Karusel / Slayd (15-08-2017, 12:02)
Şamaxının icra başçısı vətəndaşdan 1000 manatı niyə tələb edir?
"Pulunu ödədiyim, hər bir sənədi əlimdə olan halal torpağımı hasara ala bilmirəm. Mən tikirəm, bunlar gəlib sökür". DİA.AZ bildirir ki, 29 sot torpağını hasara ala bilməyən şikayətçi Şamaxı sakini Əli Quliyevdir.
Əli Quliyev deyir, Çuxuryurd kəndindəki torpağına daş töküb hasar çəkir, yerli icra hakimiyyətinin nümayəndələri fürsət düşən kimi, ağır texnika gətirib hasarı uçurdur: "Şəxsi torpağımdır, gec-tez bu torpağı hasara almalıyam, ya yox... Hasar çəkə bilməyəcəkdimsə, bu torpağı niyə satıblar mənə... Kənardan keçən mal-qara torpağıma girir, mən də hasara aldırmışam. Yarım metr hündürlükdə idi, iyulun 27-də sökdülər. Axı mənim daha imkanım yoxdur gedib tikinti materialı almağa... Sənədləri göstərirəm, heç gözlərinin ucuyla da baxmırlar. Deyirlər, icra hakimiyyətindən göstəriş var ki, sökülsün, vəssalam. Bu, özbaşınalığın son həddidir, bir qurumun işçisinin şifahi göstərişi bu qədər qurumun verdiyi rəsmi sənəddən irəlidir".
Əli Quliyev deyir, hasarı sökməyə gələnlər ondan tikintini sökməmək üçün 1000 manat istəyiblər: "Dedim, kəndlidə pul nə gəzir... Məndə 1000 manat da olsaydı, üstünə qoyub hasarı bir az da hündür tikərdim, daha yarım metr niyə tikirdim ki... Sənədlərim qaydasında, qeyri-qanuni iş görmürəm, niyə rüşvət verməliyəm... Bu söhbətdən sonra gəlib hasarı söküblər".