Karusel (8-10-2014, 22:23)
Təbii balla müalicənin əsas şərti - MÜSAHİBƏ
Hacı Əlikram Salayev: “Sağlamlığı qorumaq üçün baldan böyük inam və səbirlə, həddi aşmadan istifadə etmək lazımdır”
Tarixi hələ eramızdan əvvələ gedib çıxan arıçılıq təsərrüfatı ta qədimdən Azərbaycanda da əhalinin məşğuliyyətindən özünəməxsus yer tutub. Qədim Misir piramidaları və yazı abidələri də təsdiqləyir ki, hələ 6000 il əvvəl Misirdə arıçılıq məhsullarından, xüsusən də baldan qida kimi, eləcə də müalicəvi, kosmetik və konservləşdirici vasitə kimi istifadə ediblər. Bizim eradan 460-377 il əvvəl Hipokrat öz əsərlərində arıların həyatı barədə və arı məhsullarının müalicəvi əhəmiyyətindən yazmışdı. Hətta Qurani-Kərimdə də xüsusi “Bal arısı” surəsi var. Müasir dövrdə də Azərbaycanda arıçılıq əhalinin təsərrüfat fəaliyyətində ən önəmli yerlərdən birini tutur. Xüsusilə də son illər ölkəmizdə bu sahənin inkişafına ciddi fikir verilir, arıçılıq təsərrüfatlarının genişləndirilməsinə xüsusi diqqət yetirilir. Baxmayaraq ki, bu qədim təsərrüfat sahəsi sirlərlə doludur. Görünür, məhz bu sirlərdir ki, nəinki Azərbaycanda, hətta bütün dünyada arıçılıq təsərrüfatı ilə məşğul olanların sayı digər sahələrlə, məsələn, əkinçilik və heyvandarlıqla məşğul olanların heç 5 faizini də təşkil etmir.
Tanınmış arıçı Hacı Əlikram Salayevlə söhbətimizdə məhz bu məsələlərə aydınlıq gətirməyə çalışıb.
Həmsöhbətimiz “Həftə içi”nə müsahibəsində arıçılığın özünəməxsus xüsusiyyətlərindən də danışıb:
- Azərbaycanda arıçılıq ölkənin əksər bölgələrində, xüsusilə də dağ və dağətəyi rayonlarında geniş yayılıb. Məsələn, mənim yaşadığım Astara rayonunda hazırda təxminən 20 min arı ailəsi, 14000-dən artıq arıçılıq təsərrüfatı fəaliyyət göstərir. Bir mühüm məqamı da söyləmək istəyirəm ki, arıçılıq haramlığı sevmir. Təəssüf ki, müasir dövrdə hətta Azərbaycanda saxta bal istehsalı ilə məşğul olanlar az deyil. Onlar saxta bal istehsal etməklə, arıçılıq təssərrüfatına ləkə gətirirlər. Bu da balın alıcılıq qabiliyyətini aşağı salır və alıcı seçim qarşısında aciz qalır. Çünki təbii balla, saxta balı seçmək bu işi bilməyən insanlar üçün çətin və mürəkkəb işdir.
- Təbii balı saxta baldan seçməyə mane olan əsas cəhət nədir?
- Əsas məsələ balın hansı çiçəklərdən çəkildiyini bilməkdir. Çünki hər bir təsərrüfatda arı ailəsi mənşəyindən asılı olaraq, müxtəlif növ bal məhsulları əmələ gətirirlər. Əgər arı bal hazırlamaq üçün yalnız bir bitki növünün çiçəklərindən alınmış nektardan istifadə edirsə, buna tək çiçəkli bal, çox çiçəklərin nektarından istifadə edirsə, buna çoxçiçəkli bal deyirlər. Təbii balın “daş balı”, “tozşəkilli bal” kimi növləri də məlumdur. Hazırda 60-a qədər çiçək balın növü məlumdur. Təbii arı balının tərkibində 60-a qədər müxtəlif maddələr var. Onun tərkibində dəmir, kükürd, mis, marqans, silsium 2 oksid, xlor, kalsium, kalium, natrium, yod, fosfor, alüminium, maqnezium və radium elementinə də rast gəlinir. Bütövlükdə balın mineral elementlərin miqdarı 0,5 faiz təşkil edir. Balın 74 faizini şəkər təşkil edir. Şəkərin əsas hissəsi qlükoza və fruktozadan ibarətdir. Eləcə də balın tərkibində bir çox qida maddələri, vitaminlər və müxtəlif bioloji aktiv maddələr mövcuddur. Bal çiçək tozcuğu hesabına zülali maddələrlə və vitaminlərlə zənginləşir. Bir kiloqram balın tərkibində 6 min tozcuq dənəsi mövcud olur. Balın tərkibində çiçək tozcuqlarının olması bir daha onun təbii olmasına sübutdur. Bala ətirli iy verən onun tərkibində az miqdarda efir yağının olmasıdır.
- Təbii balı hansı şəraitdə saxlamaq lazımdır?
- Təbii arı balı saxlandıqca tədricən bərkiyən, qatı şəffaf yarımmaye kütlədən ibarətdir. Yetişmiş balı qaşıqla götürüb öz oxu ətrafında fırlatsaq, bal qaşığa sarınar, yetişməmiş bal qaşıqdan axıb tökülür. Bu üsulla balın yetişmiş olduğunu müəyyən etmək mümkündür. Balın tərkibində suyun miqdarı 20 faizdən çoxdursa, o yetişməmiş sayılır. Bal öz maye halını müəyyən dövrə qədər saxlayır, sonra öz-özünə xarlanma baş verir və bal bərk konsistensiyaya malik olur. Balın xarlanması təbii prosesdir və onun keyfiyyətini göstərən əlamətlərdən biridir. Xarlanma zamanı balda iri və xırda dənəli kristallar olur. Təbii balın sıxlığı-xüsusi çəkisi 1,44-dür. Buna görə də 1 litr bal 1,44 kiloqrama bərabər olur. Bal düzgün saxlanılmadıqda onun xarakterik iyi tədricən itir. Buna görə də germetik qablarda, kölgəli yerdə, 20 dərəcədən aşağı temperaturda saxlamaq lazımdır. Balı qızdırdıqda onun tərkibində ətirli maddələr uçur və bal xoşagəlməz iyə malik olur. Bal çox tez və asanlıqla ətrafdakı iyi özünə hopdura bilir. Buna görə də onu iyi və ətri yayılan məhsulların yanında, natəmiz qablarda saxlamaq olmaz. Təbii bal çox xoşagələn dada malikdir. Metal qabda saxlanılan bal metal dadı verir. Xarab olmağa başlayan bal xoşagəlməyən turş dada malik olur. Balın özlülüyü temperaturdan asılı olaraq dəyişir. Məsələn, 30 dərəcə temperaturda olan balın özlülüyü 20 dərəcə temperaturda olandan 4 dəfə azdır. Bal hiqroskopik xassəyə malik olduğundan havadan rütubəti özünə çəkib saxlayır. Balın tərkibində suyun miqdarı 17 faizdən aşağı olduqda, daha uzun müddət keyfiyyətini saxlayaraq qala bilir və heç vaxt turşumur. Lakin suyun miqdarı 20 faizdən çox olduqda bal turşuyur və keyfiyyətini itirir. Balın turşumasını törədən maya göbələkləridir. Bunun qarşısını almaq üçün balı 63 dərəcədə 30 dəqiqə qızdırmaq tələb olunur, bu şəraitdə maya göbələklər tamamilə məhv olur. Yaxşı yetişmiş çiçək balı çox çətin turşuyur. Balın saxlanılması üçün ən yaxşı qab şüşə və emal olunan qablardır. Belə qabların ağzı kif qapanmalıdır. Bal saxlanılan yerdə rütubət 60-70 faizdən çox olmamalıdır. Temperatur isə 10 dərəcədən yuxarı olmalıdır.
- Ta qədimdən bəllidir ki, xalq təbabətindən təbii balla müalicəyə xüsusi önəm verilir. Necə hesab edirsiniz, təbii balın müalicəvi əhəmiyyətini artıran əsas amil nədir?
- Balın müalicəvi əhəmiyyəti qədim zamanlardan məlumdur. Qədim Misirdə bizim eramızdan 3500 il əvvəl arıçılıq yaxşı inkişaf etmişdi. Hətta onlar insan cəsədinin çürüməsinin qarşısını almaq üçün onu balın içində saxlamışlar. Həmin illərdə Misirdə papirus üzərində yazılmış yazılarda balın müxtəlif xəstəliklərin müalicəsində istifadə olunması üçün reseptlər müasir dövrümüzə qədər gəlib çıxıb. Hindistanda 4000 il bundan əvvəl qida zəhərlənmələri zamanı baldan müalicə məqsədilə istifadə etmişdilər. Dünyanın tanınmış təbibi İbn Sina xəstəliklərin müalicəsində baldan çox istifadə etdiyindən onun 150-yə qədər bal tərkibli resepti mövcuddur. O, tənəffüs, həzm və ifrazat sistemi orqanlarının, göz və dəri xəstəliklərinin müalicəsində baldan uğurla istifadə etmişdi. Balın müalicəvi xassələri onun tərkibində olan şəkərlər yüksək qidalı maddələrdir. Bu maddələr qaraciyərin funksiyasını gücləndirir, ürək-damar sisteminin tonusunu artırır və orqanizmin xəstəliklərə qarşı müdafiə gücünü möhkəmləndirir. Balı müalicəvi vasitə kimi bütün yaşlarda, südəmər uşaqdan tutmuş qocalara qədər olan insanlara tətbiq etmək mümkündür. Onu da qeyd edim ki, hazırda arı zəhərindən revmatizm və artritin müalicəsində geniş istifadə olunur. Arı südündən virus xəstəlikləri, revmatizm, zəifgörmə, astma, ateroskleroz, əsəb xəstəlikləri, saçın tökülməsi, yaşlı adamlarda sidiyi saxlaya bilməmək kimi xəstəliklərin müalicəsində çox uğur nəticələr verir. Cüləm isə dəriyə müsbət təsir edir, saçları parlaqlaşdırır və ovağın qarşısını alır. Güləm eləcə də sinir sisteminə bərpaedici təsir bağışlayır, yuxusuzluğu və deperessiyanı aradan götürür, bağırsağın funksiyasını tənzimləyir. Doğrudan da bal və digər arıçılıq məhsulları təbiətin ən möcüzəli nemətləridir. Sağlamlığımızı bərpa etmək və onu qorumaq üçün bu qeyri-adi nemətlərdən böyük inamla və səbrlə, həddi aşmadan istifadə etmək lazımdır.
- Hazırda Azərbaycanda arıçılığın qarşısında duran əsas problemlər nədir? Bu sahəni inkişaf etdirmək üçün arıçılıq təsərrüfatlarına güzəştli kreditlər verilirmi?
- Azərbaycanda arıçılığı daha yaxşı inkişaf etdirmək üçün imkanlar çox genişdir. Amma bu sahədə problemlər var. Əsas problem arıçılıq təsərrüfatlarının maliyyə təminatı ilə bağlıdır. Yaxşı olardı ki, dövlət tərəfindən arıçılara heç olmasa, minimum faizlərlə kreditlər verilsin. Onda ölkəmizdə arıçılıq təsərrüfatı sürətlə inkişaf edər və saxta bal satışlarının da qarşısı alınardı. Halbuki arıçılığın inkişafında böyük əmək, zəhmətlə yanaşı vəsait də tələb olunur. Xüsusən balın qablaşdırılması bizdə də sivil qayda aparılsa, daha məqsədəuyğun olar. Bu, həm də arıçılıq təsərrüfatlarının ən vacib problemlərindən biridir. Artıq bütün dünya məhsulların qablaşdırılması prosesində ənənəvi və primitiv üsullardan imtina edir, elmi cəhətdən əsaslandırılmış texnologiyalara keçir. Ona görə də balın qablaşdırılması üçün mini qablaşdırma sexlərinin təşkili vacib məsələlərdən biridir. Çünki artıq Azərbaycan sürətlə turizm ölkəsinə çevrilməkdədir. Turistlərin ölkəmizə böyük axını başlayıb. İstirahət mərkəzlərində və mehmanxanalarda səhər yeməyinə xırda qablaşdırılmış balların verilməsi daha məqsədəuğundur.
Qələndər Xaçınçaylı