İqtisadiyyat (7-12-2016, 20:10)
Baş bankirin açıqlaması nə vəd edir: Manat sabitləşəcəkmi?
"Yaxın illərdə ölkənin xarici borclanma səviyyəsi sürətlə artacaq".
bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev Mərkəzi Bankın sədri Elman Rüstəmovun açıqlamasına münasibət bildirərkən deyib.
Rövşən Ağayev qeyd edib ki, 2017-ci ilin büdcə müzakirələrində Mərkəzi Bankın rəhbəri xarici borcları qaytarmaq, həmçinin investisiya layihələrini maliyyələşdirmək üçün hökumətin, bankların və başqa subyektlərin valyuta bazarına daxil olmasının problemlər yaratdığını bildirib:
"Onun dediyinə görə, manatın məzənnəsinə əlavə təzyiqdən qaçmaq üçün həmin vəsaitlər üçün ehtiyac olan valyuta kütləsini bazara daxil olmadan əldə etmək lazımdır. Baş bankir bunu necə edəcəklərinin detallarını açıqlamayıb. Sadəcə deyib ki, borclar və investisiya probleminin bazardan kənarda həll olunmasına nail olmaqdan ötrü müəyyən təkliflər hazırlanır".
Necə həll olunacaq bu məsələ?
Ekspertin fikrincə burda bir neçə ehtimal var:
"Birincisi valyuta tələb edən investisiya layihələri (TANAP, Star tipli) üçün istisnasız olaraq yalnız xarici borclanma hesabına həyata keçiriləcək. Məlumdur ki, son 2 ildə həm dövlət büdcəsindən, həm də Neft Fondundan xaricdəki layihələrə böyük həcmli vəsaitlər ayrılır. Manatla ayrılan vəsaitlər isə təbii ki, bazarda xarici valyutaya çevrilərək ölkədən çıxır. Bu ehtimalın gerçəkləşməsi o deməkdri ki, yaxın illərdə ölkənin xarici borclanma səviyyəsi sürətlə artacaq. Lazım olan anda borc tapılmasa, artıq ölkənin valyuta ehtiyatlarından büdcə vasitəsilə ayırmalara ehtiyac olmadan, yəni büdcədənkənar formada istifadə təmin olunacaq".
"İkinici ehtimal budur ki, bank sektorunun, digər şirkətlərin, hökumətin xarici borclarını ödəmək üçün Neft Fondunun likvid vəsaitlərindən istifadə olunacaq. Artıq Beynəlxalq Bankın 1 mlrd. dollar xarici borcunun qaytarılmasında bu variantdan istifadə edildi".
Mexanizm belədir:
"Neft Fondu öz valyuta ehtiyatlarından müəyyən hissəsini uzunmüddətli depozit formasında ölkənin bank sektorunda saxlayır, həmin ehtiyatlardan borcların qaytarılması üçün resurs kimi istifadə olunur. Bu variant isə Fondun aktivlərini perspektivdə əriməsi üçün riskli variantdır. Məsələn, Beynəlxalq Bank 1 illiyə qoyulmuş, amma xarici borca yönəlmiş depoziti gələn il necə qaytaracaq? Fikrimcə qaytara bilməyəcək."..
Rövşən Ağayev bildirib ki, bu variantlar bəlkə doğrudan da manatın məzənnəsini saxlağama kömək edə bilər, amma xarici valyuta sərvətlərimizi qorumağa çətin ki yardım etsin...