Azərbaycan millisi növbəti oyununu keçirib.

Mediatv.az  xəbər verir ki, yığmamız DÇ-2022-nin seçmə mərhələsində ikinci matçına çıxıb.

Canni de Byazinin yetirmələri ilk ev qarşılaşmasında Serbiya ilə görüşüb. Bakı Olimpiya Stadionunda keçirilən görüşə A qrupunun lideri kimi çıxan balkanlılar 16-cı dəqiqədə hesabı açıb. Cari tsikldə 4-cü qoluna imza atan Aleksandar Mitroviç komandasını hesabda önə çıxarıb.

Fasilədən sonra yığmamız qonaqların qapısına yol tapıb. Qətərlə görüşdəki kimi bu dəfə də millimiz penaltidən fərqlənib. Emin Mahmudov özü qazandığı 11 metrlik cərimə zərbəsini asanlıqla qola çevirib. Bu, yarımmüdafiəçinin millidə 2-ci qolu olub.

Amma komandamız bu nəticəni qoruya bilməyib. Üç gün öncə Serbiya millisinin tarixinə ən yaxşı bombardir kimi düşən Aleksandar Mitroviç növbəti dublunu gerçəkləşdirib. Forvard tsikldəki 3-cü matçında qol sayını 5-ə çatdırmaqla komandasına da 3 xal qazandırıb.

Seçmə mərhələyə Portuqaliyaya 0:1 hesablı məğlubiyyətlə başlayan yığmamız startda ikinci dəfə uduzub. Millimiz bu yenilgi ilə sonuncu pilləyə yuvarlanıb. Üç gün öncə yoldaşlıq görüşündə Qətərə də uduzan komanda ardıcıl 3-cü məğlubiyyətə üzülüb.

Qeyd edək ki, qrupda turun digər görüşündə Lüksemburq Portuqaliyanı qonaq edəcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.