Karusel (20-10-2016, 21:26)
BAKIDAKI 4 NÖMRƏLİ POLİKLİNİKADA ÖZBAŞINALIQ-ÖZƏL
Mediatv.az: Respublikamızda vətəndaşlara tibbi xidmətin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülsə də, təəssüf ki, səhiyyəmiz "özbaşınalıq epidemiyasından" xilas ola bilmir. Dövlət səhiyyə ocaqlarında tibbi xidmətin çoxdan ödənişsiz olmasına baxmayaraq, bəzi xəstəxana və poliklinikalarda bu sərəncama quru sözdən o yana keçməyən göstəriş kimi yanaşırlar. Sanki Hippokrat andı bəzi tibb işçiləri üçün çoxdan funksionallığını itirib. Təəssüf ki, dövlət səviyyəsində səhiyyə sektorunun inkişaf etdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilsə də, bəzi problemlər hələ də həll olunmamış qalır.
4 nömrəli şəhər poliklinikasına üz tutan xəstələri poliklinikanın daxilində yüksək səviyyəli tibbi xidimətin göstərilməsi maraqlandırır. Lakin təəssüflər olsun ki, bura üz tutanlar bir sıra hallarda gözləntilərdən fərqli olaraq başqa mənzərələrin şahidi olurlar. Mediatv.az-a verilən məlumata görə Leyla Əhmədovanın baş həkimi olduğu 4 nömrəli şəhər poliklinikasında bəzi həkimlər şəxsi maraqlarını ortaya qoyaraq müayinə və müalicə müqabilində xəstələrdən nəysə umurlar. Səhiyyə Nazirliyi tərəfindən vətəndaşlara pulsuz verilən dərman preparatlarının taleyi isə məlum deyil.Əfsuslar olsun ki, belə olan təqdirdə səhiyyə sisteminin inkişafı bir kənarda qalır və maddi məsələlər ön planda durur. Səhiyyə Nazirliyi rəhbərliyinin vəzifəsinə uyğun olmayan işlərə qol qoyan həkimlərə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bəziləri bundan nəticə çıxarmır ki, çıxarmır. Xəstələr bildirirlər ki, bu dövlət tibb müəssisəsinə ayağını poliklinikanın qapısına ,oradan həkim otağına basanda səndən nəsə umur, tələb edirlər.Bu dövlət poliklinikasında da müxtəlif tibbi aparatlardan, müayinələrdən keçməyin adı pulsuz olsa da, heç kim hansısa həkimi lazımi səviyyədə "görməsə" ona yüksək səviyyəli tibbi xidmət göstərilmir. Birbaşa qəbz şəklində olmasa da, vətəndaşlardan istər ultrasəs müayinə, istər laboratoriya və s. xidmətlərə görə üstüörtülü şəkildə nələrsə tələb olunur. Hətta istənilən şeylər də açıq şəkildə deyilir. Belə olan halda, ortaya sual çıxır: dövlət poliklinikasındakı texniki avadanlıqlar dövlət vəsaiti hesabına alınırsa, işçilər dövlət büdcəsindən maaş alırsa, bəs o zaman niyə vətəndaşlara başqa cür tibbi xidmət göstərilir? Yaxud avadanlıqlardan istifadəyə görə vətəndaşlardan alınan rüşvət kimlərin cibinə axır?Mediatv.az-ın redaksiyasıyasınza şikayət məktubu ünvanlayan A.Əzimova üzləşdiyi problemdən yazıb. Belə ki, o 11 avqust 2016-cı il tarixdə poliklinikada olarkən travmotoloji kabinetdən rentgenə göndərilib və üç pozisiyada rentgen olunub. Sonda isə xəstədən 30 manat pul tələb edilib(hər pozisiyaya görə 10 man). Vətəndaş isə buranın dövlət müəssisəsi olduğunu bildirib. Poliklinikadan isə bildiriblər ki, dövlət bizə heçnə vermir, pulunu ver qapını isə arxadan bağla...Bu məsələlərə aydınlıq gətirmək üçün poliklinikanın baş həkimi Leyla xanım Əhmədovayla əlaqə saxladıq.Baş həkim həmən vaxt məzuniyyətdə olduğunu,məzuniyyətdən qayıtdıqdan sonra vətəndaşın şikayəti ilə bağlı məlumatlandırıldığını bildirdi.Nə tədbir gördünüz deyə soruşduqda bizi hədələməyə başladı.
Görəsən bu dövlət müəssəsində qeyri-rəsmi müəyyənləşmiş qiymətlər kim tərəfindən təyin edilib? Səhiyyə Nazirliyinin və Bakı şəhər Baş Səhiyyə İdarəsinin buradakı özbaşınalıqdan xəbəri varmı?
Mövzunu diqqətdə saxlayacağıq.