Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (17-06-2015, 22:26)
İdmançılar necə oruc tutmalıdır? – İBADƏT

 

Yaradanın bu dünyada bizə bəxş etdiyi “il” adlanan nisbi zaman kəsiminin çox məsuliyyətli bir məqamına gəlib çatmışıq. 12 ayın cəmi bir ayını, 24 saatlıq sutkanın 17-18 saatını – qızmar yay gününü Onun əmrlərinə uymalıyıq. Təbii ki, bu, gündəlik və gələcək tələbatları təmin etmək üçün görülən zəruri işlərdən əl çəkmək anlamına gəlmir. Amma heç olmasa, bircə ay Allahın əmrlərini qalan şeylərdən üstün tutmalı, bütün gücümüzü onların icrasına yönəltməliyik. Allah-Təala Qurani-Kərimin ”əl-Bəqərə” surəsinin 183-cü ayəsində buyurur ki, “ey imanı olanlar, sizlər üçün oruc tutmaq yazılmışdır”. “Yazılmış” sözü təhlil olunanda məna tərcüməsində Allah-Təalanın bəndələrinə müraciətlə “vacib edilmişdir, əmr olunmuşdur” anlamına gəlir. Mömin insan üçün ciddi xəstəliyi olmadığı təqdirdə oruc problem deyil. O, həmişəki kimi həm gündəlik işlərini görür, həm də orucunu tutur, namazlarını qılır, Quran oxuyur, dualarını edir və s. Təəssüf ki, bəziləri özünü orucluğun çətinliklərindən “azad etmək”dən ötrü neçə-neçə bəhanə gətirir; “işim ağırdı”, “ac dayana bilmirəm”, “başım gicəllənir” və s. Doğrudur, həqiqətən də dünyamızda fiziki baxımdan ağır işlər var. Ancaq müəyyən istisnalarla, insanın istənilən iş zamanı oruc tutması mümkündür. Hətta hamilə və körpəsinə süd əmizdirən qadınlar belə, sağlamlıqları yol verəcəyi halda oruc tutmalıdırlar. Bu, əksinə, həm ana, həm də körpə üçün faydalıdır. Təyyarəçi, şaxtaçı, döyüş şəraitində olan hərbçilər və s. isə istirahət, məzuniyyət günlərində və dinclik dövründə oruclarının qəzasını tutmalıdırlar. 

Müsəlman üçün Allahın əmri hər şeydən üstündür

Oruc tutmaları problem yaradan zümrələrdən biri də idmançılardır. Təbii ki, daha çox çətinlik ən məsuliyyətli beynəlxalq yarışlarda dünya, qitə çempionatları və Olimpiya Oyunlarında iştirak edən idmançılarla bağlıdır. Yaradan insanları daşıya bilməyəcəyi yüklə yükləmir. Və bu baxımdan, ağır xəstələr, səfərdə olanları və s. sağaldıqdan və ya səfərdən qayıtdıqdan sonra orucunun əvəzini tutmaq, yaşlılar və sağalmaz xəstələr isə fidyə (hər oruc günü üçün bir acı doydurmaq) ödəmək şərtilə məsuliyyətdən azad edir (Onu da qeyd edək ki, bir çox məzhəblər 10 gündən artıq səfərdə qalacağın təqdirdə orucu vacib sayırlar). Lakin bunu bəhanə edib, yüngülcə baş ağrısına görə özünü xəstəliyə vurursansa, yaxud Ramazan ayında “səfərdə olmaq” bəhanəsiylə məzuniyyətə çıxıb uzaqlara gəzməyə gedirsənsə, bunu Allah bilir və buraxdığın hər günün cəzası olaraq 60 gün oruc tutmalısan. Əks təqdirdə, cəzasını Axirətdə çəkəcəksən. Ancaq əgər kimisə xilas etmək üçün, can üstdə olan ata-ananı, qardaş-bacını və s. ziyarət etmək üçün gedirsənsə, yaxud uzaq bir ölkədə görüləcək hər hansı bir işdə səni əvəz edə biləcək şəxs yoxdursa, təbii ki, bu səfər zəruridir və həmin vaxt sonra qəzasını ödəmək şərtilə oruc tutmaya bilərsən. Hər hansı bir ölkəni təmsil edən idmançılar üçün də belədir. Əgər vətənini hər hansı bir yarış növündə uğurlu təmsil etmək üçün səni əvəz edəcək həmkarın yoxdursa, yəqin ki, inşallah, Allah sənin Ramazan ayında xaricə səfər edib oruc tutmamağını bağışlayar. Yarışların öz ölkəndə olduğu halda isə bəhanə yalnız səhhətin ola bilər. Əgər xəstəliyin ağırdırsa, təbii ki, heç yarışlarda da iştirak edə bilməzsən. Yox, həkimlər yarışlarda iştirakın üçün bir problem görmürsə, deməli, oruc tutmağın üçün də elə bir maneə olmamalıdır. Sözsüz ki, burada yenə də orqanizmin fərdi xüsusiyyətlərinə uyğun olaraq sən özün və həkimin qərar verməlidir. Əlbəttə, müsəlman üçün Allahın əmri hər şeydən üstündür.


Bakı-2015-də aparıcı idmançılarımız bütün çətinliklərə rəğmən oruc tutacaqlar...

“La ikrahə fiddin”- “Dində məcburiyyət yoxdur”. Quranda belə buyurulur. Yəni, Allah heç kəsi zorla namaz qılmağa, oruc tutmağa məcbur etmədiyi üçün bəndələrin də, yaxud hər hansı hökumət və ya qeyri-hökumət təşkilatının da kimisə ibadətə məcbur etmək ixtiyarı yoxdur. Eləcə də əksinə, kimin, yaxud hər hansı qurumun kimisə, o cümlədən hansısa idmançını namazdan, orucdan çəkindirmək ixtiyarı yoxdur. Bəzi İslam ölkələrində müxtəlif idman federasiyaları idmançıları zorla oruc tutmağa məcbur edirlər ki, bu da doğru deyil. 2012-ci il London Olimpiadası ərəfəsində yarışlar orucluq dövrünə təsadüf etdiyindən bəzi müsəlman ölkələrindən tədbirin vaxtını dəyişdirmək təklifləri gəlsə də, bu nəzərə alınmamış, ancaq Londondakı otel və məscidlərdə müsəlman idmançıların ibadəti, o cümlədən oruc tutmaları üçün hər cür şərait yaradılmışdı. Sözsüz ki, Azərbaycan hökuməti və Bakı-2015 I Avropa Oyunlarının Təşkilat Komitəsi də istənilən dinə məxsus, o cümlədən müsəlman idmançıların ibadət etməsi üçün mümkün şəraiti yaradıblar. Hətta Əməliyyat komitəsi qərara gəlib ki, Ramazan ayına təsadüf etdiyi üçün yarışlar keçirilən arenalarda spirtli içki satılmasın. Qonaqlar, idmançılar stadionlarda spirtli içkidən istifadə etmir. Arenaların ətrafındakı bütün mağazalarda içki satışı tamamilə qadağan olunub. Aldığımız son məlumata görə, Azərbaycan Kapoeyra Federasiyası, “Sport Service Company” və “Black Garden “Black Garden Production”un birgə təşəbbüsü ilə Bakı-2015 Avropa Oyunları və müqəddəs Ramazan Ayı mövzusunda maraqlı videoçarx hazırlanıb. Tanınmış boksçumuz Əli İsmayılovun da yer aldığı videoçarxın əsas mövzusu idman yarışları zamanı, xüsusilə Bakı-2015 Avropa Oyunları ərəfəsində oruc tutacaq idmançılarla bağlıdır. Video çarxdan görünən budur ki, bütün çətinliklərə baxmayaraq ölkənin aparıcı idman simaları yarışlar zamanı Allahın mübarək Ramazan ayında müsəlmanlar üçün vacib etdiyi oruca əməl edəcəklər.Yarışlar boyu bu mövzunu diqqətdə saxlayacağıq.


“Müsəlman idmançılar Ramazanda böyük ruh yüksəkliyi yaşayırlar”

Əlbəttə, materialist düşüncəli məşqçi və həkimlərin çoxu ciddi yarışlar zamanı idmançıların oruc tutmasının əleyhinədirlər. Lakin əksini düşünən mütəxəssislər də xeylidir. 3000-dən çox müsəlman idmançının qatıldığı 2012-ci il London yay olimpiadası zamanı Beynəlxalq Olimpiya Komitəsinin qidalanma üzrə işçi qrupunun rəhbəri Ronald Morqan Ramazan orucunun insanı müəyyən mənəvi intizama alışdırdığını və idmançılar üçün bunun böyük effektinin olduğunu vurğulayıb: “Bəzi müsəlman idmançılar deyir ki, oruclu olduqda böyük ruh yüksəkliyi yaşadıqlarından Ramazanda daha yüksək nəticələr göstərirlər”.

Oruclu çeçen boksçunun qələbəsi...

Araşdırmalarımız sayəsində idman tarixində oruclu müsəlman idmançıların qələbələrinə nümunələr də tapa bildik. 2006-cı il sentyabrın 23-də - Ramazanın ilk günündə məşhur çeçen peşəkar boksçusu Zaurbek Baysanqurov təhlükəli meksikalı nokautçu Marko Rubio ilə döyüşə oruclu halda çıxaraq inamlı qələbə qazanıb. 
Daha çox enerji itkisi ilə müşahidə olunan idman növlərindən biri də futboldur. Meydanda olan peşəkar futbolçular 90 dəqiqə ərzində böyük fiziki gərginliyə məruz qalırlar. Britaniyada çap olunan «Sports Medicine» jurnalının məlumatına görə, 2007-ci ildə Əlcəzairdən olan iki futbol komandası üzərində sınaq aparılıb. Ramazan ayında oruc tutan idmançıların sürətlərində, çevikliklərində çox böyük ləngimələr olduğu aşkar edilib.

Almaniya futbolçuları oruc tuturlar

Ancaq bəzi müsəlman idmançı, o cümlədən, futbolçular, əksinə, Ramazan dönəmlərində oruclu halda yarışlarda daha uğurla iştirak etdiklərini qeyd edirlər. 2002-ci ildə İslamı qəbul etmiş Fransa yığmasının və Münhen “Bavariya”sının oyunçusu Frank Riberi 2011-ci ildə klubunun oyun keçirdiyi günlər istisna olmaqla, Ramazanda oruc tutub. Bundesliqanın digər ulduz komandası olan “Hamburq”un üzvü Anis Ben Xatira isə hətta oyun günləri də Allahın buyruğuna əməl edərək oruc tutmağa çalışıb. İsti yay günlərində oruc tutmağın çox yorucu olduğunu nəzərə alan Almaniya müsəlmanlarının Mərkəzi Şurası oruc tutan futbolçulara yardım məqsədilə xüsusi kitabça dərc edib. Şuranın başçısı Ayman Maziyek bildirib ki, futbolçular Ramazanda tutmadıqları günlərin orucunu futbol mövsümü bitdikdən sonra qəza niyyəti ilə tuta bilərlər. 2014-cü ilin yayında Braziliyada keçirilmiş dünya çempionatında 20-yə yaxın müsəlman futbolçu, o cümlədən, Fransanın məşhur oyunçusu Kərim Benzema oruc tutmuşdur.

Milli futbol yığmamızın kapitanı İslamın ona daim dəstək olduğunu deyir...

Milli futbol komandamızın və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov neçə illərdir ibadətlə məşğuldur. Ramazan ayında çox vaxt yarışlarda da orucunu pozmur. Mətbuata açıqlamasında deyir ki, İslam onun peşəkar fəaliyyətinə çox yardımçı olub. “Quranda da ayə var ki, cinləri və insanları yaratdım ki, mənə ibadət etsinlər. Mən də onun əmrini yerinə yetirirəm. Tək peşəkar fəaliyyətimdə yox, bütün həyatımda mənə dəstək olub Düzgün yaşamağı, ata-anaya hörməti, qonşuya, dosta, dövlətə-millətə hörməti öyrədib. Bunların hamısı İslamdan keçir və hamısını bizə öyrədir və daha da möhkəmləndirir”.
Əməkdar həkim idmançıların oruc tutmasına müsbət yanaşır
Uzun müddət "Neftçi"nin, "Xəzər-Lənkəran”ın və Azərbaycan yığmasının baş həkimi olmuş təcrübəli mütəxəssis, əməkdar həkim Boris Xetaqurov futbolçuların oruc tutmasına pis baxmır. “Təcrübəli həkim kimi deyə bilərəm ki, oruc tutmağın futbolçulara tibbi nöqteyi-nəzərdən ciddi ziyanı yoxdur. Düşünmürəm ki, oruc tutmaq futbolçulara mənfi təsir göstərsin. Hər halda, oruc gündüzə təsadüf edir və həmin vaxt oyunçular adəti üzrə çox qidalanmır. Sadəcə, həmin vaxt fiziki hazırlıqda problemlərin yaranmamasına diqqət yetirmək, yükləmələri azaltmaq lazımdır. Futbolçunun oruc vaxtı orqanizmində böyük dəyişiklik olmur, problem yaranmır. Çalışdığım komandalarda oruc tutanlar olub. Hər halda, şəxsən zəngin təcrübəm dövründə bununla bağlı neqativ halla, mənfi təsirlə qarşılamamışam”.

“Ağasəlim Mircavadov oyunçuların oruc tutmasına şərait yaradırdı”

Çox zaman məşqçilər və klub rəhbərliyi Ramazanda futbolçuların oruc tutmasından narazı qalır və bunu orqanizmin zəifləməsi ilə əsaslandırırlar. Ancaq B.Xetaqurov bununla razılaşmır: "Bilirsiniz, bu məsələdə baş məşqçilərdən çox şey asılıdır. O, məşq prosesini elə tənzimləməlidir ki, problem yaranmasın. Təbii ki, oruc tutan futbolçularını ağır yükləmək olmaz. Bu işin öhdəsindən Ağasəlim Mircavadov yaxşı gəlirdi. Onunla elə "Xəzər-Lənkəran"da bunun şahidi olmuşdum. Mircavadov əsl müsəlmandır, dindar insandır, Həccə gedib, hər il oruc tutur. O, proqramına əsaslanıb, Ramazan ayında futbolçuları necə hazırlaşdırmağı yaxşı bilirdi. Mən də həkim kimi futbolçuların qidalanmasına xüsusi fikir verirdim. Onlara axşam oruclarını açan zamanı vitaminlər, kalorisi çox olan, orqanizmi gücləndirən qidalar verirdim".

Oruc tutmaq əzələ itkisinə səbəb olurmu?

Bəs oruc tutmaq əzələ itkisinə səbəb olurmu? Bodibildinq və əzələ yığmaq lazım olan güləş, ağırlıqqaldırma və s. kimi idmanlarda oruc vaxtı formada qalmaq mümkündürmü? Bu idmançıları, əsasən də müsəlman olanları çox maraqlandıran bir mövzudur. “Sportin Azerbayjan” facebook idman liqasının bu mövzuda apardığı araşdırmada maraqlı nəticələr əldə edilib. “Əzələ itkisi qorxusu protein az qəbul elədiyimizə görəmi olur? Yoxsa enerji metobalizması karbohidratları işlətmədiyinə görədir? Əgər gün ərzində 17-18 saat ac qalıb uyğun bir proqramla məşq eləsək, necə nəticə alarıq? İlk öncə orucun insan metobalizmasındakı effektinə baxaq. Müəyyən müddətdə aclığın protein metobalizmasına təsiri olmur. Çünki bədənimiz öncə karbohidratları enerji olaraq işlədir. Bədəndə depolanmış karbohidrat miqdarı bir neçə yüz qramdır və yarım gün ərzində bədənin enerji ehtiyacını qarşılayır. Daha sonra enerji mənbəyi olaraq yağları, piyləri işlətməyə başlayır. Proteinlər bu şəkildə qorunma altında olur və bodibildinq kimi idmanla məşğul olmayan şəxs bir neçə gün protein deposunu işlətmədən ac qala bilir. İdmançılar üçün isə bu miqdar ortalama olaraq 5 gündür. Yəni gün ərzində 17-18 saat ac qalan idmançıda əzələ itkisi olmur. İzmirdə iki alimin oruc tutanlar üzərində apardığı müşahidələr nəticəsində məlum olub ki, orucun serum proteinlərinə heç bir neqativ təsiri yoxdur.

İftarda çox yemək əzələ itkisinə gətirir...

Bəs necə olur ki, 16 saat ac qalan bədəndə əzələ itkisi olmur? Bunu bir idmançının gündəlik rejiminə uyğun aydınlaşdıraq. Əzələ yığmış bir idmançının gün ərzində aktiv hərəkətliliyi azaldıqdan sonra sahurda (səhər yeməyində) qəbul elədiyi keyfiyyətli protein, karbohidrat qan dövranı ilə bədəndə paylanır. Daha sonra qəbul olunan karbohidrat hazır halda enerji məqsədilə işlədilir və günortaya qədər qaraciyərdə depolanmış şəkərlər işlənməyə başlayır. Bu hadisə məşq eləyən idmançılara aiddir. Əks halda şəkərlərn işlədilməsi axşama qədər çatır. Birinci enerji deposu qurtardıqdan sonra leptin hormonları işə düşüb yağları, piyləri enerji olaraq işlətməyə başlayır. Bu hormon bədənimizin müxtəlif bölgələrində yığılmış piyləri enerji olaraq işlədir. Və enerji ilə təmin olunduğuna görə əzələlər qorunmuş olur. Bu əzələlərin qorunması başda proteinlərlə yox, enerji mexanizmi ilə bağlıdır. 17-18 saatlıq aclıq müddətində bədəndəki proteinlərin əsas yığımları əzələlərin anobalik səviyyəsini artırmaqdır. Ac vəziyyətdə beyin siqnalları normaldan iki dəfə daha sürətli və tədbirli işləyir. 10-12 saat aclıqdan sonra qanda normal insülin səviyyəsi 5 İU olur. 
Oruc zamanı axşam ilk qida karbohidratlarla zəngin olmalıdır
Orucluqda axşam yeməyində - iftarda ilk qida çox vacibdir. Mədənizi tam doldursanız, əmin olun ki, əzələləri qorumaqda probleminiz olacaq. Keyfiyyətli qidalar yeməyənlər üçün də belədir. 17 saatdan sonra bədənin istədiyi əsasən enerjidir. Əgər bu ehtiyac yeni qida ilə ödənilməzsə, proteinlər enerji yerinə işlədilər. Və ilk qidada yağların çox işlədilməsi əzələ itkisinə gətirib çıxarır. Bunun qarşısını almaq üçün əzələlərin enerji mənbəyi olan karbohidratları bədənə daxil eləmək lazımdır və bu da sürətlə həzm olunan karbohidrat olmalıdır. Əsas məsələ proteinlərlə, karbohidratları eyni vaxtda yeyib mədəni yormamaqdır. Öncə meyvə, tərəvəz, bir saat sonra da protein, yəni yumurta, toyuq, ət kimi qidalar qəbul eləmək olar. Beləliklə, oruclu idmançıların qida rejimi təxminən belə olmalıdır: Sahurda: öncə protein tərkibli qidalar, bir az sonra isə karbohidrat tərkibli yulaf, qara çörək, kartof yeyilə bilər. Duzdan uzaq durmaq lazımdır. İftarı karbohidratlı qida ilə açmaq lazımdır. 30 dəqiqə sonra isə proteinli qida yeyilə bilər. Bu minvalla 4 dəfə qidalanmaq lazımdır.

Orucun orqanizm üçün 7 faydası

İllərdən bəri aparılmış bir çox araşdırmalara görə də oruc tutmağın ciddi xəstəliyi olmayan bədənə heç bir ziyanı yoxdur. Orucun orqanizmə bir çox faydaları var ki, bunlar idmançılar üçün də çox əhəmiyyətlidir. Əsas faydalar aşağıdakılardır: 
1. Oruc tutmağa başlanılan gündən qan istehsalına stimul verilir. Bu səbəbdən bəzi qan azlığı çəkənlər Ramazan ayında daha asan qan artırırlar, bunu həkim nəzarəti altında rahat görə bilirlər. 2. Oruc vəziyyətdə qaraciyər istirahət elədiyinə görə sümük iliyinin qan istehsal etmək üçün lazım olan maddələri kimi daha yaxşı və sağlam hazırlayır. 3. Oruc xərçəng riskini kifayət qədər azaldır. 4. Normal qaraciyərdə 2-5 % yağ olur. Yağlı qaraciyrələrdə isə bu, 15-50 % ə qədər artır. Oruc düzgün yerinə yetirildikdə qaraciyərə daha az yağ və qlükoza gəlir. Bu səbəbdən qaraciyər yağlanmasının qarşısı alınır. 5. Oruc tutaraq, il ərzində yorulan və xəsarət alan orqan və hüceyrələr bu müddətdə dincəlib özlərini yeniləyirlər. 6. Oruc ürək yağlanmasına da şəfadır. 7. Oruc detoks effekti, yəni orqanizmidəki toksinlərin - zərərli maddələrin təmizlənməsi üçün şərait yaradır.. Aclıqda yağların əriməsiylə birlikdə toksik maddələr də təmizlənmiş olur. Oruc həmçinin təzyiq, dəri problemi, mədə, böyrək xəstəliklərinin də sağalma metodu kimi işlədilir.

Sağlam ruh-sağlam bədən...

“Sağlam bədəndə sağlam ruh olar” - məşhur deyimdir. Ancaq İslama görə, öncə ruh sağlam olmalıdır. Çünki ruh Allaha bağlıdır... Ramazan ayı da məhz ruhun günahlardan təmizlənməsinə aparır və eyni zamanda, orqanizmə bir aylıq “məzuniyyət” verərək onu sağlamlaşdırır. Bu məna da İslam və idman bir-birini tamamlayır. Elə yarışlarda da qələbənin təminatı həm ruhun, həm bədənin sağlamlığıdır... 
Allah bu Ramazanda hər bir kəsin orucunu qəbul etsin! Oruc tutub-tutmamağından asılı olmayaraq, Bakı 2015 I Avropa Oyunlarında iştirak edən hər bir idmançıya, xüsusən Azərbaycan idmançılarına uğurlar diləyirik!

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024