Karusel / Slayd (7-09-2017, 11:31)
Hacı İbrahimin batan “Xəzər adaları”...
Milyonlar xərclənən layihəni necə xilas etmək olar; ekspert: “Orada offşor və ya əyləncə mərkəzi xarakterli bir zona yaradıla bilər”
Yüz milyonlarla manat vəsaitin xərclənməsinə baxmayaraq özünü doğrultmayan və hələ də yarımçıq qalan Hacı İbrahim Nehrəmlinin “Xəzər adaları” projesi ən uğursuz layihələrdən biri kimi yadda qaldı. Dünyanın bir çox ölkələrindən investorların cəlb edildiyi layihə sonradan dövlət dəstəyini itirməsi ilə yarımçıq qalıb. Artıq uzun müddətdir tikinti aparılmayan “Xəzər adaları” xarabalığa çevrilmək üzrədir. Bu ərazidən başqa hansı formada effektiv istifadə edilə biləyi barədə isə müzakirələr belə getmir.
Mətbuatda “Xəzər adaları”nın yəhudi əsilli iş adamına satılacağı ilə bağlı xəbərlər yayılsa da, sonradan bu da özünü doğrultmadı. Bəs həmin layihədən necə istifadə etmək olar?
İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında “Xəzər adaları”nda Azad İqtisadi Zona yaradıla biləcəyini vurğuladı: “Bu günə qədər həmin layihəyə külli miqdarda vəsait xərclənib. ”Xəzər adaları" bu gün də Beynəlxalq Bankın balansındadır. ABB-dən ayrılan vəsaitlər hesabına həmin adalar tikilirdi. Bu vəsaitlər çox qeyri-effektiv xərclənirdi. Elə layihənin özü də çox səhv bir yanaşma ilə düşünülmüşdü. Xəzərin həmin hissəsində yaşayış üçün həm ekoloji baxımdan, həm də dənizin təbii şəraiti baxımından doğru deyildi. Buna baxmayaraq, oraya kredit formasında və müəyyən investisiyalar şəklində külli miqdarda vəsait ayrıldı. Bu gün də ağır bir yük kimi Beynəlxalq Bankın və bu bankın vəzifələrini ötürdüyü digər strukturun balansında saxlanılır. Bu ərazinin boş qalması da doğru bir yanaşma deyil. Ola bilər ki, orada Azad İqtisadi Zona tipli və ya əyləncə mərkəzi tipli bir zona yaradılsın. Bu təcrübə Rusiyada da var. Rusiyanın 4 bölgəsindən başqa digər yerlərdə kazinolar və digər əyləncə üçün nəzərdə tutulmuş azart oyunları qadağandır. “Xəzər adaları”nda da bu tipli zona yaratmaq olar".
N.Cəfərli onu da vurğuladı ki, hər zaman olduğu kimi, bu işlə də birbaşa dövlətin məşğul olması normal yanaşma deyil: “Çalışmaq lazımdır ki, ora da xarici investorların iştirakı ilə biznes təfəkkürünə uyğun şəkildə özəl mülkiyyətin maraqları çərçivəsində olsun. Yoxsa dövlət yenidən buraya böyük məbləğlərdə vəsait ayıracaqsa, onun effekti olmayacaq. Təəssüf ki, bu tipli layihələrdə dövlət büdcəsindən ayrılan vəsaitdən istifadə edənlər qazanır, nəinki layihənin başa çatmasından sonra qazanc əldə olunur.
Əgər orada qeyd etdiyimiz tipli bir əyləncə mərkəzi qurulsa, bu, turistlər üçün də cəlbedici olar. Həm də Azərbaycandan xaricə əyləncə məqsədi ilə gedən vətəndaşlar oraya üz tuta bilər. Lakin bu da tam olaraq özünü doğrultmur. Çünki Azərbaycanda əyləncə üçün xaricə gedənlərin əksəriyyəti məmurlar olur. Mən inanmıram ki, məmurlar ölkə daxilində hər hansı kazinoya getsinlər, sonradan özlərinə problem yaratsınlar. Ancaq ən azından xarici turistlər üçün buranı maraqlı bir əyləncə mərkəzinə çevirmək olar. Hətta kazino kimi də istifadə eləmək olar. Çünki kazinoların qadağan olunmasının bir effekti olmur. Vətəndaşlar bunun üçün Gürcüstana gedir. Orada bu tipli obyektlər sərbəst fəaliyyət göstərirlər. O baxımdan, “Xəzər adaları”nı da bu cür maraqlı məkana çevirmək olar.
İqtisadçı onu da vurğuladı ki, azad iqtisadi zonalar vergi və gömrük güzəştlərindən, hər hansı dövlət dəstəyindən, ucuz və uzunmüddətli kredit imkanlarından yararlanma imkanları baxımından üstünlüklərə malik olur və bu baxımdan sahibkarları maraqlandırır: “Azərbaycanın bütün ərazisində Azad İqtisadi Zona yaradılmalıdır ki, ölkə düşdüyü bu ağır iqtisadi durumdan çıxa bilsin. Əgər bir neçə bölgədə Azad İqtisadi Zona yaradılsa, ölkədə disbalans yaranacaq. Yəni investorlar bir neçə bölgəyə cəlb edilsə, digər bölgələr inkişafdan qala bilər. Elə bir dövrə qədəm qoymuşuq ki, bütün Azərbaycan ərazisində Azad İqtisadi Zona prinsipləri tətbiq olunmalıdır. Ölkədə vergi və gömrük güzəştləri tətbiq olunmalıdır ki, bura investorlar üçün cəlbedici məkana çevrilsin. Ən azı 5- 10 illik müddətdə bütün ölkəni Azad İqtisadi Zonaya çevirmək lazımdır. Sonradan dövlətin prioritet saydığı müəyyən sahələrə uyğun olaraq Azad İqtisadi Zona yaratmaq olar. Məsələn, intellektual məhsulların istehsalı üçün müəyyən zonalar yaradıla bilər. Bununla da yeni texnologiyanın, süni intellektin tətbiqinə daha münbit şərait yarada bilər və daha böyük gəlir əldə edər”.
Nərgiz LİFTİYEVA
Musavat.com