Karusel (27-10-2014, 18:22)
Partiyalar Aşura gününü necə qeyd edəcəklər? - SORĞU
Qarşıdan Aşura günü kimi tanınan Məhərrəm ayının 10-cu günü gəlir. Bu gün noyabr ayının 4-nə təsadüf edir. Adətən Aşura günü bir qisim insanlar məscidlərdə baş yarıb, zəncir vursalar da, digər qrup insanlar isə müvafiq ünvanlara üz tutub, qanvermə aksiyasına qoşulurlar.
Bəs Aşura günü ölkəmizin siyasi partiyaları nə edəcəklər?
Mediatv.az-ın sorğusuna bir neçə partiya funksionerindən cavab aldıq.
AXCP təşkilat komitəsinin sədri Rafiq Daşdəmirli söylədi ki, Aşura günü xeyir işlə məşğul olacaqlar:
“Həftənin çərşənbə günü partiya gəncləri ilə görüş keçirəcəyəm. Əvvəllər Hematologiya və Transfuziologiya İnstituna gedirdik. Qərargahımız olan dövrdə isə bu prosesə orada həyata keçirirdik. İndi də yəqin ki, hər il olduğu kimi müvafiq yerlərə yollanaraq qan verəcəyik”.
MGT sədri Səma Qəbulova isə bildirdi ki, Müsavat Partiyasının gəncləri bu barədə müzakirələr aparmırlar:
“Hələ ki, MGT-də bu barədə müzakirə aparmamışıq”.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə sualımızı ağzımızda qoydu. Elə Aşura sözünü dilimizdə gətirmişdik ki, sədr dedi dayanın və durun:
“Xahiş edirəm, mənə dini məsələlərlə bağlı sual verməyin. Aram yoxdur belə şeylərlə. Mən dindar deyiləm”.
ADP sədri Sərdar Cəlaloğlu isə sorğumuza cavab verərək bildirdi ki, dini təriqətlərin qabardılmasının əleyhinədir:
“Partiya olaraq qanvermə aksiyasına qoşulmayacağıq. Aşura olmur digər günlər olsun. Əgər hansısa insanın qana ehtiyacı varsa, əlbəttə ki, biz ona yardım etməyə hazırıq. Təriqət və məzhəblərin Qurana uyğun olmadığı qənaətindəyəm. Orta yol deyilən bir anlayış var. Hesab edirəm ki, bu gün müsəlman dünyasının parçalanmasının səbəbi məhz təriqət və məzhəblərdir. Əgər bütün İslam dünyası orta yolu tuta bilsəydi, indi bir yumruq kimi birləşmiş nəhəng güc olardılar”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev işçisinin vəfatı ilə bağlı çox danışa bilməsə də, Aşura günü qanvermə aksiyasına qatılacaqlarını söylədi.
KXCP sədrinin müavini Xəzər Təyyubi bildirdi ki, partiyanın qanvermə aksiyasına qoşulacağı ilə bağlı məlumatı yoxdur:
“Yəni Məhərrəm ayıdır. Bu ay müsəlmanlar üçün çox ağırdır. Ancaq kim bu ayda hansısa savab iş görəcəksə, Allaha dua edirik ki, onun xoş əməlləri qəbul olsun. Başqa heç nə deyə bilmərəm”.
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər də partiyalarında Aşura ilə bağlı heç bir müzakirə aparılmadığını söylədi.