Karusel (28-08-2014, 21:17)
Ermənilər Cəbrayılın yerində kənd salırlar - fotolar
İşğal altındakı torpaqlarımız, o cümlədən, 4 gün əvvəl 23-cü “qara yubileyini” qeyd etdiyimiz Cəbrayıl haqqında da dəqiq məlumata yalnız həmin torpaqları azad edib, elliklə o yurdlara qayıtdıqdan sonra malik olacağıq. Hələlik isə ermənilərə məxsus saytlardan və beynəlxalq KİV-lərdən ala bildiyimiz cüzi və şübhəli məlumatlarla kifayətlənməli oluruq.
Hərdən beynəlxalq təşkilatların xətti ilə Qarabağda səfərdə ola bilən ziyalı, jurnalist, yaxud QHT nümayəndələrinə isə yalnız müəyyən edilmiş marşrut üzrə hərəkət etmək və informasiya almağa icazə verilir. Qarabağın strateji yollarından və turist marşrutlarından uzaq olduqlarından, xüsusilə, Füzuli və Cəbrayıl haqqında məlumatlar kasaddır. Həm də Ermənistan hökuməti və separatçı rejim işğal edərək, xarabazara çevirdikləri və 20-25 il ərzində heç bir abadlıq işləri apara bilmədikləri yaşayış məntəqələri barədə dünya ictimaiyyətinin bilgili olmasında maraqlı deyillər.
Bu və digər obyektiv səbəblərdən Cəbrayıl rayonunun mərkəzi və kəndləri barədə növbəti informasiya axtarışlarımız da ciddi nəticə vermədi. Yalnız onu öyrənməyə nail olduq ki, işğalçılar darmadağın edilmiş Cəbrayıl şəhərinin yerində 2006-cı ildən kənd salmağa başlayıblar(open.armenia.com 2006). Bunu həmin vaxt Cəbrayıl rayon mərkəzi yaxınlığında Noraşen adlandırılmış kəndlərimizdən birində 8 illik məktəbin açılışına gəlmiş o vaxtkı qondarma DQR prezidenti A.Qukasyan və Ümummilli Erməni Fondunun fəxri üzvü L.Kebabcyan bəyan edib. Guya onlar yeni kəndin təməl qoyma mərasimində də iştirak ediblər.
Cəbrayıl rayon mərkəzi hazırda qondarma DQR-in Hadrut rayonunun tərkibində Djrakan kəndi kimi göstərilir. Bu barədə 2014-cü il aprelin 21-də Rusiyaya məxsus Böyük Sovet Ensiklopediyasının enci.ru saytında və 2012-ci ilin sentyabrında wiki.armenia.ru saytında da məlumat verilir.
Tehran hökuməti işğalçı erməni rejimi ilə birgə İranla sərhəddəki Qumlaq qəsəbəsi ərazisində Xudafərin körpüsü yaxınlığında Araz çayı üzərində su elektrik stansiyası qurması da məlumdur. Bloq.rushydro.ru saytının 2011-ci ildə verdiyi məlumatlara görə, burada “Artsax GES” və İran Enerji Kompaniyası “Xudafərin” və “Qız Qalası” adlı iki SES inşa edib. 80 MVt gücü olan “Xudafərin” artıq istifadəyə verilib. Ermənilərin Cəbrayılda Araz üzərində tikdikləri bəndlərin fotolarını təqdim edirik.
Təqdim etdiymiz digər fotolarda Cəbrayıl rayon mərkəzinin və bəzi kəndlərin xarabalıqları, boş, istifadəsiz qalmış çöllər, yollar, uçuq abidə və dayanacaqlar, təlim keçən ehtiyatda olan erməni zabitləri, topdan atəş açmağı öyrənən erməni qızları, postda duran erməni əsgəri və s. təsvir edilıb. Baxıb ah çəkməkdən savayı əlimizdən bir şey gəlmir...