Karusel / Slayd (10-08-2017, 12:02)
93 kiloqram heroin nazirə məxsus olub?
Naxçıvan daxili işlər naziri general Əhməd Əhmədovun işdən çıxarılması ilə muxtar respublika gömrükçüləri tərəfindən bu ilin iyun ayında tutulan 93 kiloqram heroin arasında bağlılıq var.
Mediatv.az xəbər verir ki, bu məlumatı virtualaz.org saytının Naxçıvandakı mənbələri veriblər. Mənbələrin bildirdiyinə görə, Naxçıvana iri həcmdə narkotikin keçirilməsi cəhdinin təhqiqatı zamanı bu işin arxasında daxili işlər nazirinin dayandığına dair ciddi qənaət ortaya çıxıb. Nəticədə general Əhməd Əhmədov əvvəlcə de-fakto vəzifəsinin icrasından kənarlaşdırılıb və bir müddət nəzarət altında olub. Həmin müddətdə nazirin barəsində toplanmış dosye Bakıya göndərilib və Əhməd Əhmədovun vəzifədən kənarlaşdırılması üçün ciddi əsaslar olduğundan mərkəz Naxçıvan rəhbərliyinin bu qərarına etiraz etməyib.
Xəbər verildiyi kimi Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov daxili işlər naziri Əhməd Əhmədovun işdən azad edilməsinə dair sərəncamı iyulun 29-da imzalayıb. Lakin həmin sərəncamdan iki həftə əvvəldən xəbərlər yayılmışdı ki, Əhməd Əhmədov işdən kənarlaşdrılıb, hətta ev dustağı kimi saxlanılır. 17 ildir Naxçıvanın daxili işlər naziri vəzifəsini tutn Əhməd Əhmədov özünün qəddarlıqları ilə ad çıxarmışdı və son vaxtlar isə deyilənlərə görə, hətta Ali Məclis sədrinə də faktiki tabesizlik nümayiş etdirirmiş.
Naxçıvan gömrükçüləri tərəfindən külli miqdarda narkotik qaçaqmalçılığının qarşısının alınması bu il iyunun 18-də baş vermişdi. Həmin gün Naxçıvanın İranla sərhəd Şahtaxtı gömrük sərhəd-keçid məntəqəsində Türkiyə Respublikası vətəndaş, 1967-ci ildə anadan olmuş Cəlal Böyükaslanın idarə etdiyi 07 MCK 92 dövlət nömrə nişanlı “Volvo” markalı yük maşınına gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsində 180 bükümdə qablaşdırılaraq gizlədilmiş, ümumi çəkisi 93,6 kq olan narkotik vasitə – heroin aşkar edilərək götürülüb. Narkotik yüklü TIR-ın Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə İran üzərindən Türkiyəyə gedəcəyi müəyyən olunub.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsi tərəfindən cinayət işi açılıb. Təhqiqat aparılıb. Böyük miqdarda heroinin sərhəddən keçirilməsinin qarşısının alınmasında iştirak edən gömrük əməkdaşlaı Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov tərəfindən mükafatlandırılıb.
Maraqlıdır ki, həmin narkotik qaçaqmalçılığı cəhdindən dərhal sonra Naxçıvanın Türkiyə ilə sərhəddəki Sədərək gömrük postunun rəisi Mirməhəmməd Seyidov işdən çıxarılıb. Seyidov 2013-cü ildə Türkiyədə Naxçıvanla sərhəd gömrüyünün əməkdaşlarının korrupsiya və rüşvət işi üzrə həbs edilmişdi, daha sonra azadlığa buraxılmışdı və vəzifəsinə geri qaytarılmışdı. Mənbələrimiz bildirir ki, Seydovun işdən çıxarılması da həmin 93 kq narkotiklə əlaqəlidir. Çünki Şahtaxtı gömrüyündən Naxçıvana keçirilən narkotik daha sonra Sədərək gömrüyündən keçirilməklə Türkiyəyə aparılmalıydı.
Lakin təhqiqat zamanı Naxçıvan üzərindən narkotik qaçaqmalçılığı işinin general Əhmədova gedib çıxdığı məlum olub. Və bu fakt Əhmədovun işdən çıxarılmasında həlledici rol oynayıb.
Naxçıvandakı mənbələr onu da bildirir ki, Əhməd Əhmədovun muxtar respublika ilə yanaşı Bakıda, Bakıxanov qəsəbəsi ərazisində çoxsaylı biznes aktivləri mövcud olub. Əhmədov işdən çıxarılandan sonra həmin obyektlərin hamısını onun əlindən alıblar.
O da bildirilir ki, Əhməd Əhmədovun Bakıdakı biznesini əsasən onun qardaşı Əvəz Əhmədov və qardaşı oğlu Fuad Əhmədov idarə edirdi. Hansı ki, gənc Fuad Əhmədov digər oliqarx-məmur övladları kimi kifayət qədər zəngin həyat tərzi keçirir, sosial şəbəkələrdə tez-tez bu barədə fotolar paylaşırdı. Məsələn, onun İnstagram hesabındakı fotolarda paçkalarla dollar, Azərbaycan manatı ilə dolu seyf və gəncin pul içində üzdüyünü əks etdirən digər fotolara rast gəlmək olardı. Hazırda isə Fuad Əhmədovun İnstagram hesabı silinib.
Mətbuatın bir müddət əvvəl yazdığına görə Əhməd Əhmədovun Naxçıvanda, Araz çayının sahilində böyük mal-qara ferması da olub, həmin fermada 6-7 mindən çox iribuynuzlu heyvan, o cümlədən camış sürüləri saxlanılır. Ferma az qala hərbi baza kimi qorunurmuş və onun həndəvərindən heç quş da səkə bilməzmiş. İddia olunur ki, həmin fermanın həm də generalın qaçaqmalçılıq işlərinə də dəxli ola bilər. Naxçıvandakı mənbələr Əhməd Əhmədovun işdən çıxarılmasından sonra fermanın da onun əlindən alındığını bildirirlər.
O da məlum olub ki, Əhməd Əhmədov işdən çıxarılandan sonra Naxçıvan ərazisini tərk edərək Bakıya gəlmək istəyib, lakin onu aerportda saxlayaraq geri qaytarıblar. Keçmiş nazirə Naxçıvanı tərk etməmək barədə qeyri-rəsmi qadağa qoyulub.