İqtisadiyyat / Slayd (19-11-2014, 19:20)
Deputatın qardaşına məxsus bank çətin vəziyyətdə - Hidayət İbrahimov "KövsərBank"ın səhmlərinin yarısını sata bilər
Azərbaycanın ən qalmaqallı banklarından biri olan "KövsərBank" ilin sonunadək kapitalını lazım olan həddə çatdırmaq ümidini itirməyib. Bu barədə bankın idarə heyətinin sədri Heydər İbrahimov məlumat verib.
Onun sözlərinə görə, bank ilin sonunadək kapitalını AMB-nin tələblərinə uyğunlaşdırmaqda, yəni 50 milyon manata qaldırmaqda qərarlıdır. Xatırladaq ki, bu məqsədlə bankın 38 milyon manatlıq səhmin buraxılması qərara alınıb.
Xatırladaq ki, bu ilin yayında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) bildirmişdi ki, “Kövsər Bank” ASC-nin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 200 manat olan 190 000 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışını dövlət qeydiyyatına alıb. Səhm emissiyası baş tutsa, “KövsərBank”ı n nizamnamə kapitalı 12,02 milyon manatdan 50,02 milyon manata qədər artırılacaqdı. Bu isə Mərkəzi Bankın qoyduğu tələbin yerinə yetirilməsi demək olacaqdı.
Onu da deyək ki, “KövsərBank”ın lisenziyası bu ilin aprel ayında bərpa edilib.
H.İbrahimov bildirib ki, hazırda bankın səhmlərinin kənar səhmdarlara satılması ilə bağlı danışıqlar aparılır. "Danışıqlar həm yerli banklarla, həm də xarici səhmdarlarla aparılır". Bank rəhbəri bildirib ki, artıq dekabrın 17-də bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Toplantının mövzusu nizamnamə kapitalının mühüm hissəsinin satılması və nizamnamədə dəyişiklik olacaq.
Başqa sözlə bankın səhmlərinin yarıdan çoxu kənar investora satıla bilər. H.İbrahimovun sözlərinə görə, bankın bağlanması və ya təşkilati-hüquqi formasının dəyişdirilməsi (yəni bank olmayan krelit təşkilatına çevrilməsi) variantına ümumiyyətlə baxılmır.
Xatırladaq ki, "KövsərBank" 2 dəfə (2001-ci ildə və 2010-cu ildə) məhkəmədə Azərbaycan Mərkəzi Bankına qalib gələrək bank fəaliyyəti lisenziyasını bərpa etmişdi.
AMB-nin 2012-ci il 25 iyul tarixli qərarı bankların məcmu kapitalının 2014-cü il yanvarın 1-dək 5 dəfə (10 milyondan 50 milyonadək) artırılmasını nəzərdə tuturdu. Sonradan bu müddət 2014-cü ilin sonunadək uzadıldı.
“KövsərBank”ın lisenziyası isə 2010-cu ilin sonunda ləğv edilmişdi. Belə qərar minimum məcmu kapitalla bağlı tələblərin yerinə yetirilməməsi, bank qanunvericiliyinin pozulması, eləcə də etibarlı və prudensial qaydada cari fəaliyyətin idarə olunmaması ilə bağlı qəbul edilmişdi.
“Unikal” qeyd etməyi lazım bilir ki, “KövsərBank” deputat Eldar İbrahimovun qardaşına məxsusdur. Daha doğrusu, bankın İdarə Heyətinin sədri Hidayət İbrahimovun adıçəkilən millət vəkilinin qardaşı olduğu bildirilir.
Məsələylə bağlı millət vəkili Eldar İbrahimovun mövqeyini öyrənmək cəhdimiz uğursuz olub. Belə ki, E.İbrahimov əməkdaşımızın sualını eşidən kimi cavab vermədən telefonu qapayıb.