Mediatv.az xəbər verir ki, bu haqda “Forex ProFinance Service” (www.forexpf.ru) məlumat yayıb.
Məlumatda deyilir ki, neftin qiymətinin kəskin düşməsi bir sıra milli valyutaların da dəyərdən düşməsinə səbəb olub. Kanada dollarından Norveç kronuna, Qazaxıstan təngəsindən Rusiya rubluna qədər bir çox valyutalar ABŞ dollarına nisbətdə dəyər itirib.
Belə vəziyyətdə mərkəzi banklar fərqli taktikalar tətbiq edirlər. Rusiya Mərkəzi Bankı rublun kursunu sərbəst buraxaraq strateji valyuta ehtiyatlarına dəyən zərbəni yumşalda bilib. Bu, həmçinin Rusiyanın neft şirkətlərinin maliyyə göstəricilərinə də müsbət təsir edib.
Avqust ayında neftin qiyməti 2009-cu ildən bəri ən aşağı həddə düşəndə Qazaxıstan da Rusiyanın nümunəsi ilə gedib. Təngənin kursunu sərbəst buraxıb. Nəticədə qazax milli valyutası bir gündə 30 faizə yaxın dəyər itirib. Sonrakı aylarda da təngənin kursu zəifləməkdə davam edib.
Lakin bütün bu baş verənlərin fonunda Azərbaycan manatının kursu dəyişməz qalıb. Mərkəzi Bank fevral ayında qəfil devalvasiya həyata keçirdi. Bu, ixracın əsas hissəsini neftin təşkil etdiyi ölkəyə baha başa gəldi. Ancaq sonrakı müddətdə Mərkəzi Bank manatın kursunu strateji valyuta ehtiyatlarından bazara intervensiya etməklə sabit saxlayıb.
“Bank of America” qeyd edir ki, Mərkəzi Bank manatın kursunu sabit saxlamaq üçün öz ehtiyatlarının az qala yarısını xərcləyib.
“İndiki situasiyada, neftin qiymətinin düşmə tendensiyasını davam etdirdiyi bir vaxtda bu monetar siyasətin davam etdirilməsi qeyri-real görünür. “Bank of America” hesab edir ki, Azərbaycan manatın kursunu dollara nisbətdə sabit saxlamaq siyasətini yaxın müddət ərzində dəyişməlidir: ya manatı yenidən 30-35 faiz devalvasiyasını həyata keçirməlidir, ya da Rusiya və Qazaxıstan kimi sərbəst üzən məzənnə siyasətini tətbiq etməlidir”- deyə məlumatda bildirilir.
Qeyd edək ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov sərbəst üzən məzənnə və idarəedilən üzən məzənnə siyasətinə keçidin müzakirə olunduğunu, ancaq Azərbaycanda bu siyasətə keçidin hələ mümkün olmadığını bir müddət əvvəl parlament komissiyasındakı müzakirələrdə deyib.
Hələlik Mərkəzi Bank manatın indiki məzənnəsini saxlamaqda qərarlı görünür.
Lakin fakt budur ki, fevral devalvasiyasından sonra yaranan ajiotajın təsiri ilə Mərkəzi Bank manatın yeni kursunu sabit saxlamaq üçün hər ay öz rezervlərindən az qala 1 milyard dollar xərcləməli olub. Nəticədə Mərkəzi Bankın ehtiyatları 7 milyard dollardan da aşağı həddə düşüb. Bu, bir il əvvəlki həcmlə müqayisədə az qala iki dəfə azdır.
Beləliklə, Mərkəzi Bankın həyata keçirdiyi fevral devalvasiyası ehtiyatların qorunub saxlanılması baxımından qətiyyən effekt verməyib. Ehtiyatlar bundan sonra da sürətlə azalmaqda davam edib.
Belə vəziyyətdə Mərkəzi Bankın manatın kursunu daha nə qədər indiki kimi sabit saxlaya biləcəyi sual doğurur. Xüsusən də neftin qiymətinin daha da aşağı düşəcəyinə dair mötəbər analitiklərin proqnozlar verdiyi bir vaxtda...
Bu baxımdan bəzi ekspertlər hesab edir ki, əslində Mərkəzi Bank fevral ayında 34 faizlik devalvasiya həyata keçirməkdənsə Rusiyada olduğu kimi sərbəst üzən məzənnə siyasətinə keçsəydi daha effektiv olardı.
Bu halda ola bilsin ki, manatın kursu 34 faiz yox, daha çox aşağı düşərdi. Ancaq sərbəst bazar milli valyutanın kursunu bir müddətdən sonra tənzimləyəcək və manatın məzənnəsinin kəskin enməsi dayanacaqdı.
Necə ki, Rusiyada Mərkəzi Bank ötən ilin dekabr ayında bu riskli addıma getdi və rubl qısa müddət ərzində iki dəfəyədək dəyərdən düşdü. Ancaq daha sonra ajiotaj səngidi və rubl yenidən dəyər qazanmağa başlayaraq əvvəlki səviyyədə olmasa da indiki səviyyədə (1 dollar=55-60 rubl arası) qərarlaşdı.
Daha sonra Qazaxıstan Mərkəzi Bankı da eyni taktikanı seçdi. Doğrudur, sərbəst üzən məzənnə siyasətinə keçəndən sonra Qazaxıstan hökuməti əmanətçilərin vəsaitlərini qorudu və banklara dəstək üçün müəyyən tədbirlər gördü.
Azərbaycan hökuməti isə təkrar devalvasiyanın, yaxud sərbəst üzən məzənnə siyasətinə keçidin ölkə iqtisadiyyatı, bank sektoru üçün risklərini nəzərə alaraq mümkün olduğu qədər manatı sabit saxlamağa çalışır.
Ancaq valyuta ehtiyatlarının daha çox “əriməsi” bu siyasəti davam etdirməyi çətinləşdirəcək. “Bank of America” da bunu deyir...
“Bank of America”nın bu tövsiyə ilə çıxış etdiyi bir vaxtda Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarının vəziyyətinə dair növbəti aylıq statistikanı yayıb. Məlumata görə, 2015-ci ilin noyabrında Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları oktyabrla müqayisədə 589 milyon dollar (8,62 faiz) - 6 245,6 milyon dollaradək azalıb.
Bu barədə AMB-nin statistik məlumatında deyilir. 2015-ci ilin əvvəlindən AMB-nin valyuta ehtiyatları 7 512,7 milyon dollar (54,6 faiz) azalıb. Valyuta ehiyatlarının azalması ötən ilin iyul ayından müşahidə edilir.
Göründüyü kimi, dollar ajiotajı noyabr ayında da səngiməyib və Mərkəzi Bank ehtiyatlarından daha 589 milyon dollar bazara çıxarmalı olub.