Karusel (29-03-2015, 22:25)
Maşın bazarındakı durğunluğun ƏSL SƏBƏBLƏRİ
“Avtomobil bazarının çökmə ehtimalı yoxdur. Sadəcə, bazarın alış-satış miqyası kiçiləcək”.
Bunu Mediatv.az-a açıqlamasında iqtisadçı ekspertVüqar Bayramov deyib. Vüqar Bayramov son günlər maşın bazarındakı durğunluğun kökünün hələ bir neçə ay əvvələ getdiyini bildirib:
“Maşın bazarındakı durğunluq 2014-cü ilin ortalarından müşahidə olunur. Nəzərə alsaq ki, Avro4 standartlarına keçid ölkəyə nisbətən köhnə avtomobillərin gətirilməsini qadağan etdi. Bu da birmənalı olaraq avtomobil bazarında durğunluğun yaranmasına gətirib çıxardı. Güman edirəm ki, bu durğunluq növbəti aylarda da davam edəcək. Manatın məzənnəsinin aşağı düşməsi maşın bazarındakı süstlüyə yeni bir mərhələ də əlavə etdi. Azərbaycana avtobillər Almaniyadan, Qərbdən, Birləşmiş Ərəb Əmirliklərindən və Asiya ölkələrindən gətirilir. Onların ilkin satış qiymətləri isə avro və dollarla həyata keçirilir. Satışlar manatla həyata keçirilərkən qiymətlərə təsir edir”.
İqtisadçı ekspertin sözlərinə görə, yeni gələn avtomobillərdə satış dəyərinin qalxması ilə yanaşı köhnə avtomobil satışında da azalma müşahidə olunur:
“Bu da Rusiyada yaşanan iqtisadi çətinliklərdən qaynaqlanır. Rusiyada yaşayan azərbaycanlıların da həmin ölkə istehsalı olan avtomobillərdən maddi imkana görə imtina etməsi ilə bağlıdır. Belə ki, onlar Azərbaycana gələrkən özləri ilə köhnə maşınları gətirib burada qohumlarına, tanışlarına münasib qiymətlərə satırdılar. İndi məlum hadisələrdən sonra belə avtomobillərin də ölkəyə gətirilməsində də durğunluq yaşanmaqdadır. Manatın məzənnəsinin düşməsi və Rusiyadakı iqtisadi durğunluq bizim avtomobil bazarına təsir edən əsas amillərdir. Müəyyən zaman lazımdır ki, bazar yeni məzənnəyə və aşağı tələbata uyğunlaşa bilsin. Bu ilin yay aylarına qədər durğunluğun aradan qaldırılması proqnozlaşdırılmır. Yeni idxal olunan avtomobillərin də qiymətləri yüksəlib. Hazırkı vəziyyət isə onların praktiki satışına imkan vermir. Ona görə də növbəti aylarda da maşın bazarında durğunluğun müşahidə olunacağı gözlənilir. Avtomobil bazarının çökmə ehtimalı yoxdur. Sadəcə, bazarın alış-satış miqyası kiçiləcək. Çünki hazırda istismarda olan avtomobillərin də satışı həyata keçirilməkdədir”.