Karusel (25-12-2014, 21:58)
Dibi görünməyən Ukrayna bataqlığ
Son günlər Ukrayna ətrafında yaranmış beynəlxalq vəziyyət öz dinamikliyi ilə seçilir. Rusiya və Qərb yenidən bir-birini ittihamlamağa başlayıb. Rusiya Qərbi Ukraynanı ona qarşı qaldırmaqla ikinci cəbhə yaratmaqda, Qərb isə Moskvanı suveren bir dövlətin ərazisini öz maraqları hesabına parçalamağa cəhddə ittihamlayır. Hadisələrin artan hərarətinin fonunda Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Belarusun dövlət başçısı Aleksandr Lukaşenkonun Ukraynaya səfə etmələri diqqət çəkdi. Səfərinin ardından Nazarbayev mətbuata maraqlı açıqlamalar verib.
Nazarbayevdən Ukrayna proqnozu
“Qazaxlar Ukraynadakı vəziyyətdən nəticə çıxarmalıdırlar”. Qazaxıstan mətbuatının məlumatına görə bu fikirləri o, Astanada ümumilli telekörpü zamanı çıxış edib. Ukraynadakı problemlərin kökükün qeyri-sabitlik və cəmiyyətdəki anlaşılmazlıqla bağlı olduğunu deyən N. Nazarbayev bu ölkədə zavod və fabriklərin bağlandığını, biznesin məhvə doğru getdiyini qeyd edib: “Siz doğrudan elə düşünürsünüz ki, sadə insan evdən çıxıb beli götürüb və döyüşməyə gedib? Əsla. Onları qardaş qırğınına siyasətçilər göndərirlər. Belə siyasətçiləri vaxtında, demokratiya haqda ağlaşma qurmadan dayandırmaq lazımdır”.
Ukraynaya kömək etmək üçün səfər etdiyini deyən N. Nazarbayev bu səfərdən hansısa dividendlər güdmədiyini bildirib: “İnsanlar həlak olanda, işləməyin mənası olmur. Nəyə görə 5 min adam ölüb? Hansı ideallar uğrunda mübarizə aparıblar? Bu yaraları sağaltmaq asan olmayacaq. Biz Ukraynanı tanıyırıq. Ölkə rəhbərlərini masa arxasında kompromis axtarmağa dəvət edirəm”.
N. Nazarbayev qeyd edib ki, bundan qazaxlar özləri üçün lazımi nəticə çıxaracaqlar: “Sabitlik, anlaşma mühitində sahib olduqlarımıza nail olmuşuq. Gəlin bunu dəyərləndirək və qoruyaq. Əgər bunu məhv etmək istəyənlər tapılacaqsa, cəmiyyətimizin bütün gücü ilə onlara cavab verməli olacağıq. Yəni, “öncə iqtisadiyyat, sonra siyasət prinsipi” həmişə işləyib və bundan sonra da işləyəcək. Anlaşma olmayan yerdə gələcək də yoxdur. Hamımız bunu gördük. Qazaxlar bu sadə həqiqəti qiymətləndirməlidir”.
Ukraynada terror aktları
Bu arada dekabrın 24-də gecə Kiyevdə naməlum şəxs bir qrup millət vəkilinə tərəf qumbara atıb. “Sensor.net” saytının verdiyi məlumata görə, hadisə paytaxtın mərkəzindəki “Kiev” otelinin qarşısında, yerli vaxtla saat 23.20-də baş verib. Deputatların arasında Ali Rada sədrinin 1-ci müavini Andrey Parubiy də olub. Onlarsan heç biri zərər çəkməyib. Partlayışdan sonra naməlum şəxs qaçıb. Milislər onu təqib edərkən o, milislərə doğru daha bir qumbara atıb, nəticədə 1 milis əməkdaşı yaralanıb. Fakt üzrə cinayət iş açılıb, naməlum şəxsin tapılması və qumbaranın növünün müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Ukraynanın Xarkov şəhərində dekabrın 25-ə keçən gecə partlayış baş verib. İnsident şəhərin mərkəzində qeydə alınıb. “Partlayış Rımarski küçəsi, 5 ünvanında, “Ajur” mağazası yaxınlığında qeydə alınıb”, Xarkov DİN idarəsindən bildiriblər. İlkin məlumata görə, ölən və xəsarət alan yoxdur. Hazırda hadisə yerində operativ-istintaq qrupu işləyir.
İqtisadi müharibə genişlənir
Bu arada Qərblə Rusiya arasında yaşanan iqtisadi savaş daha geniş cəbhəni əhatə etməyə başlayıb. ABŞ prezidenti Barak Obamanın imzaladığı fərmana görə ABŞ şirkətləri Rusiya tərəfindən işğal edilən Krıma hər hansı bir məhsul göndərə və orada xidmət göstərə bilməz.
Bu haqda məlumatı Rusiyanın RBK qəzeti yayıb. Ağ Ev tərəfindən tətbiq edilən embarqonun əsasən İT sahəsinə tətbiq ediləcəyi deyilir. Ekspertlərin fikrincə, yarımadanın sakinləri Skype, Gmail və Windows-un xidmətindən yararlana bilməyəcəklər. Qəzet Obamanın imzaladığı hazırkı fərmanı sabiq prezident Bill Klintonun 1997-ci ildə İranla bağlı imzaladığı fərmanla eyniləşdirib. O vaxt İrana istənilən məhsulun ixracına qadağa qoyulmuşdu.
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları ABŞ-ın təzyiqi altında qəbul edib. Bu fikri isə “Kommersant”a müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov ifadə edib: “ABŞ vitse-prezidenti Cozef Bayden ABŞ universitetlərinin birində çıxışı zamanı bu haqda utanmadan danışıb. Məhz amerikalılar Avropa İttifaqını öz tələblərinə boyun əyməyə məcbur edib”. Ukraynanın şərqindəki münaqişəyə gəldikdə isə S. Lavrov tərəflərin Minsk anlaşmalarına sadiq qalacaqlarına əminliyini ifadə edib. Ukraynada dövlət quruluşu probleminin həllinin vacibliyini önə çəkən nazir qeyd edib ki, əks halda bu ölkədə mütamadi olaraq bu və ya digər problemlər meydana çıxacaq. S. Lavrovun sözlərinə görə, iqtisadi nöqteyi-nəzərdən Ukraynaya hələlik yalnız Rusiya kömək edir. O bildirib ki, son illər ərzində Kiyevə subsidiya və güzəştlər şəklində 33-34 mlrd. dollar verilib. “Qərb isə müəyyən subsidiya, qrant və kreditlərdən başqa hələlik heç bir addım atmayıb. Beləliklə indi “top” onların tərəfindədir və bu “top” böyükdür”.
“Rublun zəifləməsi dövrü artıq başa çatıb. İndi onun möhkəmlənməsi tendensiyası müşahidə olunur”.
“RİA Novosti”nin verdiyi məlumata görə isə, bunu Rusiya maliyyə naziri Anton Siluanov Federasiya Şurasında çıxışı zamanı bildirib. O qeyd edib ki, 1998-ci il defoltundan bəri rublun kursunda ən böyük enmə ötən həftə müşahidə olunub. Dolların məzənnəsinin dekabrın 23-də 80,1 rubla, avronun isə 100,74 rubla çatdığını deyən nazir artıq bu prosesin başa çatdığını qeyd edib: “Fikrimizcə, artıq rubl möhkəmlənməkdədir”.
Sadə rusiyalıların qorxulu yeni il röyası
Rusiyada yaşayan əhali isə Moskvanın müsbət proqnozlarına baxmayaraq iqtisadi tənəzzülü daha çox hiss etməyə başlayıb. Yevgeniya Syomuina və Aleksey Krasnov iki usağı ilə birlikdə yaşadıqları ikiotaqlı evi 6 il əvvəl xarici kreditlə alıblar. Rus rublunun dəyərini itiməsi ilə onlar bayram mövsümü üçün maliyyə planlarını bir də gözdən keçirməli olublar.
“Elə dünən həyat yoldaşımla oturub, yeni il hədiyyələrini necə alacağımız barədə danışırdıq. Bəlkə də biz heç nə almamalıyıq. Ailə büdcəmizi nəzərdən keçirdikdən sonra biz başa düşdük ki, bizim ev üçün ipoteka ödənişimiz iki dəfə, bəlkə də daha çox artıb.” deyə, Aleksey Krasnov bildirir.
Bu ailəni daha ağır günlər qorxudur. Aleksey bankda işləyir və Rusiyanın bank sistemindəki böhran səbəbindən işini itirməsindən qorxur. “İşdə artıq bir neçə dəfə ixtisarlar olub və deyilənə görə bir-iki aya yenə olacaq. Biz qeyri-stabilliyi hiss edirik və bunun ailəmizə necə təsir edəcəyi məlum deyil.”
Lakin bu ailə bir şeyi bilir, evlərini satmayacaqlarını. Çünki evlərin bazar dəyəri çox aşağıdır. “Biz üçüncü uşaq da istəyirdik. Lakin bizim buna imkanımız çatmaz. Biz buradan köçə də bilmirik, çünki ipoteka buna imkan vermir.” deyə, Yevgeniya bildirir.
Rusiya Federasiyasının sabiq maliyyə naziri Aleksey Kudrin bazar ertəsi daha pis xəbərlərlə çıxış edib. “2000-ci ildən, Putinin və Medvedevin hakimiyyətdə olduğu dövrdən bəri adi insanların gəlirləri azalır və gələn il də azalacaq.” Kudrin deyib ki, gələn il Rusiyaya idxal 40 faiz azalacaq və bu, inşaat və investisiya layihələrinə güclü təsir edəcək. O, Ukraynadakı böhrana görə qoyulan sanksiyaların Moskvanın iqdisadiyyatı gücləndirmə planlarını alt-üst edə biləcəyini bildirib. Rusiya rəsmiləri ölkədəki maliyyə böhranına görə qərbi günahlandırır. Lakin bəzi təhlilçilər sanksiyalar qaldırılsa belə, qarşıdan gələn 3 il ərzində Rusiya iqtisadiyyatının çətin vəziyyətdə olacağını deyirlər. Rusiya tənzimləyiciləri iflasdan xilas olmaq üçün pərakəndə bankına 540 milyon dollarlıq kredit verib. Son həftələr Rusiya banklarından pullarını çəkənlərin sayı artıb. Lakin müştərilər pulların çıxarılmağında çətinliklərlə üzləşdiklərindən şikayətlənir. Mərkəzi Bank sələm faizlərini 10-dan 17 faizə qaldırsa da, rublun sabitliyini qorumaq çətin olacaq.
Vüsal Tağıbəyli