İqtisadiyyat (30-01-2023, 16:39)
Ötən il Qarabağın bərpasına 4,3 milyard manat ayrılıb
Yenidənqurmanın və bərpanın ikinci ilində işğaldan azad olunmuş ərazilərin bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən cəm olaraq 4 milyard 315 milyon manat vəsait ayrılıb.
Mediatv.az xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şəriov ötən ilin yekunlarına həsr olunmuş geniş tərkibdə keçirilən kollegiya iclasında deyib.
Nazir vurğulayıb ki, bu məqsədlər üçün ilkin proqnozlaşdırılan 2 milyard 670 milyon manat vəsait 60%-dən yuxarı artırılıb: “Bu, ötən ilin dövlət büdcəsindəki vəsaitlərin çevik idarəedilməsi hesabına mümkün olub. Ümumilikdə, iki il ərzində işğaldan azad olunmuş ərazilərin təkcə bərpa və yenidənqurulması işləri üçün dövlət büdcəsindən 6,5 milyard manat vəsait maliyyələşdirilib”.
Maliyyə naziri bildirib ki, 2022-ci ilin dövlət büdcəsinin icrası müsbət qiymətləndirilə bilər. Belə ki, dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 1 milyard 463 milyon manat və ya 5% çox icra olunub, proqnozlaşdırılan 32 milyard 304 milyon manat xərclər isə 99,3% səviyyəsində - 240 milyon manat az icra edilib.
Dövlət büdcəsinin kəsri ilkin nəzərdə tutulduğundan 55% az olub.