Karusel / Slayd (8-08-2017, 21:18)
Əli Həsənovun nəvəsi ilə ötüşən “Maqa” bu nazirliyin əməkdaşı çıxdı — FAKT
Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə ötüşən qırmızı rəngli “Mazda” markalı avtomobilin sürücüsü Mirməhəmməd İsmayılov haqda yeni fakt ortaya çıxıb.
“Ölkə.Az”-ın məlumatına görə, “Maqa” ləqəbli Mirməhəmməd İsmayılov 2012-ci ildə Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına daxil olub. O, 2016-cı ildə həmin Akademiyanı bitirdikdən sonra FHN-də işə düzəlib.
Xatırladaq ki, avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi “Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Galendewagen”in sükanı arxasında olan Nail Allahverdiyev barəsində 4 aylıq həbs qərarı çıxarılıb. Avtoxuliqanlıqda günahlandırılan “99-FS-777” dövlət nömrə nişanlı “Mazda” avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılovun isə Nərimanov Rayon Məhkəməsinə aparılaraq bir ay müddətinə inzibati həbs cəzasına məhkum edildiyi bildirilmişdi.
Sosial şəbəkələrdə Mirməhəmməd İsmayılovun həbs edilmədiyi və avqust ayının 12-si qız, 17-si isə oğlan toyu olacağı məlumatı yayılsa da bu gün DİN açıqlama yayaraq yayılan məlumatın həqiqəti əks etdirmədiyini qeyd edib.
Onu da bildirək ki, Mirməhəmməd İsmayılov Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur.