İqtisadiyyat (18-11-2016, 12:48)
İpoteka almaq istəyənlərin gəlirinin hesablanması qaydası müəyyənləşdi
Nazirlər Kabineti “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nı təsdiqləyib.
Mediatv.az: Qayda ASC-nin vəsaiti hesabına müvəkkil banklar tərəfindən ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi zamanı borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması ilə bağlı məsələləri tənzimləyir. Aylıq məcmu gəlir borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) aylıq dövr ərzində sabit və sənədlə təsdiq olunan bütün növ gəlirlərinin orta aylıq məbləğinin məcmusudur. Borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması zamanı Azərbaycan ərazisində əldə edilən, həm də onun hüdudlarından kənardakı mənbələrdən daxil olan milli və xarici valyutadakı gəlirləri nəzərə alınır. Borcalanın (borcalanların) aylıq məcmu gəliri hesablanarkən nəzərə alınan gəlir mənbələri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə və alınmış cari transfertlərə bölünür. Gəlir hesablanarkən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, mükafatlar), Əmək Məcəlləsi ilə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı (o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil olmaqla), istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər nəzərə alınır.
Hesablama zamanı nəzərə alınan muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdən ibarətdir. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Vergi Məcəlləsinə əsasən, müəyyənləşir. Bu zaman borcalan (borcalanlar) ən azı son 24 ay müddətində sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır. Sadələşdirilmiş vergi ödəyiciləri üzrə nəzərə alınan aylıq məcmu gəlirin məbləği, gəlir və xərclərin əsaslandırılmış təhlili əlavə olunmaqla, ticarət və istehsal sahələri üzrə ortaaylıq dövriyyənin 20 faizindən, xidmət sahələri üzrə isə 40 faizindən çox ola bilməz.
Qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərə faiz gəliri, dividend, qiymətli kağızlardan əldə olunan gəlirlər, əmlakın icarəyə verilməsindən gəlir və royalti aiddir. Borcalanın (borcalanların) aldığı cari transfertlərə əmək pensiyaları, sosial müavinətlər (birdəfəlik müavinətlər istisna olmaqla), təqaüdlər, sığorta ödənişləri, maddi yardımlar (birdəfəlik maddi yardımlar istisna olmaqla) və aliment aiddir. Gəlirlərin hesablanması zamanı borcalanın gəlirləri ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi üçün tələb olunan aylıq gəlirin ən çoxu 50 faizi həcmində nəzərə alınır. Borcalanın (borcalanların) xarici valyuta ilə əldə olunan gəliri bu gəlirin əldə edildiyi tarixdə Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə müvafiq hesablanır. Borcalanın (borcalanların) gəlirləri həm də vergi, əmək, sığorta, o cümlədən sosial sığorta və bank qanunvericiliyi ilə müəyyən edilmiş təsdiqedici sənədlərə əsasən hesablanır. Əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar ödəniş sənədinə daxil edildiyi ayda, əməkhaqqı, pensiya, müavinət, təqaüd isə hesablandığı dövrün gəlirində nəzərə alınır. Faktiki ödənilən alimentlər borcalanın (borcalanların) məcmu gəlirindən çıxılır, faktiki alınan alimentlər isə borcalanın (borcalanların) məcmu gəlirində nəzərə alınır. Borcalanın (borcalanların) orta aylıq gəliri müraciətindən əvvəlki ardıcıl gələn 12 ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır. Borcalanın (borcalanların) ortaaylıq gəliri hesablanarkən vergi, sosial sığorta haqları və digər məcburi dövlət ödənişləri borcalanın (borcalanların) gəlirindən çıxılır.