Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (25-11-2014, 21:39)
Rusiyada işləyən azərbaycanlılar çətin durumda

Bu ölkəyə tətbiq olunan sanksiyalar soydaşlarımızın gəlirlərini sürətlə azaldır

«Rusiya neftin qiymətinin 30 faiz düşməsindən ildə 100 milyard dollar itirəcək». Bunu yerli mətbuata açıqlamasında ölkənin maliyyə naziri Anton Siluanov deyib. Nazir həmçinin Rusiyanın Qərb sankiyalarına görə itirdiklərinə toxunaraq bildirib ki, bu itkilər hər gün daha da artır: «İldə 40 milyard dollar, neftin qiymətinin 30 faiz azalmasına görə isə ildə 90-100 milyard dollar itiririk».

Qeyd edək ki, sanksiyalar, neftin qiymətinin düşməsi Rusiya rublunun dollara nisbətən məzənnəsini mart ayından bəri 30 faiz aşağı salıb və nəticədə ölkə iqtisadiyyatında ciddi problemlər yaranıb. Rus rublunun sürətlə dəyərsizləşməsi bu ölkədə yaşayan əcnəbilərin də vəziyyətini ağırlaşdırıb. Belə ki, sanksiyalardan dolayı ölkə iqtisadiyyatında baş verən proseslər iş yerlərinin bağlanması ilə nəticələnib.

Xatırladaq ki, qeyri-rəsmi məlumatlara görə, hazırda Rusiyada milyon nəfər azərbaycanlı çalışır. Bu insanlar Azərbaycanda yaşayan yaxınlarına ildə təqribən 1,8 milyard dollara yaxın vəsait göndərirlər.

Bəs, görəsən, indiki şəraitdə Rusiyaya iş dalınca gedən soydaşlarımızın ölkəmizə geri qayıtması nə qədər gözləniləndir?

Mövzu ilə bağlı fikirlərini bölüşən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin sözlərinə görə, ticarət tərəfdaşı olan ölkənin milli valyutasının məzənnəsində dəyişiklik mütləq digər ölkəyə öz təsirini göstərir: «Xüsusən də Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyada milli valyutanın ucuzlaşması ölkəmizə təsiri nəzərəçarpacaq dərəcədədir. Nəzərə alanda ki, Rusiya soydaşlarımız üçün “iş yeridir” bu halda təsirin əhatə dairəsinin nə qədər geniş olduğunu görmək olar. Ancaq qonşu olmasına rəğmən ticarət əlaqələri olmayan Ermənistanın milli valyutasının dəyişməsinin Azərbaycana təsiri olmadığı fikrini söyləyə bilərik. Qalan ölkələr isə bu və ya digər formada təsir göstərir. Ona görə də bu ölkədə baş verən iqtisadi hadisələrin bizə təsirinin olması labüddür. Rus rublunun dəyərsizləşməsi Rusiyaya işləməyə getmiş soydaşlarımızın gəlirlərinin azalmasına təsir edir. Rublun il ərzindən 30 faizə yaxın ucuzlaşması onların qazanclarının azalmasına səbəb olub. Hər il soydaşlarımız tərəfindən ölkəyə rəsmi və qeyri-rəsmi şəkildə böyük həcmdə pul göndərilir. Təkcə 2013-cü ildə banklar vasitəsilə 1,2 milyard dollar həcmində pul göndərilib. Bankdankənar pul göndərişlərini də nəzərə alsaq bu rəqəmin artdığını görə bilərik. Bu pullar təbii ki rublla qazanılır və Azərbaycana köçürüləndə ya xarici valyutaya, yəni dollar və ya avroya, ya da manata çevrilir. Bu zaman məzənnə fərqi itkiləri üzə çıxır. Bundan başqa sanksiyalar nəticəsində biznesin pisləşməsi də miqrantlarımızın qazancı üçün riskdir».

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Əli Məsimlinin fikrincə isə Rusiyada yaşayan azərbaycanlıların kütləvi şəkildə Azərbaycana qayıdacağı gözlənilmir: “Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi embarqo ölkə iqtisadiyyatına müxtəlif dərəcələrdə təsir göstərir. Rubl qiymətdən düşür, bəzi məhsulların qıtlaşdığı görünür, inflyasiya artır, iş yerləri azalır və digər problemlər müşahidə edilir. Bu problemlər Rusiyada təkcə azərbaycanlılara yox, hər kəsə mənfi təsir göstərir, gəlirlərin azalmasına, iş yerlərinin itirilməsinə gətirib çıxara bilir. Amma bu, azərbaycanlıların kütləvi şəkildə Rusiyanı tərk etməsinə səbəb ola bilməz. Azərbaycanlıların bir qisminin gəliri azala bilər ki, bu da onların öz ailələrinə göndərdikləri pulun məbləğinə təsir göstərə bilər. Azərbaycanlıların digər qismi isə Rusiyada ərzaq sahəsində yaranan problemdən faydalanıb oraya mal daşıya və əlavə qazanc əldə edə bilər”.

İqtisadçı ekspert Natiq Cəfərli də hesab edir ki, hazırda daha çox Rusiyadan gələn pul kütləsinin azalması narahatlıq doğuran əsas amil sayıla bilər: “Bütün azərbaycanlıların geri qayıtması mümkün deyil. Bu, çox zəif bir ehtimaldır. Təqribən 700 minə yaxın azərbaycanlının artıq Rusiya vətəndaşlığı var. Bir çoxları təkcə bazarlarda deyil, müxtəlif biznes sahələrində çalışır. Aşağı maaşlı işlərdə çalışan, qeydiyyatı olmayan azərbaycanlılar geri qayıda bilər. Sözsüz, bu da balaca hadisə deyil, çünki hətta bu halda da söhbət on minlərlə insandan gedir. Hazırda isə Azərbaycan üçün daha çox Rusiyadan gələn pul axınının azalması problemi var. Rusiyadakı azərbaycanlıların əksəriyyəti öz ölkəsinə, ailəsinə pul göndərir. Rəsmi məlumata görə, burada söhbət ildə 1,8 milyard dollara yaxın vəsaitdən gedir. Qeyri-rəsmi məlumata görə, bu məbləğ daha çoxdur, ən azı ikiqat artıqdır. Bu axın əsasən Azərbaycanın regionlarında sosial gərginliyin azalmasına təkan verir, insanların dolanışığı ilə yanaşı əmlak, avtomobil bazarına ciddi təsir göstərir. Bu mənada Rusiya iqtisadiyyatının çökməsi Azərbaycana gələn gəlirlərin azalması deməkdir. Amma bu, uzunmüddətli bir prosesdir. Çünki çox güman, Rusiyaya qarşı sanksiyalar uzunmüddətli olacaq və ölkənin iqtisadiyyatı birdən-birə yox, mərhələ-mərhələ zəifləyəcək ”.

İqtisadçı Pərviz Heydərovun sözlərinə görə isə Rusiyada bu proseslər hələ təzə başladığı üçün proqnoz vermək çətindir: "Azərbaycanla əlaqədar mənfi təsirini gözləmirəm. Rusiyadakı azərbaycanlılara olan münasibətlə əlaqədar olaraq, Rusiyadan pul axınında zəifləmə baş verib. Ona görə də, Azərbaycanla bağlı iqtisadi münasibətlərdə yaxın perspektiv üçün elə də ciddi bir təhlükə gözlənilmir".

Sevinc

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024