Karusel (16-10-2014, 23:20)
Regional Təhsil İdarələrinin yaradılması təxirə düşür?
Ekspertlər Təhsil Nazirliyinin bu məsələyə yanaşmasına fərqli prizmadan baxırlar
2015-ci ilin yanvarın 1-dən Regional Təhsil İdarələrinin yaradılması təxirə salınıb.
"Həftə içi"nin məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov müəllimlərin mükafatlandırılması ilə bağlı dünən keçirilən tədbirdə bildirib ki, Milli Məclisə təqdim olunan gələn ilin dövlət büdcəsində bu qurmların yaradılması üçün müvafiq vəsait nəzərdə tutulmayıb. Bu səbəbdən də 2015-ci ilin yanvarın 1-dən fəaliyyətə başlamalı olan Regional Təhsil İdarələrinin yaradılması prosesi təxirə salınıb. Onun sözlərinə görə, növbəti ildə də Rayon Təhsil Şöbələri bu il tətbiq edilən sistem şəklində çalışacaq: "Bakı Şəhəri üzrə Təhsil İdarəsində struktur islahatları davam etdiriləcək. Bölgələrdə Rayon Təhsil Şöbələrinin tabeliyində olan məktəblərdə isə Təhsil Nazirliyinin səlahiyyətindəki bütün fəaliyyətlər indi də həyata keçirdiyimiz şəkildə davam etdiriləcək".
Bəs, görəsən, Regional Təhsil İdarələrin yaradılmasının təxirə salınmasında maliyyə məsələsi nə dərəcədə rol oynayır?
Məsələni "Həftə içi"nə şərh edən təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, belə bir qərarın olacağı gözlənilən idi. Onun sözlərinə görə, bununla bağlı müxtəlif səviyyəli danışıqlar olub: "Əslində bu danışıqlar gizli aparılıb. Yəni, aidiyyəti orqanlar götür-qoy edib gördülər ki, Rayon Təhsil Şöbələrinin ləğv edilməsi, əvəzində Regional Təhsil İdarələrinin yaradılmasını qısa müddətdə həyata keçirilməsi qeyri-mümkündür. Bu məsələyə cavabdeh orqanlar bunu dərk edərək geri çəkildilər. Çünki təhsil elə bir sahədir ki, burada tələm-tələsik hansısa islahat həyata keçirmək mümkünsüzdür. Bu cür islahatlar bizim təhsili ancaq uçuruma yuvarlayır".
Nadir İsrafilov son illər təhsilin inkişafını nəzərdə tutan bəzi hüquqi dəyişikliklərin, islahat ideyalarının kağız üzərində qalmasından da gileylənib. Onun sözlərinə görə, aidiyyəti orqanlar bir sıra qanunların praktikada tətbiq olunmasında maraqlı deyillər: "Ötən ilin oktyabrında ölkə prezidenti tərəfindən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq edilməsi haqqında sərəncam imzalanıb. Həmin sərəncamda göstərilirdi ki, Dövlət Strategiyasının həyata keçirilməsi üzrə fəaliyyət planı layihəsi beş ay müddətində hazırlanaraq dövlət başçısına təqdim olunmalıdır. Amma bu sərəncamdan 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq həmin fəaliyyət planından xəbər-ətər yoxdur. Bir sözlə, görünən odur ki, təhsil idarələrin yaradılması məsələsi də eyni taleyi yaşayacaq. Yəni, bu prosesin yaxın illərdə reallaşacağı gözlənilən deyil. Çox güman ki, bu gün maliyyə bəhaləri ilə prosesin yubandığını açıqlayan Təhsil Nazirliyi növbəti illərdə başqa bəhanələr düşünməli olacaq".
Məsələyə münasibət bildirən Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri Şahlar Əsgərov isə "Həftə içi"nə deyib ki, təhsil nazirinin Regional Təhsil İdarələrinin yaradılmasının təxirə salınması barədə verdiyi açıqlama onun üçün də müəmmalı qalıb: "Hər halda, biz bu məsələdə nazirin dediyini əsas götürməliyik. Çünki burada təhsilin idarəedilməsindən söhbət gedir. Yəqin ki, buna da vəsait lazımdır. Amma mən bu sahəyə nə qədər vəsait lazım olduğunu bilmirəm. Hər halda, güman edirəm ki, Rayon Təhsil Şöbələrinin ləğv edilərək bu qurumların bazasında Regional Təhsil İdarələrinin yaradılması öz həllini tapacaq. Çünki dövlət başçısının bununla bağlı xüsusi sərəncamı da var".
Sevinc