı bir müddət əvvəl vəfat edib. Öldürülən Namiq Əliyev onun mərhum qardaşının dul qalan arvadı ilə intim münasibət qurub. Elşad Mustafayev bundan xəbər tutub və cinayət hadisəsini törədib.
Məhkəmənin hökmü ilə Elşad Mustafayev 13 il müddətinə azadlıqdan məhrum edilib.
